Rusiyanın müstəqil “Novaya qazeta” nəşri təzyiqlərə görə fəaliyyətini dayandırır

30 ildən çox fəaliyyət göstərən qəzet noyabrın 9-da bağlanacağını açıqlayıb. Redaksiya qərarın Rusiya hakimiyyətinin və xüsusi xidmət orqanlarının təzyiqləri nəticəsində verildiyini bildirir.

Rusiyanın tanınmış müstəqil nəşrlərindən biri olan “Novaya qazeta” fəaliyyətini dayandırdığını elan edib.

Oktyabrın 30-da qəzetin saytında “Bizi öldürdülər” başlıqlı redaksiya bəyanatı dərc olunub.

Bəyanatda bildirilir ki, noyabrın 9-da qəzet Moskvada 30 ilə yaxındır yerləşdiyi redaksiyanı tərk edəcək və serverlərini söndürəcək.

“Noyabrın 9-da 30 il yaşadığımız evin işıqlarını söndürəcək, serverləri bağlayıb gedəcəyik. Artıq qəzet yoxdur. Rusiya hakimiyyəti və xüsusi xidmət orqanları redaksiyanı fəaliyyətini dayandırmağa məcbur etdi”, -bəyanatda deyilir.

Redaksiya bağlanmasının səbəbi kimi uzun illər davam edən təzyiqləri, senzuranı, jurnalistlərə qarşı cinayət təqibini və maliyyə mənbələrinin məhdudlaşdırılmasını göstərir.

Qəzetin məlumatına görə, redaksiyanın yerləşdiyi binadan çıxarılması barədə bildirişlə eyni vaxtda oxuculardan ianə toplamağa imkan verən sistem də bağlanıb. Nəticədə nəşr əsas maliyyə mənbələrindən birini itirib.

“Novaya qazeta” bu addımları əlaqələndirilmiş təzyiq kampaniyasının tərkib hissəsi hesab edir.

Jurnalistlərə qarşı təzyiqlər

Redaksiya xatırladır ki, Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsindən sonra ölkədə senzura sərtləşdirilib, qəzetin internet resursları bloklanıb və mətbəəsi əlindən alınıb.

2022-ci ildə nəşrin media qeydiyyatı ləğv edilib. Redaksiya əməkdaşlarının bir hissəsi ölkəni tərk etmək məcburiyyətində qalıb.

Bəyanatda qəzetin həmtəsisçisi, 2021-ci il Nobel Sülh Mükafatı laureatı Dmitri Muratova hücum edildiyi, Çeçenistanda jurnalist Yelena Milaşinanın oğurlanaraq ağır şəkildə döyüldüyü də xatırladılır.

Nəşrin şef-redaktoru Oleq Roldugin həbs edilib, redaksiya binasında və baş redaktor Sergey Sokolovun mənzilində axtarışlar aparılıb.

2026-cı ilin sentyabrında Rusiya Ədliyyə Nazirliyi “Novaya qazeta”nı “xarici agent” reyestrinə daxil edib. Redaksiyanın məlumatına görə, bu qərar yüzdən çox jurnalist və müəllifə də şamil olunub.

Qəzet bəyanatında Rusiyada söz azadlığının və vətəndaş hüquqlarının məhdudlaşdırıldığını bildirərək baş verənləri dövlət repressiyaları kimi qiymətləndirib.

1993-cü ildən fəaliyyət göstərirdi

“Novaya qazeta” 1993-cü ildə təsis edilib. Nəşr Rusiyada korrupsiya, insan hüquqlarının pozulması, Çeçenistandakı müharibələr və hakimiyyət orqanlarının fəaliyyəti barədə araşdırmaları ilə tanınıb.

Qəzetin bir neçə jurnalisti müxtəlif illərdə qətlə yetirilib. Onların arasında Çeçenistanda insan hüquqlarının pozulması və korrupsiya ilə bağlı araşdırmaları ilə tanınan Anna Politkovskaya da var. O, 2006-cı ildə Moskvada yaşadığı binada güllələnərək öldürülüb.

2021-ci ildə qəzetin o zamankı baş redaktoru Dmitri Muratov ifadə azadlığını müdafiə etdiyinə görə Nobel Sülh Mükafatına layiq görülüb.

Redaksiya fəaliyyətinin dayandırılması barədə bəyanatını belə yekunlaşdırıb:

“Bütün bu illər ərzində məhz bunlar haqqında yazdıq. Bacardığımız qədər. Elə buna görə də bizi öldürdülər”.

“Novaya qazeta” bağlanmazdan əvvəl sonuncu nömrəsini dərc edəcəyini bildirib.

“Novaya qazeta” həmçinin Meydan TV ilə də əməkdaşlıq edirdi. Nəşr Meydan TV-nin “Rusdilli Mediaşəbəkə” layihəsi çərçivəsində uzunmüddətli tərəfdaşlarından biri olub.

Ana səhifə ▸ Xəbərlər ▸ Rusiyanın müstəqil “Novaya qazeta” nəşri təzyiqlərə görə fəaliyyətini dayandırır