Milli Aviasiya Akademiyasında əvvəllər tələbələrə pulsuz verilən geyim formalarının indi pulla satıldığı bildirilir. Bu barədə Akademiyanın bir neçə tələbəsi Meydan TV-yə müraciət edib.
Təhsildən kənarlaşdırılmaq qorxusu ilə adlarının açıqlanmasını istəməyən tələbələrin sözlərinə görə, son iki ayda bir pencək, bir şalvar və bir köynəkdən ibarət forma dəsti üçün 350 manat ödənilməsi tələb olunur.
“Əvvəllər formalar bizə pulsuz verilirdi, indi isə buna görə 350 manat istəyirlər. Əvvəlki dəstlə müqayisədə həm verilən geyimlərin sayı azalıb, həm də tələbələrin üzərinə əlavə xərc qoyulub”, – tələbələrdən biri Meydan TV-yə bildirib.
Tələbələrin sözlərinə görə, ödəniş MilliÖn sistemi vasitəsilə həyata keçirilir. Onlar sistemdə “Təhsil ödənişi” bölməsindən Milli Aviasiya Akademiyasını, daha sonra isə “Geyim forması üçün ödəniş” bölməsini seçərək tələb olunan məlumatları daxil etməli olduqlarını deyirlər.
Tələbələrin narazılıqlarından biri də formanı başqa yerdə tikdirmək imkanının olmamasıdır.
“Formanı başqa yerdə tikdirməyə icazə vermirlər. Deyirlər ki, mütləq Akademiyanın müəyyən etdiyi yerdən almalıyıq. Əvvəllər paqon kimi bəzi elementləri ayrıca almaq mümkün idi. İndi isə yeni formanın sinəsində Akademiyanın emblemi var və onu ayrıca əldə etmək mümkün deyil”, – tələbələrdən biri deyib.
Tələbələr hesab edirlər ki, forma ilə bağlı yeni qaydalar Akademiyaya yeni qəbul olunacaq şəxslərə əvvəlcədən bildirilməli idi. Onların sözlərinə görə, artıq təhsil alan tələbələr üçün bu ödəniş əlavə maddi yük yaradır.
Tələbələr forma ilə bağlı narazılıqlarını ictimailəşdirməkdə çətinlik çəkdiklərini də bildirirlər. Onların sözlərinə görə, məsələni sosial şəbəkələrdə paylaşan tələbələrdən paylaşımlarını silmələri tələb olunur.
Meydan TV Milli Aviasiya Akademiyasına bir neçə gün ard-arda zəng edərək formaların əvvəlki illərdə pulsuz verilib-verilmədiyini, ödənişli sistemə keçidin səbəblərini və 350 manatlıq qiymətin necə müəyyənləşdirildiyini öyrənməyə çalışıb. Akademiyadan həmçinin ödənişin məcburi olub-olmadığı, tələbələrin formanı başqa istehsalçıdan sifariş etmək imkanının niyə məhdudlaşdırıldığı və paylaşımların silinməsi ilə bağlı iddialara münasibət bildirilməsi istənilib.
Lakin yazı dərcə hazırlanarkən Akademiyanın mövqeyini öyrənmək mümkün olmayıb.