Azərbaycanı Zirvə görüşündə xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.
Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşündə iştirak etməyəcək.
Yerli mətbuatın yaydığı məlumata görə, buna səbəb Prezidentin əvvəlcədən planlaşdırılmış tədbirləri və iş qrafikinin sıxlığıdır.
Bildirilir ki, İlham Əliyev oktyabrın 30-da Bakıda keçirilən FIFA U-15 Dünya Çempionatı və Festivalının finalçılarını mükafatlandıracaq. Yarışın final oyunu və rəsmi bağlanış mərasimi həmin gün keçiriləcək.
Dövlət başçısının tapşırığına əsasən, Azərbaycanı TDT-nin Zirvə görüşündə xarici işlər naziri Ceyhun Bayramov təmsil edəcək.
Azərbaycan nümayəndələrinin Zirvə görüşü çərçivəsində təşkil olunacaq digər tədbirlərdə də iştirak edəcəyi bildirilir.
İlham Əliyevin Türkiyədə keçiriləcək Zirvə görüşünə qatılmaması iki ölkə arasında son həftələrdə yaşanan gərginlik fonunda baş verir.
Gərginlik Azərbaycanda hicablı şagirdlərin məktəblərə buraxılmaması ilə bağlı xəbərlərdən sonra başlayıb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral və hakim AKP-nin bəzi deputatları bu məhdudiyyətləri tənqid ediblər. Hakim Yeni Azərbaycan Partiyası isə onların açıqlamalarını ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib.
Oktyabrın 26-da Oktay Saral vəzifəsindən ayrılıb. Türkiyə mətbuatında bunun Bakı ilə Ankara arasındakı gərginliklə əlaqəli olduğu bildirilir. Lakin Əliyevin Zirvə görüşündə iştirak etməməsinin həmin fikir ayrılığı ilə bağlı olduğu rəsmən təsdiqlənməyib.