“Sentral”da üç gün: tualetdə çimmək, xərəkdən düşən cəsəd…

Aynur Elgünəş – İllüstrasiya: Chatgpt

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist, Meydan TV-nin baş redaktoru Aynur Elgünəş saxlanıldığı Bakı İstintaq Təcridxanasından yeni məktub göndərib.

Jurnalist məktubunda səhhətində yaranan ciddi problemlər səbəbindən köçürüldüyü Ədliyyə Nazirliyinin Müalicə Müəssisəsində şahidi olduğu hadisələrdən, məhbusların saxlanma şəraitindən, antisanitariya vəziyyətindən və tibbi xidmətin çatışmazlıqlarından bəhs edir. O, həmçinin həbsdə olan qadınların üzləşdikləri problemləri, onların şikayətlərini və özünün növbəti əməliyyatla bağlı narahatlıqlarını qələmə alıb.

Aynur Elgünəşin məktubunu olduğu kimi, ixtisarsız təqdim edirik:

Ultrasəs müayinəsi zamanı həkimin “böyrəyinlə vidalaşırsan” anonsu məni məhkumlar arasında “Sentral” kimi tanınan Ədliyyə Nazirliyinin Müalicə Mərkəzinə apardı.

Aylar öncə dostum və həmkarım Şəmşad Ağa bu müəssisədən reportaj hazırlamışdı, vəziyyətlə az-çox məlumatlıydım. Ancaq nə deyərlər, yüz oxumaqdansa, bir görmək yaxşıdır…

Bir kisə kartof kimi

Müalicə müəssisəsinə axşamüstü aparıldıq. Mənimlə birgə Bakı İstintaq Təcridxanasının qadın korpusunda saxlanılan məhbuslardan biri də gedirdi. Hərəmizi “voronok”un (məhbusların daşınması üçün istifadə olunan xüsusi avtomobil) bir hissəsinə mindirdilər, yanaşı oturmağa icazə vermədilər.

Yolboyu maşın sürətini artırdıqca, kartof kisəsi kimi ora-bura çırpılmamaq üçün barmaqlarımı dəmir barmaqlıqlara keçirmişdim. Bununla belə, müvazinətimi güclə saxlayırdım. O qədər silkələndim ki, sağ qolum şişdi, bütün gecəni ağrıdı.

Biz müalicə müəssisəsinə çatanda hava qaralmışdı. “Voronok”dan düşüb dəmir darvazadan içəri keçdik. Yaxşı işıqlandırılmış həyət ilk baxışdan adama xoş gəlir. Nədənsə divarboyu güzgülər vurulub, həyətdəki ağaclara işıqlar sarılıb.

Həyətin ortasında içərisində delfin fiquru olan hovuz var. Yerdən tikilmiş bir otağın önünə “Zəfər muzeyi” yazılıb, foto-stend açılıb. Yanında yeməkxana, kiçik evciklər var. Sonradan öyrəndim ki, həmin evciklərdə pullu şəslər qalır. Bizi öncə inzibati binaya apardılar.

Portretə doğru

Ərazidəki bütün tikililər köhnə bir və ya iki mərtəbədən ibarətdir. Həyətin lap başı tərəfində – inzibati binanın yanında ata və oğul Əliyevlərin portreti asılıb. Elə binanın içərisi də Əliyevlərin fotoları ilə bəzədilib. Binada müalicə müəssisəsinin rəisi Mayıl Məmmədovun, baş həkim Baba Fərəcovun, Əməliyyat şöbəsinin rəisi Azər Əliyevin və həkimlərin kabinetləri var.

Bizi Azər Əliyevin otağına apardılar. Orta yaşlı, nurani çöhrəli məmurdur. Binanın özü kimi kabinetindəki əşyalar da nimdaşdır. Divanda oturmağımızı təklif etdi. Çirkdən rəngi itmiş divanda əyləşdik. Üzbəüz divarda İlham Əliyevin portreti asılmışdı.

Azər Əliyev tünd sarı rəngli zərfləri açıb şəxsi işimizlə tanış olmağa başladı. Öncə mənim sənədlərimi vərəqlədi. Elə ilk səhifələrin birində mənim və tanımadığım bir qadının fotosu olan vərəq vardı.

Şöbə rəisi vərəqdə yazılanları oxuyub, “Hımm, ötən il Aysel Feyzullayeva ilə konflikt yaşamısan”, – dedi. Məəttəl qaldım.

Həbs olunduğum gündən bəri saxlanıldığım heç bir yerdə bu adda adam olmayıb. İki gün Xətai Rayon Polis İdarəsinin müvəqqəti saxlama məntəqəsində kamerada tək saxlanılmışam, sonra da Bakı İstintaq Təcridxanasının (BİT) Tibbi-sanitar hissəsinə gətirilmişəm və nəinki mənimlə belə bir qadın qalmayıb, heç “sançast”da bu adda adam olmayıb.

O zaman bu yalan məlumat niyə şəxsi işimə tikilib? Məqsəd məni problemli adam kimi göstərməkdirsə, bunun daha asan və yayğın yolu var: hansısa qadın məhbus məni təxribata çəkə və həqiqi problem yarada bilərdi.

Belə saxta məlumatlarla nə gərək vardı, hələ də anlamamışam. Yeri gəlmişkən, BİT-ə döndükdən sonra rəis Elmar İsmayılovdan bu barədə soruşdum, araşdıracağını dedi.

A. Əliyevə belə bir adamı tanımadığımı söylədim. Söhbət zamanı gözüm qarşı divarda üzüyuxarı qalxan  tarakana sataşdı. Ard-arda düzülmüş iki tarakan divarboyu qalxıb portretin çərçivəsinə girdi. Stolun üstündə də tarakan vardı. Daha biri şkafın içinə girməyə çalışırdı.

Fikrimin böcəklərdə qaldığını görən Azər Əliyev “heç bilmərəm, tarakanlar bura necə daraşıb”, – dedi və bizi qadın korpusuna aparması üçün əməkdaşa göstəriş verdi.

18 nəfərlik cəhənnəm

“Cərrahiyyə korpusu”nun yanından bloka girib ikinci mərtəbəyə qalxdıq. Qırmızı dəmir qapının kənarında “qadın korpusu” yazılmış lövhə vurulmuşdu.

Başımı qaldırıb tavana baxdım. Tavan qopmuşdu, çürük taxtalar görünürdü. İçəri keçdik və bir anlıq mənə elə gəldi ki, kimsə arxamdan itələyib qaranlıq quyuya saldı.

Sidik qoxuyan ensiz dəhlizin ortasına üç çarpayı qoyulmuşdu. İkisində yaşlı qadınlar uzanmışdı. Nə yastıqları vardı, nə də yataq üzləri. Rəngi itmiş nazik döşəklərin üstündə yanaki uzanmışdılar. Bir çarpayının isə üstü boş idi, deyəsən yeni gətirilmişdi.

Dəhlizin sol tərəfində həkim, nəzarətçi otaqları və iki palata yerləşirdi. Sağ tərəfdə isə iynə otağı, kiçik mətbəx və ayaqyolu vardı. Korpusun ümumi sahəsi heç 100 kvadratmetr olmazdı. Dəhlizdəki çarpayılara toxunmadan hərəkət etmək mümkün deyildi. Məni ikinci palataya yönləndirdilər, digər qadına isə dəhlizdəki boş çarpayını göstərdilər.

Palataya girəndə heyrətdən dondum. 25-30 kv.m-lik otaqda 6 çarpayı və bir ikimərtəbəli “koyka” yerləşdirilmişdi. Çarpayılar bir-birinə o qədər yaxın idi ki, arasında dayanmağa yer yoxdu.

“Koyka”da mərtəbələr qaynaq edilmişdi, həmin qaynaq yeri də paslanmışdı. “Koyka” divara söykənsə də, toxunanda yellənirdi.

Mənə alt çarpayını göstərdilər. Təsərrüfat işçisi üzərinə döşək atdı, “işlənməmiş döşəkdir”, – deyə vurğuladı da. Başqa heç nə. Nə yastıq vardı, nə də yataq üzü.

Normal xəstəxanaya getdiyini düşünüb yataq dəsti aparmamışdım. Burada yatmayacağımı deyib yastıq və yataq dəsti tələb etdim. Haradansa divan yastığı tapıb gətirdilər. Mənimlə gələn qadın yorğan üzü və adyal verdi, yastıq qarışıq döşəyi onlarla sarıdım.

Otağın tavanı aşağı idi, hər tərəfdən çirk tökülürdü. Öyrəndim ki, müəssisə 1924-cü ildə tikilib. Deyəsən, elə çarpayılar da o vaxt alınmışdı. Ensiz köhnə çarpayıları uşaqlığımda görmüşdüm, indi heç bir xəstəxanada rast gəlinməz.

Yellənən “koyka”da oturdum. Qadınlar zarafatla “İkinci mərtəbədə uzanmış xəstəyə “tərpənmə, çarpayın düşər bu yazığın başına”, – dedilər.

Gerçəklik payı çox idi, paslı qaynaq hər an qopa bilərdi. Üst çarpayının bir-birinə keçirilmiş tordan mismar kimi dəmirlər sallanırdı. Düşündüm ki, qaynaq qopsa, çarpayıdan öncə bu dəmirlər bədənimə batıb məni öldürəcək.

Otaqdakı qadınların ikisi süd vəzi xərçəngindən, biri bronxial astmadan, digəri mədə xorasından əziyyət çəkirdi. Üç nəfər isə komissiyadan keçməyə gəlmişdi. Cəzanın yarısı çəkiləndən sonra “xəstəliyi cəza çəkməyə imkan vermir” diaqnozunu almağa ümidli idilər.

Digər palatada isə 7 nəfər saxlanılırdı. Onların vəziyyəti daha ağır idi. Aralarında dializə bağlı, hər iki gözünü itirmiş, kəskin bronxial astmadan əziyyət çəkənlər vardı.

Ümumilikdə 18 qadın bu cəhənnəm kimi yerdə qalmağa məcbur buraxılmışdı. Vəziyyətə dözməyib saxlanıldığı müəssisəyə qayıtmaq istəyən təkcə mən deyildim.

Mənimlə birgə “Sentral”a gələn qadın, eləcə də qadın həbsxanasından gəlmiş 20 yaşlı bir gənc də geri dönüş üçün müalicədən imtina ərizəsi yazdı.

Tualetdə çimmək

Otaqlarda xəstələr bir-birinə bitişik yatsalar da, şöbə müdiri və nəzarətçi üçün ayrıca otaqlar var. Həmin otaqlardan gün ərzində heç bir saat istifadə olunmurdu.

Mətbəx adlanan kiçik otağa iki soyuducu, su kranı və üstünə plitə qoyulmuş stol yerləşdirilib. Kimsə yemək bişirsə, yazıq qab yusa, başqasının gəlişi sıxlıq yaradar. Yəni eyni anda 3 nəfərin mətbəxdə olması hərəkəti iflic edər.

Xəstələr yeməklərini, çayı yatağının üstündə yeyib-içirdi. Otaqda tər, siqaret, sarımsaq qarışıq qoxu vardı. Hava soyuq olsa da, qoxu səbəbindən pəncərə daim açıq qalırdı.

Ayaqyolunun yeri təmir olunduğu hiss edilir. BİT-dən üstün tərəfi daimi suyunun olmasıdır. “Ariston” vasitəsi ilə isti su da var. Gündə iki dəfə çimmək mümkündür. Ancaq çimmək üçün ayrıca yer yoxdur. İki kabinə var. Birində unitaz, digərində yerdən tualetdir. Elə ora da duş quraşdırılıb, qadınlar tualetdə çimir.

Gəzinti yeri

Kişi məhbuslara müəssisənin həyətində çox rast gəlinir, qadınlar isə dəmir qapılı xüsusi sahəyə aparılır. O qədər də geniş olmayan torpaq sahəsinin bir tərəfi əkin üçün nəzərdə tutulub, məftillə ayrılıb.

İki saatlıq da olsa, açıq havada olmaq adamın stresini bir az azaldır. Üstəlik yer ot, çayırla əhatələnib. Ancaq gəzinti yerində gəzmək üçün imkan yoxdur, sadəcə oturacaqda əyləşib ətrafı – yəni divarı seyr edə bilirsən.

Bir də BİT-dəki kimi göy üzü dəmir barmaqlıqla əhatələnməyib. Yerdə qoyun qığına rast gəlinsə də, ətrafda heyvan yox idi.

İsti münasibət, gizli dəhliz

Oktyabrın 19-da təkrar qan analizi verdik. Sonra adını bilmədiyim həkimin qəbuluna apardılar. Problemlə maraqlanıb USM və kardioqramma müayinəsinə göndərildik.

Müayinə otaqları “güzgülü divarlar”ın arxasında yerləşir. Kiçik dəhliz və üç otaq var. Dəhlizin küncündən zibil qab kimi istifadə olunub, qanlı, çirkli tənziflər, bintdən hazırlanmış tamponlar qalaqlanıb. Hər tərəfdən antisanitariya püskürür. Lap Bakının arxa məhəllələrini qapadan bəzəkli divarları xatırladır o güzgülər…

USM mütəxəssisinin iş üslubunu bəyəndim. Əmrah adlı həkim BİT-ə gələn mütəxəssisdən fərqli olaraq başdansovdu davranmadı, müayinəni dəqiqliklə apardı, şübhə duyduğu hissəni təkrar yoxladı.

Kardioqrammanı çəkən tibb bacısından da narazı qalmadım. Sadəcə heç bir otaqda bədənimizə vurulan geli təmizləmək üçün salfet yox idi.

Ədalət naminə deyim ki, istər Penitensiar Xidmətin əməkdaşlarından, istərsə də tibb heyətindən özümə qarşı kobud münasibət görmədim. Əksinə, həm cərrah, həm də baş həkim Baba Fərəcov müalicə mərkəzində qalıb bütün müayinələrdən keçməyim, əməliyyata buradan getməyim üçün israr etdilər.

Bu cür antisanitariya vəziyyətində qala bilməyəcəyimi, məcburi saxlasalar, yeməkdən imtina edəcəyimi söylədim. Bunu tərtib etdikləri akta yazdılar, imzaladım.

Müəssisənin rəisi Mayıl Məmmədov da qalıb əməliyyata buradan getməyimi məsləhət gördü, qadınlar üçün başqa yer aça bilmədiklərini, yer olmadığını söylədi.

Dedi ki, heç vaxt korpusda bu qədər qadın olmayıb, indi “mənim bəxtimdən” çoxu müayinəyə gəlib.

Yalnız qadın korpusunun həkimi Səadət xanım narazılığıma illərlə qulağımızı yağır edən şablon cavab verdi: “Olan budur, dövlətlə dövlətçilik etmək olmaz. Kim bəyənmirsə, ərizə yazıb getsin”.

Elə pasientlər arasında da etirazıma təəccüblənib “məhkumuq da, başqa nə şərait olsun?” deyənlər tapıldı.

Ancaq hər kəsin ləyaqətli davranışı haqq etdiyini söyləyib, onları buna layiq olduqlarına inandıra bildim.

Cəsəd yerə düşdü

Palataların pəncərələri cərrahiyyə korpusunun qarşısına – həyətə baxır. Oktyabrın 19-da səhər qadınlardan bir neçəsi pəncərə önündə dayanıb bayıra baxırdı.

Qəflətən qışqırıq qopdu, pəncərəyə doğru qaçdıq. Yerdə əynində yalnız bez olan kişi cəsədi vardı. Həyatını itirmiş məhkumu təkərli xərəkdə apararkən təkər daşa ilişib və cəsəd yerə düşüb.

Sanitarlar heç nə olmamış, sanki yerə düşən kiminsə atası, qardaşı, oğlu deyil də, hansısa yorğan-döşəkmiş kimi cəsədi təkrar götürüb xərəyə qoydular.

Gördüyüm mənzərədən şoka düşmüşdüm. Saata baxdım, 9:55-i göstərirdi. Gün ərzində əsas mövzumuz bu oldu.

Uzun müddət burada müalicə alan qadınlardan biri dedi ki, bu, onun üçün adi haldır:

“Burada az qala hər gün məhbus ölür. Həbsxanalarda səhv diaqnozlar, gecikdirilmələr məhkumların həyatına son qoyur. Ölüm o qədər adiləşib ki, artıq həkimlər sanitarlara “gecə kimsə öləndə bizi çağırmayın, elə üstünü örtün, qalsın. Səhər gəlib rəy verəcəyik ki, indi ölüb”, – deyir. Sanitarların cəsədin düşməsinə adi hal kimi baxması normaldır, hər gün qarşılaşa bilirlər”.

Məhkumlar deyir ki, müalicə müəssisəsinə artıq iş-işdən keçəndən sonra göndərilir, bürokratik əngəllər zaman alır. Xüsusiylə laqeydlik, insan həyatının ucuz tutulması cəza çəkən şəxslərin ən böyük dərdidir.

“2024-cü ildən bura gəlib-gedirəm. Yeni gələndə burada bir qadın intihar etdi, səbəbini də yazıb yastığının altına qoymuşdu. Həkimlər prokurorluğa çatmasın deyə o məktubu cırıb atdı, ölümü xəstəliklə əlaqələndirdilər”, – başqa bir qadın danışdı.

Müayinələr üçün növbə gözləyəndə birdən bir az aralıda dayanmış kişi məhkumlar arasında da eyni mövzunun müzakirə edildiyini eşitdim.

Orta yaşlı kişi danışırdı ki, saxlanıldığı cəzaçəkmə müəssisəsindən “Sentral”a gəlmək üçün gərək həkimləri öləcəyinə inandırasan.

“Pulu olan hər yerdə yaşıl işıqdır, yazıq olan bizik. Heç kim üçün lazım deyilik. Lap acından öl, yenə həkimlər istədiyi rəyi yazacaq. Onlar rəy yazandan sonra prokurorluq da heç nə edə bilmir, elə işi o rəyə uyğun bağlayır”.

Bu deyilənlər mənə “Papanin” hospitalında baş verənləri xatırlatdı. Görünür, güc strukturlarının tabeliyindəki müalicə müəssisələrinin hamısında ölən xəstələrə münasibət eynidir.

Ölümə aparan yol

Kəskin astma-bronxitdən əziyyət çəkən Təranə adlı məhkum bu vəziyyətə düşməsində qadın həbsxanasının baş həkimi Aliyə Fərmanovanın rolu olduğunu düşünür:

“Aliyə xanım heç kimə vaxtında müalicə üçün şərait yaratmır. Həbsxana müxtəlif şiş xəstəliklərindən əziyyət çəkən qadınlarla doludur. Nə qədər qadında süd vəzinin xərçəngi xəstəliyinin əlamətləri var. Heç kimə vaxtında diaqnoz qoyulmur. Məhkumlar yalnız ölüm ayağında bura gətirilir”.

Məhkum dərman qıtlığından da gileylənir: “Heç bir müəssisədə dərman yoxdur. Burada xəstəliyi görəliyimi ancaq ‘Baralgin’dir. Yazılan reseptləri ailələrə göndəririk”.

Digər qadın da dərmansızlıqdan şikayətçidir: “Ağrıkəsicidən başqa heç nə görmürük”.

Onun da əsas narazılığı Aliyə Fərmanovadır. Deyir ki, baş həkimin həyat yoldaşı Tibb Baş İdarəsində inspektor işləyir, Fərman Fərmanov, narkotik aludəçilərinə nəzarət edir. Baş həkim də ərinə güvənərək istədiyini edir: “Həftədə bir dəfə qəbul keçirir, onda da kefi istəyəni qəbul edir, yalnız özünə yaxın, ona yaltaqlanan adamların problemini həll edir. Etiraz edəndə də deyir ki, get kimə istəyirsən şikayət elə, mənim heç kimdən qorxum yoxdur. Heç kim məni qoyub sizin sözünüzü deməz”.

Süd vəzi xərçəngindən əziyyət çəkən qadınlardan biri də Xəzangüldür. Qadınlar danışır ki, ilk kimyaterapiyanı həbsxananın keçmiş rəisi Elgiz İsmayılovun maddi dəstəyi ilə alıb. İndi növbəti terapiyanı keçməlidir, ancaq bunun maddi imkanı çatmır.

“Xəzangülə deyiblər ki, get həbsxanadan pul topla gətir. Biz də istədik yığışıb dəstək olaq, qoymadı. Deyir: ‘Mən heç bir məhkumdan pul almaram, özlərini güclə dolandıran adamlar niyə mənə xərc çəksinlər?’”

“Çox qürurludur, heç kimə borclu qalmaq istəmir. Elgiz müəllim başqa adam idi. Vaqif İsmayılov qadın düşmənidir, heç birimizin həyatı onun üçün önəmli deyil”, – qadınlardan biri gileylənir.

Xəzangülün sinəsindən qan gəlir. Nə zaman kimyaterapiya olunacağını bilmir. Üstəlik korpusdakı antisanitariya şəraitindən çox iyrənir, elə hey qadınlara irad tutur, təmizlik yaratmağa çalışır.

Öyrəndim ki, həbsə düşməzdən öncə qadın sığınacaqlarından birində qalırmış. Ümid edirəm bu sətirləri oxuyan həssas insanlar onun həyatına etinasız qalmayacaqlar.

Eyni xəstəlikdən pakistanlı qadın da əziyyət çəkir. Ölkəsindən harasa narkotik maddə aparan qadın Azərbaycandan tranzit kimi istifadə edib və elə burada da yaxalanıb.

Bunun özü deyir. Burada qaldığı bir neçə ildə Azərbaycan dilini də öyrənib. Onun müalicə xərclərini isə səfirliyin qarşıladığını deyir.

“Pakistan hökuməti burada həbsdə olan vətəndaşının qayğısına qalır, biz isə öz vətəndaşımızı taleyin ümidinə buraxmışıq”, – güclə nəfəs alan məhkum kədərlə söyləyir.

Onlara problemləri işıqlandıracağımı dedim. Bir nəticəsi olacağına inanmırlar:

“Bura çox böyük adamlar gəlib. Ombudsman, nazir müavini, xaricilər… Heç biri kömək edə bilmədi. İllərdir deyirlər, guya bura söküləcək, yenisi tikiləcək, heç nə olmur”.

102 yaşlı müəssisənin yenidən qurulacağı xəbərini yetkililərdən də eşitdim. Sabah nə olacaq bilmirəm, fakt odur ki, bu gün xəstə məhkumlar müalicə adıyla üz tutduqları yerdə səfalətlə üzləşirlər.

Yenə əməliyyat

Mənə gəlincə, son diaqnoza görə böyrəyimdə 18 mm daş var, el diliylə desək, kasanın ortasındadır, hər an kanal yolunu bağlaya bilər.

Nəticədə böyrəyim genişlənib, bir az da xəsarət alıb. Yəni, növbəti, sayca 17-ci əməliyyat qaçılmazdır.

Ümid edirəm əməliyyat sayına görə rekordlar kitabına düşməyəcəyəm.

Həkimlər əməliyyatın çətinliyinə görə budəfəkini riskli hesab edir. Müalicə müəssisəsində bu proses həyata keçirilmir.

Mənə söz verildiyi kimi, əməliyyatı özəl klinikalardan birində həyata keçirəcəklər və sonra BİT-ə dönəcəyəm. Heç bir halda “Sentral”a getmək istəmirəm.

Nə etmək olar, hər şeyə rəğmən yaşamaq gözəldir…

Aynur Elgünəş

Ana səhifə ▸ Xəbərlər ▸ “Sentral”da üç gün: tualetdə çimmək, xərəkdən düşən cəsəd…