Həbsdə olan jurnalist Osman Rzayev saxlanıldığı Şəki Penitensiar Müəssisəsində məhbusların saxlanma şəraiti, maddi təminatı və müəssisə rəhbərliyinin fəaliyyəti ilə bağlı şikayət məktubu yazıb.
O, məktubunda məhbuslardan müxtəlif xidmətlər üçün pul alındığını, şikayət məktublarına maneələr yaradıldığını və hüquqlarını tələb edən şəxslərin cəzalandırıldığını bildirir.
Osman Rzayev oktyabrın 20-də bir sıra rəsmi şəxslərə, o cümlədən ədliyyə naziri Fərid Əhmədova, baş prokuror Kamran Əliyevə və Dövlət təhlükəsizliyi xidmətinin rəisi Əli Nağıyevə ünvanladığı şikayət ərizəsinin surətini Meydan TV-yə göndərərək ictimailəşdirilməsini istəyib.
Jurnalist müraciətində müəssisədəki nöqsanların araşdırılmasını, məsul şəxslərin müəyyənləşdirilməsini və cəzalandırılmasını, eləcə də öz hüquqlarının və təhlükəsizliyinin təmin olunmasını tələb edir.
Qida və gigiyena təminatından şikayət
Osman Rzayevin sözlərinə görə, müəssisədə məhbuslara ayrılan ərzaq mənimsənilir, onların yeməyinin keyfiyyəti isə əməkdaşlara verilən yeməklə müqayisədə aşağıdır.
“Dustaqlara qidalanma və digər maddi təminat yarıtmaz haldadır. Ayrılan ərzağın talanması və mənimsənilməsi hiss olunduğu kimi, dustaqlara bişirilən yeməyin keyfiyyətinin rejim əməkdaşlarına bişiriləndən qat-qat aşağı olduğu danılmazdır”, – jurnalist yazır.
O, gigiyena vasitələrinin məhbuslara ildə bir dəfə verildiyini, hamam və su təminatında problemlər olduğunu bildirir: “Sanitariya və gigiyena qaydalarına da riayət olunmur. Dustaqlara gigiyenik vasitələr ildə bir dəfə formal olaraq verilir. Hamam və su təminatı axsadılır. Birinci korpusun birinci mərtəbəsində ümumi istifadədə olan “Polair” markalı soyuducu iki ildən çoxdur ki, işləmir. Bununla bağlı dəfələrlə müəssisə rəisi Fərhad Hüseynova məlumat versəm də, soyuducunu sənədlərdə saz və yararlı göstərərək yuxarı rəhbərliyə yanlış məlumat verir”.
Jurnalist təmir və yenilənmə işlərinin də məhbuslardan yığılan pullar hesabına aparıldığını iddia edir.
“Kameralar, istirahət otaqları, yataq dəstləri və bütün növ əmlak predmetləri yalnız məhkumlardan yığılan pullar hesabına təmir etdirilir və ya yenilənir”, – o yazır.
Osman Rzayevin iddiasına görə, məhbusların otaqlar və mərtəbələr arasında köçürülməsi də rüşvətlə müşayiət olunur.
Narkotik dövriyyəsi və qumar oyunları iddiası
Jurnalist müəssisədə məhbuslar arasında narkotik vasitələrin qanunsuz dövriyyəsinin və istifadəsinin geniş yayıldığını, rəhbərliyin isə qumar oyunlarına göz yumduğunu iddia edir.
“Məhkumlar arasında narkotik vasitələrin qanunsuz dövriyyəsi və istifadəsi tüğyan edir, qumara rəhbərlik nədənsə göz yumur”, – Rzayev şikayətində qeyd edir.
O, müəssisədə bəzi xidmətlər üçün ödəniş alındığını da bildirir. Jurnalistin sözlərinə görə, kompüterdən istifadənin bir saatı 1-2 manata başa gəlir, əlavə 15 dəqiqəlik telefon danışığı üçün isə 1 manat alınır.
Rzayev çayxana və dükanlarda satılan məhsulların qiymətlərinin yüksək olduğunu, bu satışların müəssisə rəhbərliyi üçün gəlir mənbəyinə çevrildiyini iddia edir. O, kompüterlərə nəzarətin rəis müavini Elçin Cəfərovda olduğunu yazır.
Jurnalist uzunmüddətli görüş otaqları ilə bağlı da iddia irəli sürür. Onun sözlərinə görə, 2 və 5 nömrəli otaqlarda isti su olduğu halda, digər otaqlarda bu şərait yaradılmır və həmin otaqlar məhkumların ailələrinə üç gün üçün 50 manata verilir.
Şikayət məktubları senzura əsasında göndərilir
Osman Rzayev yazır ki, müəssisədəki nöqsanları dilə gətirdiyinə görə onun şəxsi işinə aid sənədlər saxtalaşdırılıb, barəsində töhmət və xəbərdarlıqlar verilib, özü isə cəza təcridxanasına salınıb.
“Təkcə 2025-ci ilin may ayında saxta töhmətlərə, xəbərdarlıqlara layiq görülmüşəm, bir neçə dəfə susdurulmaq üçün əsas olmadan cəza təcridxanasına salınmışam. Hədə-qorxuya tuş gələrək üzümü və saçımı vaxtsız infeksion avadanlıqlarla zorla qırxdıqlarına görə Hepatit-C virusuna yoluxdurulmuşam”, – o yazır.
Rzayev dəstə rəisi Emin İsmayılovu onun barəsində xəbərsiz şəkildə mənfi xarakteristika hazırlamaq məqsədilə sənədləşmə aparmaqda ittiham edir. O, Penitensiar Xidmətin daxili təhqiqat əməkdaşlarının da şikayətlərini lazımi qaydada araşdırılmadığını bildirir.
“Yazılan şikayət məktubları rəis heyətinin özünüqoruma senzurası əsasında göndərilir. Ombudsmanı belə saya salan yoxdur. Haqqını tələb etmək istəyənlər isə mənim kimi şərlənərək “karser”ə salınır, hədə-qorxuya məruz qalırlar”, – jurnalist qeyd edir.
Osman Rzayev məhkumların şərti olaraq vaxtından əvvəl azadlığa buraxılması və məntəqə tipli cəzaçəkmə müəssisələrinə keçirilməsi ilə bağlı rəylərin hazırlanmasında şəffaflığın olmadığını iddia edir.
Onun sözlərinə görə, bu rəyləri hazırlayan komissiyanın tərkibi və qərarvermə meyarları məhkumlara açıqlanmır. Jurnalist müraciətində Ədliyyə Nazirliyinin kollegiyasının 2025-ci il fevralın 18-də qəbul etdiyi qərarla yaradılan komissiyanın fəaliyyəti barədə də məlumat verilməsini istəyir.
Osman Rzayev şikayətlərinin araşdırılması üçün ədalətli komissiya yaradılmasını, şəxsi işinin yoxlanılmasını və barəsindəki qərarlar haqqında ona rəsmi məlumat verilməsini istəyir. O, həmçinin hüquqlarının və təhlükəsizliyinin təmin olunmasını, müəssisə rəhbərliyinin ona qarşı münasibətinin araşdırılmasını tələb edir.
Osman Rzayev 2022-ci il iyulun 5-də həbs edilib. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 2024-cü il yanvarın 25-də çıxardığı hökmlə Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi – hədə-qorxu ilə tələb etmənin təkrar törədilməsi – üzrə təqsirli bilinərək 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Rzayev ittihamı qəbul etmir və həbsini jurnalist fəaliyyəti ilə əlaqələndirir.
Jurnalistin iddiaları ilə bağlı Meydan TV Penitensiar Xidmətə sorğu göndərib. Yazı çapa hazırlanan vaxtadək sorğu cavablandırılmayıb. Cavab verilərsə, materiala əlavə olunacaq.