Norveç Helsinki Komitəsi Aynur Elgünəşin dərhal azadlığa buraxılmasını tələb edir

Aynur Elgünəş

Təşkilat xəbərdarlıq edir ki, jurnalistin həbsdə saxlanılması onun sağlamlığı və həyatı üçün ciddi təhlükə yaradır.

Norveç Helsinki Komitəsi (Norwegian Helsinki Committee) həbsdə olan Meydan TV-nin baş redaktoru Aynur Elgünəşin səhhətinin ağırlaşması ilə bağlı bəyanat yayıb. Təşkilat Azərbaycan hakimiyyətini jurnalisti tibbi və humanitar əsaslarla dərhal azad etməyə çağırıb.

Komitə paylaşdığı açıqlamada 51 yaşlı jurnalistin fiziki məhdudiyyətlərinin olduğunu, indiyədək çoxsaylı cərrahi əməliyyatlar keçirdiyini və mütəmadi, ixtisaslaşmış tibbi yardıma ehtiyac duyduğunu bildirib.

Təşkilatın məlumatına görə, vəkilləri və ailə üzvləri Aynur Elgünəşin səhhətinin son həftələrdə daha da pisləşdiyini, böyrəyindəki ciddi problemə görə təcili əməliyyata ehtiyacı olduğunu bildirirlər.

Norveç Helsinki Komitəsi jurnalistin səhhətindəki problemlərə baxmayaraq, Bakı məhkəməsinin oktyabrın 26-da onun ev dustaqlığına buraxılması barədə vəsatəti rədd etməsinə də diqqət çəkib.

“Aynurun həbsdə saxlanılması onun sağlamlığını və həyatını ciddi risk altında qoyur. Azərbaycan hakimiyyəti onun həyatını qorumağa və ehtiyac duyduğu tibbi yardımı almasını təmin etməyə məsuliyyət daşıyır. Ona qarşı hansı ittihamların irəli sürülməsindən asılı olmayaraq, sağlamlığı və həyatı hər şeydən üstün tutulmalıdır”, – təşkilatın bəyanatında deyilir.

Komitə Meydan TV-nin baş redaktoruna qarşı irəli sürülən ittihamların siyasi motivli olduğunu hesab edir. Təşkilatın fikrincə, bu iş Azərbaycanda hakimiyyəti tənqid edən müstəqil jurnalistləri susdurmaq üçün cinayət təqibindən istifadə olunması ilə bağlı ciddi narahatlıq yaradır.

Aynur Elgünəşi tibbi və humanitar əsaslarla dərhal azad etməyə çağırırıq ki, təcili ehtiyac duyduğu ixtisaslaşmış müalicəni ala bilsin. Daha çox gecikmə onun sağlamlığı üçün geri dönməz nəticələrə səbəb ola bilər. Çox gec olmadan Aynur Elgünəşi azad edin!” – Norveç Helsinki Komitəsi bəyanatında vurğulayıb.

Aynur Elgünəşin səhhəti ilə bağlı nə məlumdur?

Meydan TV-nin baş redaktoru oktyabrın 18-də səhhətinin pisləşməsi səbəbindən Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülüb.

Vəkillərinin məlumatına görə, jurnalistin böyrəyində 18 millimetrlik daş aşkarlanıb və ona təcili əməliyyat tövsiyə edilib. Elgünəş indiyədək 17 dəfə cərrahi əməliyyat keçirib. O, II qrup əlilliyi olan şəxsdir.

Oktyabrın 26-da vəkil Elçin Sadıqov jurnalistin səhhətinin gündən-günə pisləşdiyini, qan təzyiqinin tez-tez dəyişdiyini və bədənində qançırlar yarandığını bildirib. Həmin gün Bakı Ağır Cinayətlər Məhkəməsi onun ev dustaqlığına buraxılması barədə vəsatəti təmin etməyib.

Bundan əvvəl, oktyabrın 21-də Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) da jurnalistin tibbi əsaslarla azadlığa buraxılmasını tələb etmişdi.

Aynur Elgünəş 2024-cü il dekabrın 6-dan həbsdədir. “Meydan TV işi” üzrə ümumilikdə 12 nəfər məhkəmə qarşısına çıxarılıb. Jurnalistlər qaçaqmalçılıq və digər cinayətlərdə ittiham olunurlar.

Onlar ittihamları qəbul etmir, həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

Ana səhifə ▸ Xəbərlər ▸ Norveç Helsinki Komitəsi Aynur Elgünəşin dərhal azadlığa buraxılmasını tələb edir