Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi türkiyəli jurnalist İstanbulda saxlanılıb

Muhammed Emin Yıldırım – Foto: turkishpost.com.tr

Azərbaycanın “arzuolunmaz şəxs” elan edərək ölkəyə girişini qadağan etdiyi Türkiyənin “Köklü Değişim Medya” media qurumunun İstanbul təmsilçisi Muhammed Emin Yıldırım İstanbulda saxlanılıb.

Bu barədə media qurumu oktyabrın 26-da məlumat yayıb. Bildirilib ki, Yıldırım sosial şəbəkə paylaşımlarına görə İstanbul Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. Media qurumu onun vəkili vasitəsilə hüquqi prosesi izlədiyini açıqlayıb. İstintaqın təfərrüatları barədə hələlik məlumat verilməyib.

Oktyabrın 21-də Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Muhammed Emin Yıldırım da daxil olmaqla, 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan edərək onların ölkəyə girişini qadağan edib.

Nazirlik qərarı həmin şəxslərin sosial şəbəkələrdə Azərbaycanın suverenliyinə, milli təhlükəsizliyinə və konstitusiya quruluşuna qarşı açıqlamalar verməsi ilə əsaslandırıb. Lakin qadağaya səbəb olan konkret paylaşımlar açıqlanmayıb. Siyahıda jurnalistlərlə yanaşı, siyasətçilər, akademiklər və yazarlar da yer alıb.

Qərar Türkiyədən Azərbaycanda məktəblərdə hicabın məhdudlaşdırılması ilə bağlı səslənən tənqidlər fonunda qəbul edilib.

Bundan əvvəl Azərbaycandakı hicab məhdudiyyətlərini tənqid edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Oktay Saral da vəzifəsindən azad edilib.

Ana səhifə ▸ Xəbərlər ▸ Azərbaycanın “arzuolunmaz şəxs” elan etdiyi türkiyəli jurnalist İstanbulda saxlanılıb