Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Suraxanı rayon şöbəsinin üzvü Layiq Rəşidova 10 sutka inzibati həbs cəzası verilib.
Bu barədə Meydan TV-yə AXCP-nin Nərimanov Rayon şöbəsinin sədr müavini Gülnarə Rəhimova məlumat verib.
Gülnarə Rəhimovanın sözlərinə görə, kombi ustası işləyən Layiq Rəşidov oktyabrın 26-da Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində yerləşən evlərdən birinə kombi təmiri üçün gedib.
O, evdə təmir işləri apararkən qapı döyülüb. Qapını açan ev sahibinə mülki geyimli dörd nəfər yaxınlaşaraq həyətdəki avtomobilin ona məxsus olub-olmadığını soruşub. Ev sahibi avtomobilin kombi ustasına aid olduğunu bildirib.
Gülnarə Rəhimovanın dediyinə görə, həmin şəxslər avtomobilə zərər vurduqlarını, sürtdüklərini deyərək ustanın aşağı düşməsini və ondan üzr istəmək istədiklərini bildiriblər. Layiq Rəşidov bu bəhanə ilə qapıya çıxanda həmin şəxslər onu aparıblar.
Hadisə Suraxanı rayonunun Qaraçuxur qəsəbəsində baş versə də, Layiq Rəşidov Xətai Rayonunun 35-ci Polis Bölməsinə aparılıb.
Partiya üzvünün sözlərinə görə, Layiq Rəşidova sosial şəbəkələrdəki paylaşımlarına görə İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə 10 sutka inzibati həbs cəzası verilib.
Həmin maddə internetdə və ya informasiya-telekommunikasiya şəbəkəsində qanunla yayılması qadağan edilən məlumatların yerləşdirilməsi ilə bağlıdır. Maddəyə əsasən, fiziki şəxslər 500 manatdan 1000 manatadək cərimə edilə bilər. Qanunvericilikdə nəzərdə tutulan hallarda bir ayadək inzibati həbs də tətbiq oluna bilər.
Hələlik partiyanın bu açıqlamasını rəsmi qurumlardan dəqiqləşdirmək mümkün olmayıb.
Layiq Rəşidov iki gün əvvəl “Facebook” səhifəsində partiyanın həbsdə olan rəhbər şəxsləri ilə bağlı paylaşım etmişdi.
Son illər AXCP üzvləri müxtəlif vaxtlarda inzibati qaydada həbs ediliblər. Hazırda partiyanın təxminən 20 üzvü uzunmüddətli həbsdədir. Onların arasında AXCP sədri Əli Kərimli də var.
Partiya həbsdə olan üzvlərinin siyasi sifarişlə həbs edildiyini bildirir.
Hüquq müdafiəçilərinin hazırladığı son siyahıya əsasən, hazırda Azərbaycanda 322 siyasi məhbus var. Rəsmi qurumlar isə ölkədə siyasi fəaliyyətə görə həbslərin olması ilə bağlı iddiaları, bir qayda olaraq, əsassız sayır və şəxslərin konkret hüquq pozuntularına görə məsuliyyətə cəlb olunduğunu bildirirlər.