Jurnalist ittiham aktının və məhkəməyə hazırlıq üçün topladığı qeydlərin əlindən alındığını, hicabla bağlı yazılarına görə cəzalandırıldığını deyir.
Oktyabrın 26-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə növbəti məhkəmə iclası keçirilib. Prosesdə şahidlərin dindirilməsi nəzərdə tutulsa da, bu, baş tutmayıb.
Buna səbəb təqsirləndirilən jurnalistlərdən Nurlan Librenin (Qəhrəmanlı) istintaq təcridxanasında sənədlərinin əlindən alındığını və müdafiə hüququnun pozulduğunu bildirməsi olub.
Hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən iclasda çağırılan şahidlərin məhkəməyə gəldiyi açıqlanıb. Lakin Nurlan Libre sənədləri əlində olmadığına görə şahidlərə sual verə bilməyəcəyini söyləyərək onların dindirilməsinə etiraz edib.
Jurnalistin sözlərinə görə, oktyabrın 18-də Bakı İstintaq Təcridxanasında saxlandığı kamerada axtarış aparılıb, ittiham aktı və məhkəməyə hazırlıq üçün topladığı qeydlər də daxil olmaqla, bütün sənədləri götürülüb.
Nurlan Libre iddia edib ki, sənədlərinin alınmasından sonra təcridxana rəisi Elnur İsmayılovun otağında fiziki zorakılığa məruz qalıb:
“İstintaq təcridxanasının rəisi Elnur İsmayılovun sifarişi ilə qaldığım kamerada ‘şmon’ elədilər, bütün sənədlərimi götürdülər – ittiham aktını, qeydlərimi. Sonra da Elnur İsmayılovun otağında zorakılığa məruz qaldım. Vəkilim haqqında küçə qadınına yaraşan ifadələr işlətdilər, mən də dözmədim, o ifadələri qaytardım. Ona görə döydülər”.
Jurnalist bildirib ki, bundan sonra üç gün cərimə kamerasında (“kars”) saxlanılıb. Onun sözlərinə görə, kamera yoldaşı da cəzalandırılıb və beton döşəmənin üzərində yatmağa məcbur edilib.
“Adını qoydular ki, guya “şmona” maneçilik törətmişəm, ona görə kars cəzası veriblər. Amma yalan idi. Hicabla bağlı yazdıqlarıma görə cəzalandırırdılar”, – Nurlan Libre əlavə edib.
O, sənədləri qaytarılmadan özünü məhkəmədə müdafiə edə bilməyəcəyini deyərək prosesin təxirə salınmasını istəyib.
Məhkəmədə iştirak edən bir neçə vəkil də sənədlərin əlindən alınmasının təqsirləndirilən şəxsin müdafiə hüququna təsir etdiyini bildirib.
Xəyalə Ağayeva: “Məhkəmənin qərarı icra olunmur”
Prosesdə həbsdə olan digər jurnalist Xəyalə Ağayeva da məhkəmə qərarının icra edilməməsinə etirazını bildirib.
O xatırladıb ki, bir neçə ay əvvəl həbsdə olduğu müddətdə nikaha daxil olmasına icazə verilməsi ilə bağlı vəsatəti məhkəmə tərəfindən təmin edilib. Lakin jurnalistin sözlərinə görə, həmin qərar indiyədək icra olunmayıb.
“Məhkəmə olaraq, siz mənim nikah bağlamaq barədə vəsatətimi təmin etmişdiniz. Lakin ASAN Xidmət qərarı icra eləmir”, – Xəyalə Ağayeva bildirib.
Hakim Zaur Hacıyev məhkəmənin bu barədə qərar qəbul etdiyini təsdiqləyib. O qeyd edib ki, vəkil həmin qərar əsasında ASAN Xidmətə müraciət edə bilər.
“Meydan TV işi” üzrə növbəti məhkəmə iclası noyabrın 2-nə təyin olunub.
İş barədə tarixçə
“Meydan TV işi” üzrə ilk həbslər 2024-cü il dekabrın 6-da başlayıb. Həmin gün Meydan TV-nin bir neçə əməkdaşı saxlanılıb. Sonrakı aylarda iş üzrə başqa jurnalistlər də həbs ediliblər.
Hazırda iş üzrə 12 nəfər məhkəmə qarşısına çıxarılıb.
Onların arasında Meydan TV-nin baş redaktoru Aynur Elgünəş, əməkdaşları Aysel Ümüdova, Natiq Cavadlı, Aytac Əhmədova, Xəyalə Ağayeva və Ramin Deko, “arqument.az” saytının rəhbəri və redaktor Şəmşad Ağa, Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirov, fotojurnalist Əhməd Muxtar, “Amerikanın səsi” radiosunun əməkdaşı Ülviyyə Əli (Quliyeva), jurnalistlər Nurlan Libre və Fatimə Mövlamlı var.
Jurnalistlərə qarşı əvvəlcə qaçaqmalçılıq ittihamı irəli sürülüb, sonradan ittihamlar ağırlaşdırılıb.
Onlar ittihamları qəbul etmir, həbslərinin jurnalist fəaliyyətləri ilə əlaqəli olduğunu bildirirlər.
Jurnalistlər Azərbaycan hökumətində korrupsiya və digər qanunsuzluqlar barədə araşdırmalarına və tənqidi materiallarına görə cəzalandırıldıqlarını deyirlər.