Ərdoğan Bakının tələbi ilə baş müşavirini vəzifədən azad edib

Oktay Saral – Foto: Chatgpt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan oktyabrın 25-də baş müşaviri Oktay Saralı vəzifəsindən azad edib.

“Middle East Eye” nəşrinin məlumatına görə, qərar Azərbaycanla hicab məsələsi ətrafında yaranmış gərginliyi azaltmaq və Prezident İlham Əliyevin Türk Dövlətləri Təşkilatının sammitində iştirakını təmin etmək məqsədi daşıyır.

Saral vəzifədən azad edildiyini təsdiqləyib. “Prezidentin qərarına tam hörmətlə yanaşıram”, – o, “Middle East Eye”yə bildirib.

Nəşrin yazdığına görə, Bakının Ankara qarşısında qoyduğu tələblərdən biri Saralın vəzifədən çıxarılması olub. Azərbaycan tərəfi, həmçinin Prezident İlham Əliyevi sosial şəbəkələrdə tənqid edən şəxslərin cinayət məsuliyyətinə cəlb olunmasını tələb edib.

Gərginlik sentyabrda Azərbaycanda dövlət məktəblərində şagirdlərin geyim qaydaları ətrafında yaranıb. Sentyabrın 21-də Azərbaycan Nazirlər Kabineti məktəbli forması ilə bağlı qaydalara dəyişiklik edib. Qərar Türkiyədə etirazlara və Azərbaycanın ünvanına tənqidlərə səbəb olub.

Həmin vaxt Saral “X” platformasında qərarı tənqid edərək Bakını onu yenidən nəzərdən keçirməyə çağırıb.

“Təhsil hüququ ideoloji müdaxilələrə qurban verilməməlidir. Azərbaycanın bu yanlış addımdan tezliklə geri dönəcəyinə ümid edirik. Gənclərin gələcəyinə əngəl törətmək yox, onların yolunu açmaq lazımdır”, – Saral yazıb.

Onun açıqlaması Azərbaycanda narazılıqla qarşılanıb. Hakim Yeni Azərbaycan Partiyası (YAP) Saralın çıxışını “populist və məsuliyyətsiz” adlandırıb, Ankaranı İslam dünyasında hegemonluq meyllərindən çəkinməyə çağırıb.

“Middle East Eye” yazır ki, Ankara oktyabrın 30-da Türkiyədə keçiriləcək Türk Dövlətləri Təşkilatının sammitində İlham Əliyevin iştirakına nail olmağa çalışır. Oktyabrın 22-də iki prezidentin telefon danışığı zamanı Ərdoğan Əliyevi sammitə dəvət edib. Lakin tərəflərin açıqlamalarında Azərbaycan prezidentinin tədbirdə iştirak edib-etməyəcəyi bildirilməyib.

Baş verənlər fonunda Azərbaycan Baş Prokurorluğu oktyabrın 19-da Türkiyədə yaşayan yeddi nəfərin dövlət hakimiyyətinin zorla ələ keçirilməsinə açıq çağırışlar və dini zəmində nifrətin qızışdırılması ittihamları ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyini, barələrində qiyabi həbs qərarı çıxarıldığını və beynəlxalq axtarış elan edildiyini açıqlayıb.

Oktyabrın 21-də isə Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyənin 31 vətəndaşının “arzuolunmaz şəxslər” siyahısına daxil edildiyini və onların Azərbaycana girişinə qadağa qoyulduğunu bildirib. Nazirlik qərarı həmin şəxslərin sosial şəbəkələrdə Azərbaycan dövlətinin suverenliyi və konstitusiya quruluşuna qarşı çağırışları, eləcə də dini zəmində nifrəti təşviq edən paylaşımları ilə əsaslandırıb.

Ana səhifə ▸ Xəbərlər ▸ Ərdoğan Bakının tələbi ilə baş müşavirini vəzifədən azad edib