Politoloq Ərəstun Oruclu Meydan TV-yə Azərbaycan-Türkiyə münasibətlərində son günlər yaranan gərginliyin səbəbləri və mümkün nəticələrini şərh edib. Onun fikrincə, Bakı ilə Ankara arasında fikir ayrılıqlarının əsas səbəblərindən biri Azərbaycanın İsraillə yaxınlaşmasıdır:
– Ərəstun bəy, son günlər Türkiyə ilə Azərbaycan arasında yaranan gərginliyin əsas səbəbi sizcə nədir?
– Türkiyə-Azərbaycan münasibətlərində yaşanan gərginlik nə İslamla, nə də dini dəyərlərlə hər hansı bir əlaqəsi yoxdur. Bu amillərdən sadəcə bəhanə kimi, xüsusilə də rəsmi Bakı tərəfindən təxribat faktoru kimi istifadə olunur. Amma şəxsi amili də istisna etmirəm. Çünki bir qayda olaraq görmüşük ki, Azərbaycan tərəfinin xarici ölkələrə reaksiyası kəskin olduqda, bunun arxasında mütləq hansısa şəxsi səbəb dayanır. İlham Əliyev bütün məsələlərə şəxsi baxış bucağından yanaşır. Bununla belə, düşünürəm ki, budəfəki gərginlik daha çox siyasi mahiyyət daşıyır. Bu, Azərbaycanın öz qonşularından uzaqlaşaraq daha çox Təl-Əviv-Vaşinqton xəttinə üstünlük vermək istəyindən irəli gəlir. Hazırda belə bir meyil aydın görünür.
– Siz bu gərginliyi Azərbaycanın xarici siyasət kursu ilə əlaqələndirirsiniz. Türkiyədə isə Azərbaycan hakimiyyətinin həm hicab siyasətinə, həm də İsraillə münasibətlərinə yönələn tənqidlər səslənir. Bu tənqidlər nə dərəcədə siyasi xarakter daşıyır? Ankara ilə Bakı arasında bu məsələlərdə real fikir ayrılığı olduğunu demək olarmı?
– Bunlar ayrı-ayrı məsələlərdir və icazə verin, onları ayrı-ayrılıqda nəzərdən keçirək. Hicab siyasəti elə bir mövzudur ki, bu, Ədalət və İnkişaf Partiyasının (AKP) əsas dəyər məsələlərindən biri olub. Türkiyədə uzun müddət hicab mövzusu ətrafında kəskin siyasi proseslər cərəyan edib, ciddi problemlər və ağrılı bir dövr yaşanıb. Buna görə də Türkiyə hökuməti, bugünkü AKP hakimiyyəti bu məsələyə reaksiya verməsəydi, öz elektoratı qarşısında, əlbəttə ki, mənfi mövqeyə düşərdi. Əslində, ilk reaksiya AKP hakimiyyətindən gəlmədi. Proses Türkiyədə sosial media üzərindən başladı, jurnalistlər və ayrı-ayrı şəxslər səviyyəsində etirazlar səsləndirildi. Yalnız sonradan AKP rəhbərliyindən hökumət səviyyəsində deyil, məhz partiyada Ərdoğanın müşaviri olan Oktay Saraldan reaksiya gəldi. İsrail məsələsinə gəlincə, bəli, burada problemlər ciddidir. Bunlar sırf siyasi problemlərdir. Çünki istər Cənubi Qafqazda, istər Yaxın Şərqdə, istərsə də Şərqi Aralıq dənizində Türkiyə ilə İsrail arasında çox ciddi rəqabət gedir. İsrail faktiki olaraq bölgədə əsas söz sahibinə çevrilmək istəyir. Türkiyə isə hesab edir ki, əsas söz sahibi özü olmalıdır. Çünki onun həm mənəvi haqqı, həm tarixi səbəbləri, həm də hərbi potensialı İsraildən daha üstündür. Təbii ki, Türkiyənin Qəzzada baş verən soyqırıma ağrılı reaksiyası da burada mühüm rol oynayır.
Bilirik ki, bu problemlər artıq neçə vaxtdır davam edir. Şübhəsiz ki, İsrail Azərbaycan və Cənubi Qafqaz üzərindən Mərkəzi Asiyaya – Türkiyənin xarici siyasətində əsas vektorlardan biri olan regiona nüfuz etməyə çalışır və buna nail də olur. Bu məsələdə tərəflər arasında kifayət qədər kəskin ziddiyyətlər mövcuddur. Həmçinin bəllidir ki, Azərbaycan hakimiyyəti İsraillə çox yaxındır, bəlkə də ABŞ-dən sonra İsrailə ən yaxın olan ölkə məhz Azərbaycandır.
– Bu kontekstdə Azərbaycanın 31 Türkiyə vətəndaşını “arzuolunmaz şəxs” elan etməsini necə qiymətləndirirsiniz? Sizcə, bu qərar iki ölkə arasındakı münasibətlərə necə təsir edə bilər?
– Mənim gördüyüm odur ki, İlham Əliyev Türkiyənin Azərbaycandakı nüfuzunu zəiflətməyə çalışır. Burada söhbət hakimiyyətə təsirdən deyil, məhz cəmiyyətdəki roldan gedir. Sosial sorğular aparılmasa da, mövcud mənzərə aydın göstərir ki, 44 günlük müharibədən sonra Azərbaycan xalqı arasında ən populyar ölkə, şübhəsiz ki, Türkiyədir. Bunun dərin tarixi, mədəni və etnik səbəbləri var. Ola bilsin ki, bu faktor İlham Əliyevi narahat edir. Əslində, konfliktin anonsunu o, artıq YAP-ın qurultayında vermişdi. Nədənsə bir çox müşahidəçilər bu məqama diqqət yetirmədilər. İlham Əliyev həmin çıxışında iqtisadi və sosial problemlərə toxunmaqla yanaşı, sətiraltı mənası olan üç siyasi mesaj verdi. Birincisi, o, açıq şəkildə bildirdi ki, bizə heç kim pulsuz dəstək verməyib, hətta silah-sursatı belə dünya bazarının qiymətləri ilə satıblar. Bu fikri eşidən Azərbaycan cəmiyyətinin ağlına gələn ilk ölkə Türkiyə oldu. Halbuki, İlham Əliyev özü dəfələrlə bəyan etmişdi ki, Türkiyənin dəstəyi olmasaydı, Azərbaycan çətin vəziyyətə düşərdi. 44 günlük müharibədən sonra keçirilən Zəfər paradında da o, tribunada Rəcəb Tayyib Ərdoğanla yan-yana dayanmışdı. İndi isə birdən-birə belə bir bəyanatın verilməsi, aydın məsələdir ki, birbaşa Türkiyəyə ünvanlanmışdı. İkincisi, o, həmin çıxışda təhsilin keyfiyyətinin artırılmasının vacibliyini qeyd etdi. Amma İlham Əliyev təhsilin keyfiyyətini artırmaq istəyirsə, bu sahəyə peşəkarları rəhbər təyin etməlidir. Bu gün Azərbaycan təhsilini idarə edənlərin hamısı maklerlər, baqqallar və alverçilərdir, onların təhsillə heç bir əlaqəsi yoxdur. Üçüncü məqam isə vətənpərvərlik hissinin gücləndirilməsi ilə bağlı idi. İlham Əliyev bununla demək istədi ki, Mən Türkiyəyə qarşı mübarizə aparacağam, sizin isə birinci vətəniniz Azərbaycandır. Məhz bu mesaj verildi. Ondan sonra baş verən bütün mübahisələrdə və münaqişələrdə iştirak edən tərəflərə diqqət yetirin, istər Azərbaycan hakimiyyətinə bağlı resurslar, ayrı-ayrı fərdlər, influenserlər, media platformaları, ekspertlər, istərsə də müxalifət partiyası sədri adlandırılan şəxslər olsun, hamısı bu prosesə cəlb olundu. Bu, tamamilə planlı bir iş idi. Bir daha qeyd edirəm, görünən odur ki, İlham Əliyev məhz Türkiyənin Azərbaycan cəmiyyətindəki nüfuzunu və təsirini azaltmaq vəzifəsini öz qarşısına qoyub. Yaxud da onun qarşısında belə bir tapşırıq qoyulub.
– Əvvəllər də Azərbaycan hakimiyyəti ilə xarici ölkələr arasında münasibətlər gərginləşəndə oxşar ritorikanın və təzyiq üsullarının tətbiq olunduğunu görmüşük. Məsələn, Avropa ilə münasibətlər pisləşəndə müstəqil QHT-lər və media nümayəndələri, Rusiya ilə münasibətlər gərginləşəndə “Sputnik” mediası və bir sıra siyasətçilər, İranla gərginlik yarananda isə dini inanclılar hədəfə çevrilirdi. İndi isə eyni taktikanın Türkiyəyə qarşı tətbiq edildiyini görürük. Buradan çıxış etsək, Azərbaycan və Türkiyə sizcə məhz hansı məsələdə anlaşa bilmir?
– Mən düşünürəm ki, bu, tamamilə xarici siyasət kursu məsələsidir. Qeyd etdiyim kimi, Azərbaycanın İsraillə yaxınlaşması baş verir və bu proses çox intensiv, sürətli şəkildə irəliləyir. Hətta Azərbaycan mediasında sadəcə İsraillə bağlı deyil, birbaşa İsrailin resursu hesab edilən şəxslərin Türkiyəni ittiham edən və Azərbaycan hakimiyyətinin mövqeyini müdafiə edən çıxışları oldu. Məsələn, Azərbaycanın ingilisdilli “News.Az” saytında Roman Qureviç adlı bir şəxsin yazısı dərc olundu. Həmin məqaləni oxuyanda gördüm ki, sonradan Azərbaycanda baş verən hadisələr məhz o yazıda verilən direktivlər üzrə cərəyan etdi. Bu da onu göstərir ki, Azərbaycan mediasında İsrailin təsiri birmənalı şəkildə olduqca güclüdür. Qlobal Media Qrupuna daxil olan bütün saytlar və resurslar da İsrailə bağlıdır. Türkiyədə bunu görür və başa düşürlər ki, Azərbaycan Türkiyədən uzaqlaşır. İsraillə Türkiyə arasında münasibətlər elə bir kəskin həddə çatıb ki, Azərbaycan bir növ seçim etmək məcburiyyətində qalıb. Ankara aydın görür ki, Azərbaycan, daha doğrusu, İlham Əliyev və onun ailəsi bu seçimi İsrailin xeyrinə edir. Düşünürəm ki, mövcud konfliktin kökündə məhz bu faktor dayanır. Bəs Türkiyəyə qarşı nə edə biləcəklər? Türkiyənin Azərbaycanda təsir resursları yoxdur. Məsələn, Qərb ölkələrinin zamanında müəyyən QHT-lərə və media resurslarına təsiri var idi, onları tutdular, şərlədilər. İranla münasibətlər gərginləşəndə dindarları, Rusiya ilə münasibətlər gərginləşəndə isə Azərbaycana özlərinin dəvət etdikləri İT mütəxəssislərini həbs etdilər. Türkiyənin isə bu qəbildən olan resursu yoxdur. Türkiyəyə qarşı bu addımları atmaq da kəskin risklidir. Çünki Azərbaycanın da Türkiyədə yetərincə resursları var, orada maliyyələşdirilən lobbiçi şəbəkə, media resursları. Nəhayət, Azərbaycanın 20 milyard dollara yaxın türkiyədə investisiya mövcuddur. Bununla belə, münasibətlərin tamamilə qopacaq həddə çatacağını düşünmürəm. Rəcəb Tayyib Ərdoğanın zəngi sadəcə bir dəvət deyildi. Bu, həm də “prosesi dayandırın” mesajını verən bir xəbərdarlıq idi. Çünki Azərbaycan tərəfindən hakimiyyətin sifarişi ilə Türkiyəyə qarşı, xüsusən də hərbi rəhbərlik səviyyəsində çox iyrənc bir kampaniya aparılırdı. Bəlkə də heç Rusiyaya və İrana qarşı belə kəskin hücumlar edilməmişdi.
– Hazırkı gərginlik bu münasibətlərin gələcəyinə necə təsir edə bilər?
– Bu gərginlik artıq öz təsirini göstərib. Çünki Azərbaycala Türkiyə münasibətləri başqa bütün ölkələrlə müqayisədə bir neçə xüsusi dayağa söykənir. Birincisi, dövlətlərarası münasibətlər. İkincisi, İlham Əliyevlə Rəcəb Tayyib Ərdoğan arasındakı fərdi münasibətlər. Orada müxtəlif maraqlar kəsişir. Məsələn, AKP-yə yaxın olan şirkətlər Azərbaycanda fəaliyyət göstərir. Üçüncüsü isə cəmiyyətlər arasındakı bağlardır. Bu, münasibətlərin ən etibarlı dayağıdır. “Bir millət, iki dövlət” konsepti sadə bir şüar deyil – iki ölkə əhalisi arasındakı münasibətlərin ən azı 120-130 illik dərin tarixi kökləri var. Məhz bu üçüncü seqment zədələndi. Azərbaycanda Türkiyəyə qarşı olan müxtəlif qruplar aktivləşdi və yaranan fürsətdən istifadə etdilər. Onlara faktiki olaraq mesaj verildi ki, artıq Türkiyəni tənqid və təhqir edə, günahlandıra bilərsiniz. Beləliklə, münasibətlərin bu ən vacib dayağına nəzərəçarpan dərəcədə ziyan dəydi.
– Bundan sonra siyasi, strateji müttəfiqlik hansı səviyyədə davam edəcək?
– Bu, bir çox xarici amillərdən asılı olacaq. Məsələn, İsraildəki seçkilərin nəticələri və ABŞ-dəki siyasi vəziyyət burada mühüm rol oynayır. Bu günlərdə amerikalı bir araşdırmaçı kitab dərc etdirərək göstərdi ki, Trampın kürəkəninə Azərbaycan üzərindən böyük məbləğdə pullar köçürülüb. Bu, bizə təəccüblü gəlməməlidir, çünki Azərbaycanın xarici siyasətinin əhəmiyyətli hissəsi lobbiçilik və maliyyə mexanizmləri üzərində qurulub. Proseslərin necə inkişaf edəcəyi bu amillərdən asılıdır. Məsələn, ABŞ-dəki aralıq seçkilərində Respublikaçılar Partiyası qələbə qazanmazsa və Trampın təsiri zəifləyərsə, İlham Əliyev məcbur qalıb ya Rusiyaya, ya da Türkiyəyə tərəf yönələcək.Tam məsuliyyətlə deyirəm, Rusiya və Türkiyə arasında seçim etmək məcburiyyətində qalsa, Əliyev Rusiyanı seçəcək. Çünki hazırkı Azərbaycan hökumətindəki şəxslərin təxminən 70 faizi Rusiyaya, 30 faizi isə İsrailə bağlı insanlardır. O hakimiyyətdə Türkiyəyə bağlı təmsilçilik, demək olar ki, yoxdur.