Vəkil: “Həbsdə olan yeddi nəfərin təcili tibbi yardıma ehtiyacı var”

Həbsdəki jurnalistlər – Foto: Chatgpt

Vəkil Zibeydə Sadıqova penitensiar müəssisələrdə baş verən ölüm hallarını xatırladaraq məhbusların tibbi təminatı ilə bağlı suallar ünvanlayıb.

Azərbaycanda həbsdə saxlanılan jurnalist, siyasətçi və ictimai fəalların səhhətində ciddi problemlər olduğu, onların təcili tibbi yardıma ehtiyac duyduğu bildirilir.

Bu barədə vəkil Zibeydə Sadıqova oktyabrın 21-də sosial şəbəkə hesabında məlumat yayıb.

Vəkil həmin şəxslərin saxlanıldıqları istintaq təcridxanalarında və cəzaçəkmə müəssisələrində lazımi tibbi yardım ala bilmədiklərini bildirib.

Sadıqova səhhətində problemlər olduğunu bildirdiyi şəxslərin adlarını və xəstəliklərini də açıqlayıb:

  • Aynur Elgünəş – şiş və böyrək xəstəlikləri, qan təzyiqinin tez-tez yüksəlməsi;
  • Şəmşad Ağa (Ağayev) – mədə xəstəliyi;
  • Ələsgər Məmmədli – şiş xəstəliyi;
  • Ruslan İzzətli – öd kisəsi xəstəliyi;
  • Fərid İsmayılov – qaraciyər və ürək xəstəlikləri;
  • Ülvi Həsənli – ürək xəstəliyi;
  • Bəhruz Səmədov – dəri ekzeması və psixoloji problemlər.

Vəkilin açıqlamasında diqqət çəkən digər məqam həbsxanalarda qeydə alınan ölüm halları ilə bağlıdır.

Ədliyyə Nazirliyinin açıqladığı statistikaya əsasən, 2026-cı ilin ilk altı ayında penitensiar müəssisələrdə 64 nəfər həyatını itirib. 2025-ci ilin eyni dövründə 85, il ərzində isə ümumilikdə 153 ölüm faktı qeydə alınıb.

Zibeydə Sadıqova bildirib ki, mediada yayılan məlumatlarda bu ölüm halları çox vaxt xəstəliklə əlaqələndirilir. O, ölən məhbusların vaxtında müayinə və müalicə olunub-olunmadığına aydınlıq gətirilməsini istəyib.

“Bu insanların müayinəsi aparılmayıbmı? Bu insanlar hansı xəstəlikdən əziyyət çəkib? Onların ölüm halı hansı müəssisədə qeydə alınıb? Müəssisələrdə saxlanılanlar ayda neçə dəfə müayinə edilir?” – vəkil sual edib.

Son həftələr həbsdə olan jurnalistlərin səhhətinin pisləşməsi ilə bağlı bir neçə məlumat yayılıb.

Oktyabrın 13-də həbsdə olan Meydan TV-nin redaktoru Şəmşad Ağanın səhhətində yaranan problemlərə görə Penitensiar Xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsinə köçürüldüyü məlum olub.

Oktyabrın 18-də isə Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin də müalicə müəssisəsinə köçürüldüyü açıqlanıb. Zibeydə Sadıqovanın sözlərinə görə, jurnalist indiyədək 17 dəfə əməliyyat keçirib və hazırda böyrəyində ciddi problem var.

“Toplum TV”nin həmtəsisçisi Ələsgər Məmmədlinin ailəsi də dəfələrlə onun səhhətinin ağırlaşdığını bildirib. Məmmədli qalxanabənzər vəzindəki şiş, yüksək təzyiq və ürək problemlərindən əziyyət çəkdiyini açıqlayıb.

“AbzasMedia”nın direktoru Ülvi Həsənlinin yaxınları isə avqust ayında onun həbsxanada xəstəliyinə uyğun tibbi yardımla təmin edilmədiyini bildirmişdilər.

Həbsdə olan tədqiqatçı Bəhruz Səmədov sentyabrın 25-də Ali Məhkəmədə keçirilən iclas zamanı özünə xəsarət yetirmişdi. “Amnesty International” onun psixoloji dəstək də daxil olmaqla adekvat tibbi yardıma çıxışının təmin edilməsinə çağırmışdı.

Zibeydə Sadıqovanın son açıqlamasında səsləndirdiyi iddialara Ədliyyə Nazirliyinin və Penitensiar Xidmətin münasibəti hələlik məlum deyil.

Ana səhifə ▸ Xəbərlər ▸ Vəkil: “Həbsdə olan yeddi nəfərin təcili tibbi yardıma ehtiyacı var”