Dövlət Sosial Müdafiə Fondunun Qaze Həsənova ilə əvvəlki illərdə bağladığı icarə müqavilələrini də nəzərə aldıqda ümumi məbləğ 12,9 milyon manata yaxındır.
Dövlət Sosial Müdafiə Fondunun (DSMF) ofis sahələrinin icarəsi üçün keçirdiyi daha iki tenderi Prezident Katibliyinin rəisi, general-polkovnik Bəylər Eyyubovun bacısı qazanıb. Ümumi dəyəri 4 milyon 637 min manat olan hər iki tenderin qalibi Qaze Həsənovadır.
Dövlət satınalmalarının vahid internet portalında oktyabrın 19-da açıqlanan nəticələrə əsasən, DSMF fərdi sahibkar Qaze Həsən qızı Həsənovadan iki mərkəzi filialı üçün ümumilikdə 14 min 800 kvadratmetr ofis sahəsi icarəyə götürməyi planlaşdırır.
Tenderlərdən biri DSMF-nin Təminat Xidməti və Arxiv üzrə Mərkəzi Filialı üçün keçirilib. Fond bu filial üçün 11 min 300 kvadratmetr sahəni 24 aylıq icarəyə götürəcək. İcarənin ümumi dəyəri 2 milyon 690 min 304 manatdır.
Bu isə o deməkdir ki, DSMF həmin ofis üçün Qaze Həsənovaya hər ay 112 min 96 manat ödəyəcək. Bir kvadratmetrin aylıq icarə haqqı 9 manat 92 qəpik təşkil edir.
İkinci tender DSMF-nin Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəsini nəzərdə tutur.
Bu dəfə söhbət 3 min 500 kvadratmetr sahədən gedir. Fond həmin ofisi 36 ay müddətinə icarəyə götürmək üçün 1 milyon 946 min 700 manatlıq təklifi qalib elan edib.
Müqavilə bu məbləğlə bağlanarsa, aylıq icarə haqqı 54 min 75 manat, bir kvadratmetrin aylıq qiyməti isə 15 manat 45 qəpik olacaq.
Beləliklə, DSMF-nin oktyabrda nəticələri açıqlanan iki tenderinin ümumi dəyəri 4 milyon 637 min 4 manat təşkil edir.
DSMF illərdir eyni sahibkardan ofis icarəyə götürür
Qaze Həsənovnın adına DSMF-nin satınalmalarında ilk dəfə rast gəlinmir. Dövlət satınalmalarının portalındakı əvvəlki müqavilələr göstərir ki, Fond ən azı 2020-ci ildən onunla ofis icarəsi üzrə əməkdaşlıq edir.
2020-ci ilin noyabrında DSMF prezident təqaüdü, kompensasiya və digər sosial ödənişlərlə bağlı sənədlərin inventarlaşdırılması və arxivləşdirilməsi üçün Qaze Həsənova ilə 993 min 600 manatlıq icarə müqaviləsi bağlayıb.
2021-ci ildə isə Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filial üçün ofis icarəsinə 556 min 200 manat ayrılıb.
2023-cü ildə bu əməkdaşlığın miqyası daha da böyüyüb. Həmin ilin yanvar və avqust aylarında DSMF-nin keçirdiyi dörd tenderin hamısında Qaze Həsənova qalib olub. Bu satınalmaların ümumi dəyəri 6 milyon 438 min manatdan çox təşkil edib.
Təkcə 2023-cü ilin avqustunda arxiv və maddi-məişət şəraitinin müayinəsi ilə məşğul olan filiallar üçün bağlanmış iki müqavilənin ümumi məbləği 5 milyon 150 min 412 manat olub.
2026-cı ilin yanvarında da DSMF Qaze Həsənova ilə daha iki icarə müqaviləsi bağlayıb. Regionlarla İş üzrə Mərkəzi Filial və Maddi-Məişət Şəraitinin Müayinəsi üzrə Mərkəzi Filial üçün nəzərdə tutulan bu müqavilələrin dəyəri 262 min 650 manat olub.
Satınalma portalındakı məlumatların hesablanması göstərir ki, 2020-ci ildən 2026-cı ilin yanvarınadək DSMF Qaze Həsənova ilə ümumi dəyəri 8 milyon 250 min 597 manat olan səkkiz icarə müqaviləsi bağlayıb.
Oktyabrın 19-da nəticələri açıqlanan daha iki tender də əlavə edildikdə, tərəflər arasında elan olunmuş satınalmaların ümumi dəyəri 12 milyon 887 min 601 manata çatır.
Qaze Həsənova kimdir?
Qaze Həsənova uzun illər Azərbaycan Prezidentinin mühafizə xidmətinə rəhbərlik etmiş, hazırda Prezident Katibliyinin rəisi olan Bəylər Eyyubovun bacısıdır.
Bu qohumluq əlaqəsi Meydan TV və Mikroskop Medianın 2025-ci ilin martında dərc etdikləri birgə araşdırmada üzə çıxarılıb.
Araşdırma əsasən Bəylər Eyyubovun qardaşı, iş adamı Rafiq Həsənovun xaricdəki biznes fəaliyyətinə və daşınmaz əmlakına həsr olunmuşdu.
Jurnalistlər müəyyən etmişdilər ki, Rafiq Həsənov Azərbaycanda bir müddət bacısı Qaze Həsənova ilə eyni ünvanda qeydiyyatda olub. Onun Bəylər Eyyubovla qardaşlığı digər rəsmi sənədlər və ailəyə aid materiallarla da təsdiqlənmişdi.
Həmin araşdırmada Rafiq Həsənovun Çexiya, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya və Rusiyada ümumi dəyəri təxminən 60 milyon dollar olan biznes və daşınmaz əmlakla əlaqəsi üzə çıxarılmışdı. Bu mülklər arasında Praqadakı beşulduzlu hotel, Dubaydakı dəbdəbəli villalar və Londondakı mənzil də var idi.
Qaze Həsənovanın özünün də daşınmaz əmlak sahəsində fəaliyyəti var. Məsələn, 2025-ci ilin dekabrında Daşkəsən rayonunun Xoşbulaq kəndində onun sifarişi ilə tikilmiş doqquz qeyri-yaşayış obyektinin istismarına icazə verilib.