Azərbaycan Rusiyanın “Qazprom” şirkətindən yenidən qaz almaq niyyətindədir.
Rusiyanın “Vedomosti” nəşri xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) vitse-prezidenti Elşad Nəsirov Rusiya Enerji Həftəsi çərçivəsində bildirib.
“Qazprom” kimi nəhəng şirkətlə əməkdaşlığımızın çox düzgün nümunə olduğunu qürurla deyə bilərik”, – deyə Nəsirov qeyd edib.
Onun sözlərinə görə, SOCAR dünyada əvvəlcə “Qazprom”dan qaz alan, daha sonra ona qaz tədarük edən, indi isə yenidən bu şirkətdən qaz almaq istəyən yeganə şirkətdir.
Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı hücumundan sonra ABŞ, Avropa İttifaqı və Böyük Britaniya Rusiyanın bir çox neft-qaz şirkətlərinə, o cümlədən “Qazprom”a qarşı sanksiyalar tətbiq edib. Sanksiyalar fonunda Azərbaycanın 2022-2024-cü illərdə Rusiyadan qaz alması beynəlxalq mediada ciddi müzakirələrə səbəb olmuşdu.
Belə ki, 2022-ci ildə SOCAR ilə “Qazprom” arasında imzalanmış müqaviləyə əsasən, Rusiyadan 1 milyard kubmetrə qədər qaz idxal edilməsi ölkəni bir sıra ittihamlarla üz-üzə qoymuşdu.
Ukrayna Prezidenti Volodimir Zelenski bəzi ölkələrin Rusiyadan qaz almasını, daha sonra isə həmin qazın tranzit etməsi ilə bağlı iradını bildirmişdi. O qeyd etmişdi ki, bu, müharibədən qazanc əldə edərək Rusiyaya pul ötürməyə bərabər addımdır.
Zelenski konkret olaraq Azərbaycanın adını çəkməsə də, dünya mediasında Rusiya qazının başqa mənşə altında satılması ilə bağlı materiallarda Azərbaycanın adı xüsusi vurğulanırdı. Bir sıra nəşrlər rəsmi Bakını Rusiyanın Qərb sanksiyalarından yayınmasına şərait yaratmaqda ittiham edirdilər.
Bunun ardınca 2026-ci ildə Avropa İttifaqı Azərbaycan və Türkiyə üzərindən Avropaya daxil olan qazın Rusiya mənşəli olmadığının rəsmi sənədlərlə sübut edilməsini tələb edən qanunvericilik akti qəbul etdi.
Prezident İlham Əliyev isə səsləndirilən ittihamlara münasibət bildirərək, Rusiyadan 1 milyard kubmetr qaz alınmasına dair sazişin Azərbaycanın daxili tələbatının artması ilə əlaqədar bağlandığını açıqladı:
“Bizdə istehlak artır, əhali artır. Kifayət qədər ehtiyat olmayan vaxtlarda tam gücü ilə işləməyən müəssisələr – metanol zavodu, karbamid zavodu, neft-kimya müəssisələri indi tam gücü ilə işləyir. Təkcə keçən il Azərbaycanda istehsalın və ixracın həcminə nəzər salsaq, görərik ki, biz 22 milyard kubmetr qaz ixrac etmişik və mənim fikrimcə, cəmi 200 və ya 300 milyon kubmetr, yəni bir faiz idxal etmişik. Bu il 24 milyard kubmetr qaz ixrac edəcəyik və həmin 1 milyarddan qalan hissəni idxal edəcəyik”.