İsrail nəşri: Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemi alır

Azərbaycan İsraildən raket sistemi alır – Foto: Chatgpt

İsrailin “Globes” nəşri Azərbaycanın bu ölkənin müdafiə sənayesi şirkətindən raket sistemləri alması barədə məlumat yayıb.

Belə ki, İsrailin müdafiə sənayesi şirkəti “Elbit Systems” Avropadakı müştərilərindən biri ilə 235 milyon dollarlıq müqavilə imzaladığını açıqlayıb.

Şirkət sifarişçinin adını açıqlamasa da, İsrailin “Globes” nəşri mənbələrinə istinadən həmin ölkənin Azərbaycan olduğunu yazır.

Müqavilə İsrail Müdafiə Nazirliyi ilə müştəri ölkənin Müdafiə Nazirliyi arasında hökumətlərarası razılaşma çərçivəsində bağlanıb və üç il ərzində icra olunacaq.

Razılaşmaya əsasən, “Elbit Systems” EXTRA-MR orta mənzilli raketləri, PULS reaktiv yaylım atəş sistemlərini, əlavə raket-artilleriya platformalarını və logistika dəstəyi təqdim edəcək. EXTRA-MR dəqiq idarə olunan raketdir və 80 kilometrədək məsafədəki hədəfləri vurmaq üçün nəzərdə tutulub.

“Globes” yazır ki, bu müqavilə Azərbaycanla İsrailin müdafiə sənayesi sahəsində əməkdaşlığının son dövrdə yenidən genişlənməsi fonunda bağlanıb. Nəşr bir həftə əvvəl İsrailin “Ari Arms” şirkətinin Azərbaycanda M4 tipli silahların istehsalı üçün zavodun fəaliyyətə başladığını da yazmışdı.

Azərbaycan tərəfi 235 milyon dollarlıq müqavilənin məhz Azərbaycana aid olması barədə hələlik rəsmi açıqlama verməyib. 

Nəşrin məlumatına görə, Azərbaycan bundan əvvəl də İsrail istehsalı olan Hermes 900 pilotsuz uçuş aparatları, Barak MX hava hücumundan müdafiə sistemləri və Spike raketlərindən istifadə edib.

Ana səhifə ▸ Xəbərlər ▸ İsrail nəşri: Azərbaycan İsraildən 235 milyon dollarlıq raket sistemi alır