Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbs edilən jurnalistlərdən 79 min manat tələb edir

İllüstrasiya: Meydan TV

Dövlət Vergi Xidməti “MeydanTV işi” üzrə həbsdə olan jurnalistlərdən 79 min manat tələb edir. Bu qurumun nümayəndəsi oktyabrın 12-də məhkəmədə bu tələblə mülki iddia qaldırıb.

“MeydanTV işi” üzrə həbsdə olan 12 nəfərin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Hacıyevin sədrlik etdiyi hakimlər kollegiyası baxır. Təqsirləndirilən jurnalistlərin ifadələri yekunlaşıb və budəfəki məhkəmə iclasından şahidlərin dindirilməsinə başlanıb.

“AzadlıqRadiosu” xəbər verir ki, oktyabrın 12-də şahid ifadələrindən öncə Dövlət Vergi Xidmətinin hüquqşünası Leyla Hüseynova 79 min manatlıq mülki iddianı qaldıranda jurnalistlər də, vəkillər də ondan soruşublar ki, konkret kimdən nə qədər tələb olunur? O isə cavabında bildirib ki, 12 nəfərdən kimin nə qədər ödəməsi əhəmiyyətli deyil, əsas olan toplam 79 min 89 manatın ödənilməsidir:

“Bu məbləğlə bağlı 12 nəfərin arasında bölgü etmək mənim səlahiyyətimdə deyil. Mən mülki iddiada göstərilən məbləği müdafiə edirəm”.

Hüquqşünas bildirib ki, Bakı şəhər Baş Polis İdarəsindən göndərilən materiallar əsasında audit şöbəsi bu məbləği hesablayıb. Onun sözlərinə görə, tələb olunan vergi qrant müqavilələrinə əsaslanır.

“Siz deyirsiniz ki, işdəki qrant müqavilələrinə əsaslanaraq bu məbləğ hesablanıb. Qrant ianə deməkdir. Qanuna görə isə ianələr mənfəət vergisindən azaddır”, – vəkillər belə deyib.

Nümayəndə isə bu məsələnin ona aidiyyəti olmadığını, Dövlət Vergi Xidmətinin tələbini müdafiə etdiyini vurğulayıb.

Ardından şahidlərin dindirilməsi mərhələsi başlayıb. Məhkəmədə məlum olub ki, çağrılan şahidlərdən ikisi – Ülviyyə Məmmədova və Fərəh Əliyeva teleqram göndəriblər. Onlar teleqramda istintaqdakı ifadələrini təsdiqlədiklərini yazıblar.

Ramin Deko. İllüstrasiya: Meydan TV

“Heç bir kilometr getməmişdik, yol polisi saxladı”

Təqsirləndirilən jurnalistlərdən Ramin Cəbrayılzadə (Deko) 2024-cü il dekabrın 6-da Gürcüstandan qayıdarkən Bakıda hava limanında taksiyə əyləşib və bir qədər gedəndən sonra saxlanılıb. Cinayət işində iddia olunur ki, saxlanılarkən jurnalistdən 38 min avro pul tapılıb.

Məhkəmədə həmin taksi sürücüsü Mirpaşa Həşimov şahid kimi dindirilib. O bildirib ki, aeroportda bir müştərini düşürüb, gələn sifariş əsasında başqa müştəri götürüb. Bu müştəri də R.Deko olub:

“Aeroportdan çıxıb heç bir kilometr getməmişdik, yol polisi saxladı. Arxadan qara rəngli başqa maşın gəldi, içindən 7 polis düşdü. Axtarış apardılar…”.

Sürücünün sözlərinə görə, 30 min avronu çamadandan çıxarıblar, 8 min avronu isə jurnalistin əl çantasından.

M.Həşimov R.Dekonun suallarını cavablandırarkən təsdiqləyib ki, onları saxlayandan 10 dəqiqə sonra çəkiliş başlayıb. Həmin müddət ərzində nələr baş verməsi barədə soruşulduqda isə “yadımda deyil” deməklə kifayətlənib.

R.Deko özü isə bu məsələyə belə aydınlıq gətirib:

“Həqiqətən yol polisi saxladı, sürücü dedi ki, “yəqin 100 manat cəriməm var, ona görədir”. Dərhal qara “Vita” gəldi. Üç nəfər sürücünü apardı, nəsə dedi, dörd nəfər isə məni zorakılıqla aparıb “Vita”nın içinə basdılar. Sürücüdən açarı alıb, yük yerindən çantanı götürdülər. Orada 10 dəqiqə işlərini görüb qurtarandan sonra çəkilişə başladılar”.

Jurnalist vurğulayıb ki, əl çantasını könüllü təhvil verib və içində 8 min avro pul olub. Yük çantasından çıxdığı iddia edilən 30 mini isə bura polislər özləri yerləşdiriblər.

Çəkiliş zamanı R.Deko 30 min avronu da özünə məxsus olduğunu söyləyib. Jurnalist bu ifadəsini təzyiq altında olması ilə izah edib.

“Meydan TV işi” haqqında

Meydan TV-nin baş redaktoru Aynur Qənbərova (Elgünəş), jurnalistlər Ramin Cəbrayılzadə (Deko), Aysel Umudova, Aytac Tapdıq (Əhmədova), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyəti fəalı Ülvi Tahirov 2024-cü il dekabrın 6-da həbs ediliblər.

Onlara qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilən qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

2025-ci il fevralın 5-də Meydan TV-nin redaktoru Şəmşad Ağayev (Ağa), fevralın 20-də müstəqil jurnalist Nurlan Qəhrəmanlı (Libre), fevralın 28-də jurnalist Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar eyni cinayət işi çərçivəsində həbs olunublar.

Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb. Təqsirləndirilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin yeddi maddəsi ilə ittiham irəli sürülüb.

Həbs edilən jurnalistlər ittihamları qəbul etmir, cinayət təqibinin siyasi sifariş əsasında həyata keçirildiyini bildirirlər. Onlar hesab edirlər ki, həbslərin əsas məqsədi Azərbaycanda müstəqil medianı və tənqidi səsləri susdurmaqdır.

Ana səhifə ▸ Xəbərlər ▸ Dövlət Vergi Xidməti “Meydan TV işi” üzrə həbs edilən jurnalistlərdən 79 min manat tələb edir