Azərbaycanda bir sıra istifadəçilər oktyabrın 12-də səhər saatlarından “Instagram” və “TikTok” sosial şəbəkələrinə girişdə problemlər yaşadıqlarını bildirirlər.
Şikayətlərə görə, “Instagram”da lent yenilənmir, profillər və paylaşımlar açılmır. “TikTok”da isə videoların yüklənməsində və hesabların açılmasında çətinliklər müşahidə olunur.
Sosial şəbəkə istifadəçilərindən bəziləri internet bağlantısının zəiflədiyini, “Instagram” və “TikTok”a isə VPN vasitəsilə daxil ola bildiklərini yazırlar. Bununla belə, problemin internetə hər hansı məhdudiyyətlə bağlı olduğu barədə hələlik rəsmi məlumat yoxdur.
Sosial platformaların fəaliyyətini izləyən xidmətlərdə də Azərbaycandan çoxsaylı şikayətlər qeydə alınıb. “Instagram”la bağlı son müraciətlərin böyük hissəsi Azərbaycandan olub; istifadəçilər əsasən platformanın açılmaması və yavaş işləməsindən şikayət ediblər. “TikTok” üzrə də Azərbaycandan giriş və yüklənmə problemləri bildirilib. Bununla yanaşı, monitorinq xidmətləri hazırda hər iki platformada qlobal miqyaslı kəsinti qeydə almadıqlarını bildirirlər.
Bəzi istifadəçilər “Instagram” və “TikTok”un VPN vasitəsilə işlədiyini, VPN-siz isə girişdə və yüklənmədə problem yaşandığını bildirirlər.
Sosial şəbəkələrdə yaranan məhdudiyyətin son günlər hicab mövzusu ilə bağlı çoxsaylı videoların yayılması ilə əlaqəli ola biləcəyi ehtimalı da səslənir. Ancaq bunu təsdiqləyən rəsmi açıqlama yoxdur.
“Meta” və “TikTok” problemin səbəbi ilə bağlı hələlik açıqlama verməyib.