Qara dənizdə Azərbaycan heyətinin olduğu yük gəmisinin dron zərbəsinə məruz qalması nəticəsində iki nəfər həlak olub.
OC Media yazır ki, Rumıniya rəsmilərinin məlumatına görə, bazar ertəsi Qara dənizdə Türkiyəyə məxsus “ROYAD MAMMADOV” yük gəmisinin dron zərbəsinə məruz qalması nəticəsində iki nəfər həlak olub, 13 nəfər isə itkin düşüb. Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, gəmidə olanlar arasında Azərbaycan vətəndaşları da var.
Rumıniyalı xilasedicilər Rumıniyanın ərazi sularından kənarda üzən və taxıl daşıyan gəmidən 11 nəfəri xilas ediblər. Zelenski hücuma görə məsuliyyəti Rusiyanın üzərinə qoyub və gəmidə Azərbaycan və Hindistan vətəndaşlarının olduğunu bildirib. Rumıniya rəsmiləri hələlik zərərçəkənlərin vətəndaşlığı ilə bağlı açıqlama verməyiblər. Gəmi Türkiyədə qeydiyyatdan keçmiş şirkətə məxsusdur, lakin Sent-Kits və Nevis bayrağı altında üzür.
Zelenski “X” sosial şəbəkəsindəki açıqlamasında gəminin Türkiyəyə məxsus olduğunu bildirib və hücum nəticəsində kapitanın həlak olduğunu iddia edib.
“Təəssüf ki, gəminin kapitanı həlak olub. Digər bir şəxsin taleyi isə müəyyənləşdirilir”, – deyə Zelenski bildirib.
Bu, Qara dənizdə gəmilərdə olarkən Azərbaycan vətəndaşlarının pilotsuz uçuş aparatlarının (PUA) hücumları nəticəsində həlak olması ilə bağlı ilk hal deyil.
Sentyabr ayında Türkiyə bayrağı altında üzən “TEDY” gəmisinə edilən PUA hücumu nəticəsində iki Azərbaycan vətəndaşı həlak olmuşdu. İyun ayında isə Azov dənizində bir gəminin hücuma məruz qalması nəticəsində heyət üzvü olan dörd azərbaycanlı həyatını itirmişdi.
Bu yazı ingilis dilindən tərcümə edilib Yazının əslini OC Media-dan oxuya bilərsiniz.