Azərbaycandakı siyasi məhbuslardan çağırış: “Həbsimizə səbəb olan rəsmilərə sanksiya qoyulsun”

Azərbaycanda siyasi məhbuslar – Foto: Chatgpt

Azərbaycanda həbsdə olan siyasi məhbuslar beynəlxalq ictimaiyyətə, xarici hökumətlərə, parlamentlərə, beynəlxalq təşkilatlara, eləcə də insan hüquqları sahəsində advokasi fəaliyyəti aparan və bu fəaliyyəti dəstəkləyən qurumlara müraciət edib.

Müraciəti olduğu kimi təqdim edirik:

Azərbaycanda həbsdə olan bir qrup siyasi məhbus hesab edilən şəxs beynəlxalq hüquq müdafiəsi fəaliyyətinin (“advokasi”) daha koordinasiyalı, açıq və bütün siyasi motivli təqib halları üzrə aparılması çağırışı ilə müraciət yayıb.

Müraciət müəllifləri Azərbaycanın demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmin olunması üçün demokratik ölkələrin və beynəlxalq institutların fəal dəstəyinin zəruri olduğunu bildirirlər.

Bakı Araşdırmalar İnstitutunun dərc etdiyi müraciəti olduğu kimi təqdim edirik.

Demokratik dünyanın inkişaf təcrübəsi göstərir ki, keçilən uğurlu yoldan faydalanmaq problemlərin həllində mühüm töhfə verir. Bu yanaşmanı, həmçinin Azərbaycanın götürdüyü beynəlxalq öhdəlikləri əsas tutaraq, ölkəmizin demokratikləşməsi, insan hüquq və azadlıqlarının təmininin gerçəkləşməsində demokratik dünyanın da aktiv iştirakı və dəstəyi zəruridir. Buna nail olmaq əsasən bizim vəzifəmiz olmaqla yanaşı, həm də onların məsuliyyətidir.

Beləliklə, beynəlxalq dəstəyi əldə etmək, dünyanın demokratik institutları ilə əməkdaşlıq və tərəfdaşlıq qurmaq üçün beynəlxalq advokasi fəaliyyəti mühüm yer tutur. Bu istiqamətdə görülən əvvəlki müsbət fəaliyyətləri minnətdarlıqla anaraq, bundan sonrakı dövrdə fəaliyyətin daha məhsuldar olması üçün bütün iştirakçı tərəflərə aşağıdakıları nəzərə almağa çağırış edirik:

I. Advokasi tərəflərinin əsas gündəliyində Azərbaycanın demokratikləşməsi və ölkədə insan hüquq və azadlıqlarının vəziyyəti məsələləri ayrı-ayrı deyil, birgə, bir-birini tamamlayan formada prioritet mövzuya çevrilməsini daha faydalı hesab edirik.

II. İnanırıq ki, qeyd edilən əsas mövzulara fokuslanmaqla aparılan beynəlxalq advokasi fəaliyyətinin tərəfləri öz işlərində aşağıdakı gözləntilərimizi əsas tutarlarsa, uğurlu nəticələrin əldə olunmasına daha çox töhvə vermiş olarlar:

1.Advokasi fəaliyyətini icra edənlərdən gözləntilər:

– Fəaliyyətin fokusunu ayrıca şəxsə və məhdud qrupa yönəltməmək.
– İcra etdiyi fəaliyyətləri publik olaraq aparmaq.
– Görülən işlərin proqram hesabatını vermək.
– Fəaliyyətin ardıcıl, silsilə formada və kampaniya xarakteri daşımasına yönəlmək.
– Digər qrup və şəxslərlə əlaqəli koordinasiyalı fəaliyyətə maksimum səy göstərmək. 
– Advokasi fəaliyyətlərinin ümumi koordinasiyası üçün uzlaşdırıcı mövqədən çıxış etmək.

2. Advokasi fəaliyyətini dəstəkləyənlərdən gözləntilər:

– Dəstəklənən layihə və təkliflərlə advokasinin, hansısa şəxsə və qrupa deyil, açıq və dəqiq bilinən bütün siyasi “işlərə” (case) yönəlməsini prioritet hesab etmək.
– Advokasi fəaliyyətilə məşğul olan şəxsləri və qrupları koordinasiyalı fəaliyyətə, uzlaşmaya təşviq etmək.
– Təklif və layihələr barədə beynəlxalq tərəfdaşlarla məlumat bölüşməklə təkrarçılıqdan və sui-istifadədən yayınmaq.
– Advokasi fəaliyyətinin publik aparılmasını, o cümlədən bu işlərin ardıcıl və kampaniya xarakterli yerinə yetirilməsini prioritet hesab etmək.

 3. Advokasinin hədəfi olan tərəflərdən (xarici hökumətlər, parlamentlər, beynəlxalq təşkilatlar)  gözləntilər:

– Azərbaycan hökumətinin demokratikləşmə, insan haqları, hüququn üstünlüyü, şəffaflıq və hesabatlılığa dair öhdəliklərinin icrasına publik çağırış etmək.
– Siyasi motivli təqibləri durdurma, həbs edilənləri azad etmə, özbaşınalıq edənlərə qarşı hüquqi siyasi tədbirlər görülməsinə dair çağırışlar etmək.
– İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin işlərinə prioritet qayda baxılmasına dəstək vermək, o cümlədən məhkəmə qərarlarının icrasına dair Avropa Şurasının Nazirlər Kabinetinin effektiv addımlar atmasına nail olmaq. 
– Səhhəti pisləşən, sağlamlıq problemləri olan şəxslər barəsində yaxşılaşdırıcı, effektiv tədbirləri görmək.
– Siyasi təqiblərdə iştirak edən rəsmilərə qarşı, ən azından mövcud “işlərdə” (case) iştirak edən rəsmi şəxslərə qarşı sanksiya tədbirlərinə başlamaq. 
 
Siyahı əlaqə saxlaya bildiyimiz siyasi məhbusların mövqeyi əsasında hazırlanıb və yeni imzalar üçün açıqdır. 
 
İmza: 
Afiəddin Məmmədov – “İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyası
Akif Qurbanov –  Üçüncü Respublika Platforması
Aqil Hümbətov – AXCP 
Anar Abdulla – SMDT 
Aynur Elgünəş – “Meydan TV” 
Aysel Umudova – “Meydan TV”
Aytac Tapdıq (Əhmədova) – “Meydan TV” 
Bəhruz Səmədov – Sülh fəalı 
Elnarə Qasımova – “Abzas Media”
Elnur Həsənov – AXCP 
Elxan Əliyev – AXCP 
Ələsgər Məmmədli – “Toplum TV”
Əli Zeynal – Demokratik Təşəbbüslər İnstitutu
Əlixan Rəcəbli – AXCP 
Fatimə Mövlamlı – “Meydan TV”
Fərid İsmayılov – “Toplum TV”
Hafiz Babalı – “Abzas Media”
Xəyalə Ağayeva – “Meydan TV”
İlkin Əmrahov – Demokratik Təşəbbüslər İnstitutu
İmran Əliyev – “Meclis.info”
Kənan Zeynalov – AXCP 
Mehman Əliyev – AXCP 
Məmməd İbrahim – AXCP 
Məmməd Məmmədzadə – Seçki Müşahidə Alyansı
Müşfiq Cabbar – “Toplum TV”
Mütəllim Orucov – AXCP 
Natiq Cavadlı – Meydan TV 
Nərgiz Absalamova – “Abzas Media”
Niyaməddin Əhmədov – AXCP 
Novruz Tağıyev – AXCP 
Nurlan Libre (Qəhrəmanlı) –  “Meydan TV”
Pünhan Kərimov – AXCP 
Rahil Quliyev – AXCP 
Ramil Babayev – Demokratik Təşəbbüslər İnstitutu
Ramil Quliyev – AXCP 
Ramin Deko (Cəbrayılzadə) – Meydan TV 
Razi Alışov – AXCP 
Ruslan İzzətli – Üçüncü Respublika Platforması
Rüfət Səfərov – Hüquq müdafiəçisi 
Sahib Məmmədzadə – AXCP 
Sevinc Vaqifqızı – “Abzas Media”
Şahin Hacıyev – AXCP 
Şəmşad Ağa – Meydan TV 
Ülvi Həsənli – “Abzas Media”
Ülviyyə Əli – “Meydan TV”
Vüqar Qədirov – AXCP

Ana səhifə ▸ Xəbərlər ▸ Azərbaycandakı siyasi məhbuslardan çağırış: “Həbsimizə səbəb olan rəsmilərə sanksiya qoyulsun”