Ard-arda zəhərlənmə halları: Sumqayıtda 14 şagird xəstəxanaya yerləşdirilib

Təcili Yardım – Foto: Azərtac

Sumqayıtda 14 şagird zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Bu, son iki gündə Azərbaycan məktəblərində qeydə alınan ikinci belə hadisədir.

Hadisə oktyabrın 2-də Sumqayıt şəhər 36 nömrəli tam orta məktəbdə baş verib.

TƏBİB-in məlumatına görə, saat 10:20 radələrində 11 oğlan və 3 qız Sumqayıt Tibb Mərkəzinin Uşaq Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Onlara zəruri tibbi yardım göstərilib, vəziyyətləri stabil qiymətləndirilir.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin ilkin məlumatına görə, şagirdlərdən biri məktəbə evdən qənnadı məmulatı gətirib və sinif yoldaşları da həmin qidadan istifadə ediblər. Bundan sonra uşaqlar özlərini pis hiss ediblər.

Hadisənin dəqiq səbəbinin müəyyənləşdirilməsi üçün araşdırma aparılır.

Son günlər ölkənin müxtəlif bölgələrində oxşar hadisələr qeydə alınıb. 

Sentyabrın 29-da Cəlilabadın Uzuntəpə kəndində keçirilən mərasimdən sonra 11 nəfər qida zəhərlənməsi diaqnozu ilə xəstəxanaya müraciət edib; faktla bağlı prokurorluqda araşdırma başlanıb. 

Sentyabrın 30-da Kürdəmirdə toy mərasimindən sonra 92 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Toyun təşkil olunduğu şadlıq evi qapadılıb.

Oktyabrın 1-də isə Gəncədə 6 nömrəli məktəbin 5 şagirdi özünü pis hiss edərək xəstəxanaya aparılıb.

Bu hadisələr üzrə də səbəblərin müəyyənləşdirilməsi üçün araşdırmaların aparıldığı deyilir.

Ana səhifə ▸ Xəbərlər ▸ Ard-arda zəhərlənmə halları: Sumqayıtda 14 şagird xəstəxanaya yerləşdirilib