“Böyük Qayıdış”, yoxsa boş qalan evlər, kilidli qapılar, işsiz sakinlər?

25 milyard manat xərclənən “Böyük Qayıdış” vədləri özünü necə doğruldub?

İllüstrasiya ChatGPT ilə hazırlanıb

Hökumət işğaldan azad olunmuş torpaqlara qayıdış üçün 2027-2030-cu illəri əhatə edəcək ikinci dövlət proqramını hazırlayıb.

2023-ci ildən başlayaraq həyata keçirilən “Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrası bu ilin sonunda yekunlaşır. Rəsmi rəqəmlərə görə, 4 ildə görülən işlərə 25 milyard manat xərclənib, lakin nəzərdə tutulan işlərin xeyli hissəsi icra edilməyib.

2026-cı ilin birinci yarısına dair büdcə xərclərindən aydın olur ki, indiyədək bu xərclərin təqribən 70 faizi yol infrastrukturunun qurulmasına yönəlib. Qalan vəsait yaşayış məntəqələrinin tikintisinə və ya bərpasına, sosial infrastrukturun qurulmasına, əhalinin köçürülməsinə və mina təmizləmə işlərinə istifadə edilib.

Dövlət qurumlarının pərakəndə şəkildə təqdim etdiyi rəqəmlərdən görünür ki, birinci proqram çərçivəsində qarşıya qoyulan hədəflərin yarısı belə yerinə yetirilməyib. Müqayisə üçün, Baş nazir Əli Əsədov son müşavirəsində bildirib ki, bu günə qədər 47 yaşayış məntəqəsinə, yəni 10 şəhər, 3 qəsəbə və 34 kəndə keçmiş məcburi köçkünlərin qayıdışı təmin edilib. Baş nazir azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insanın yaşadığını, işlədiyini və təhsil aldığını qeyd etsə də, onların nə qədərinin keçmiş məcburi köçkün olduğunu deməyib.

Halbuki “Böyük Qayıdış” proqramının birinci mərhələsində, ümumilikdə, 100 yaşayış məntəqəsinin yenidən qurulması, 34,5 min ailə və ya 140 min insanın yurduna qaytarılması hədəflənib. Baş nazirin açıqladığı rəqəmlər isə bu göstəricilərin çox gerisində qalıb.

Qoyulan hədəflər niyə geridə qalır?

Təəssüf ki, dövlət proqramının illər üzrə icrasına dair şəffaf və aydın hesabat yoxdur. Əslində, dövlət proqramının monitorinqi İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə həvalə olunub. Lakin Mərkəzin Monitorinq və Qiymətləndirmə Qrupunun saytında bu monitorinqlərin nəticələrinə dair bir kəlməyə də rast gəlinmir. Əvəzində isə bu müddət ərzində jurnalist araşdırmalarında korrupsiya hallarına dair xeyli material dərc olunub.

Əslən Cəbrayıldan olan, Müsavat Partiyasının başqan müavini Razim Əmiraslanlı Meydan TV-yə açıqlamasında bildirir ki, 40 minə yaxın keçmiş məcburi köçkün geri qaytarılıb:

“47 yaşayış məntəqəsinin təxminən 20-si yenidən bərpa edilib. Qalanları isə Xocalı, Ağdərə, Xankəndi və Şuşanın antiterror əməliyyatı zamanı azad edilmiş kəndləridir. Azad edilmiş ərazilərdə ümumilikdə 93 mindən çox insan yaşayır, işləyir və təhsil alır. Lakin bu rəqəmi 140 minlik qayıdış hədəfi ilə birbaşa müqayisə etmək düzgün deyil. Çünki 93 minlik göstəriciyə həmin ərazilərdə işləyən və təhsil alan şəxslər də daxildir. Məskunlaşan keçmiş məcburi köçkünlərin sayı isə 40 min nəfərə yaxındır”.

Müsahibimizin sözlərinə görə, I Dövlət Proqramının əsas göstəricilərində ciddi geriləmə var və bu səbəbdən indi II Dövlət Proqramı hazırlanarkən hökumət cəmiyyətə sadəcə yeni rəqəmlər təqdim etməməlidir:

“Birinci proqramın tam auditini, xərclərin açıq hesabatını, hansı layihənin nə qədər gecikdiyini, gecikmənin səbəblərini və məsuliyyət məsələsini açıqlamalıdır. Ən əsası isə II Dövlət Proqramının hədəfləri konkret və ölçülə bilən olmalıdır: Neçə insan qayıdacaq? Neçə nəfər işlə təmin olunacaq? Neçə ailəyə torpaq veriləcək? Neçə yeni sahibkarlıq subyekti yaradılacaq? İnsanların orta gəliri nə qədər olacaq? Hansı kəndlərdə məktəb, xəstəxana, nəqliyyat və digər xidmətlər tam fəaliyyət göstərəcək? Böyük Qayıdışın real nəticəsi tikilən binaların sayı deyil. Əsas nəticə həmin ərazilərdə insanların qurduğu həyatın keyfiyyəti və davamlılığı olacaq”.

R.Əmiraslanlıya görə, I Dövlət Proqramında xərclənən 25 milyard manat Azərbaycan üçün son dərəcə böyük rəqəmdir. O hesab edir ki, dövlət tenderlər, maliyyə məlumatları və layihələr haqqında detallı məlumat verməlidir və cəmiyyət bilməlidir ki, 25 milyard manatdan artıq vəsaitin nəticəsi nə olub.

Başqan müavini əlavə edir ki, Böyük Qayıdışın ən böyük problemi ev tikməkdən daha çox, həmin evlərdə davamlı həyat qurmaqdır. Onun fikrincə, əhalinin köçürülməsinin gözlənilən sürətlə getməməsinin səbəblərindən biri məskunlaşma ilə iqtisadi həyatın eyni sürətlə qurulmamasıdır:

“İnsan ailəsi ilə birlikdə doğma kəndinə qayıtmaq istəyir. Amma orada məktəb, səhiyyə, normal nəqliyyat, daimi iş, biznes imkanı və gəlir mənbəyi yoxdursa, bu qayıdış dayanıqlı ola bilməz. Buna görə də özəl sektorun inkişafı və iqtisadi fəaliyyətin yaradılması sözdə yox, əməldə ayrıca prioritet kimi müəyyən edilməlidir”.

Qarabağa köçürülən insanlar işsiz qalıb, ictimai nəqliyyat isə yoxdur

Azad olunan torpaqlara köçürülən keçmiş məcburi köçkünlər də mütəmadi olaraq işsizlik və həyat şəraitinin lazımi səviyyədə təmin olunmamasına dair şikayətlərini paylaşırlar. Prezidentin köməkçisi Hikmət Hacıyev isə bir müddət əvvəl mediaya açıqlamasında deyirdi ki, şikayətləri video çəkib yaymaqdansa, birbaşa onlara müraciət etsinlər. Lakin Qarabağa qayıdan Aytac Əmircanlının sosial mediada yayılan videosundan aydın olur ki, məmurlara edilən birbaşa şikayətlərdən sonra təzyiqlərlə üzləşib. Buna görə də Qarabağa köçdüyünə peşman olduğunu və şikayətini sosial media üzərindən açıqlamaq məcburiyyətində qaldığını deyir.

Ağdərənin Vəngli kəndinə köçürülən A.Əmircanlı daha sonra “Azadlıq” radiosuna verdiyi açıqlamada deyib ki, 10 aydır məşğulluq idarəsində qeydiyyatdan keçsələr də, dolanışıq üçün mal-qara hələ də verilməyib:

“Qaçqınlarımız, məcburi köçkünlərimiz – hamısı işsizdir. Əksəriyyəti artıq evinin qapısını bağlayıb Bakıya gedir. Noyabr-dekabr aylarında Qarabağa gəlsəniz, siz orada çox evlərin qapısının bağlı olduğunu görəcəksiniz. Hamı da qınayır ki, qaçqın köçüb yaşamaq istəmir. Mən orada yemək-çörək tapmıramsa, nə etməliyəm?”.

Aytac deyib ki, kənddə nə aptek var, nə də ictimai nəqliyyat:

“Şəkər dərmanının qiyməti 35 manatdır. Mən taksiyə 50 manat verib gedib-gəlirəm. Görün, bunlar məni nə qədər ziyana salırlar. Siz mənə maaş vermirsiniz, iş vermirsinizsə, mən niyə 50 manatı yola verməliyəm?”.

Müsahibimiz Razim Əmiraslanlı da bildirir ki, qayıdışla bağlı ən ciddi məsələlərdən biri məşğulluq problemidir:

“İnsanların həmin ərazilərdə qalması üçün daimi gəlir mənbəyi olmalıdır. Əsas problemlərdən biri də daimi iş yerlərinin azlığıdır. Davamlı məşğulluq üçün dövlət qurumları ilə yanaşı, özəl müəssisələr, emal sənayesi, xidmət, turizm və kənd təsərrüfatı inkişaf etməlidir”.

Müsahibimizin sözlərinə görə, digər mühüm məsələ torpaq və təsərrüfat imkanlarıdır:

“Doğma kəndinə qayıdan insan yalnız mənzil sahibi olmaq istəmir. Xüsusilə kənd yerlərində yaşayan insanlar üçün həyət, əkin sahəsi, heyvandarlıq, otlaq, təsərrüfat və biznes imkanları yaşayışın iqtisadi əsasını təşkil edir. Torpaqdan istifadə hüququ, qeydiyyat, kənd təsərrüfatı fəaliyyəti və suvarma məsələləri həll edilmədən kəndlərin tam iqtisadi həyata qaytarılması çətin olacaq. Kəndə qayıdan fermerin torpağa, suya, texnikaya, kreditə və məhsulunu satmaq üçün bazara çıxışa ehtiyacı var. Bunlar təmin edilmədikdə kənddə yaşamaq iqtisadi baxımdan çətinləşir. Qayıdan insanların hamısı tikinti, dövlət sektoru və ya xidmət sahəsində işləyə bilməz. Hər rayon üzrə hansı ixtisaslara ehtiyac olduğu əvvəlcədən müəyyənləşdirilməli və buna uyğun məşğulluq proqramları hazırlanmalıdır”.

R.Əmiraslanlı nəqliyyat məsələsinin də vacib olduğunu vurğulayır:

“İnsan bir kənddə yaşayıb digər şəhərdə işləyirsə, onun işə gedib-gəlməsi üçün real imkan yaradılmalıdır. Kiçik biznes üçün də əlverişli şərait olmalıdır. Sahibkarın torpağa, kreditə, infrastruktura, bazara və hüquqi təhlükəsizliyə çıxışı təmin edilməlidir. II Dövlət Proqramının əsas fərqi burada olmalıdır: “ev tikib insanı köçürmək” modelindən “insanın yaşadığı, işlədiyi, qazandığı və öz təsərrüfatını qurduğu yaşayış modeli”nə keçilməlidir. Əgər kənddə ev var, amma iş yoxdur, torpaqdan istifadə imkanı məhduddur, biznes qurmaq çətindir və insan gəlir əldə etmək üçün yenidən başqa şəhərə getməli olursa, buna tam mənada Böyük Qayıdış demək çətindir”.

Ana səhifə ▸ Sosial ▸ “Böyük Qayıdış”, yoxsa boş qalan evlər, kilidli qapılar, işsiz sakinlər?