2025-ci ilin martından ictimaiyyət arasında “QHT işi” kimi tanınan cinayət işi çərçivəsində həbsdə olan “Seçki Müşahidə” Alyansının direktoru, hüquq müdafiəçisi Məmməd Alpay AbzasMedia-ya müsahibə verib.
– Bakı İstintaq Təcridxanasındakı saxlanma şəraitiniz necədir? Həbs olunduğunuz gündən bu yana qarşılaşdığınız ən böyük çətinliklər nələrdir?
– Bakı İstintaq Təcridxanası 2009-cu ildə, səhv xatırlamıramsa, 95 milyon dollar (o dövrün məzənnəsi ilə 75 milyon manat) büdcə ilə tikilib. İstər texniki struktur, istərsə də keyfiyyət baxımından standartlara uyğun gəlmir.
Ən böyük çətinliklərdən biri məkanın darısqal olması və qanunvericilikdə nəzərdə tutulan açıq havaya çıxış imkanının faktiki olaraq təmin edilməməsidir. Nəticədə uzun müddət eyni qapalı şəraitdə qalmaq özlüyündə həm fiziki, həm də psixoloji baxımdan çətinlik yaradır. Söhbət təkcə məndən getmir, ümumilikdə təqsirləndirilən şəxslərin saxlanma şəraiti ilə bağlı ciddi problemlər var.
Təcridxanadakı digər mühüm problemlərdən biri keyfiyyətli tibbi xidmətə əlçatanlıqla bağlıdır. İstər həbs edilmiş şəxslər, istərsə də cəza çəkən məhkumlar üçün tibbi xidmətə çıxışla bağlı ciddi problemlər hələ də qalmaqdadır. 2012-ci ildə qəbul olunmuş “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Qanunun 22-ci maddəsində tutulmuş və həbs edilmiş şəxslərin həbs yerlərində tibbi müayinə, müalicə-profilaktika tədbirlərinin qanunvericiliyə uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulub. Eyni zamanda, Cəzaların İcrası Məcəlləsində (2000-ci ildə qəbul edilib) məhkumların ambulator və ya stasionar şəraitdə tibbi xidmət alması nəzərdə tutulub.
Əfsuslar olsun ki, tibb məntəqələrinin, Mərkəzi Müalicə Müəssisəsinin və digər tibbi xidmətlərin imkanlarından yararlanmaq çətindir. Məsələn, məhbus müayinə və ya müalicə almaq üçün müraciət edirsə, çox uzun növbə gözləməli olur. Bəzən bu, həftələr və ya aylar çəkə bilər. Digər problem hər sahə üzrə uyğun həkimlərin çatışmazlığıdır.
Bu şikayətlər dəfələrlə səsləndirilsə də, Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsi məhbusların və məhkumların tibbi xidmətə əlçatanlığının yaxşılaşdırılması istiqamətində hər hansı müsbət addım atmayıb.
Digər problem isə məhbusların daşınması ilə bağlıdır. Buradakı vəziyyətin acınacaqlığını ancaq kobud misallarla təsvir etmək olar. Konvoy xidməti məhbusların və məhkumların daşınması üçün nəzərdə tutulub. Necə ki, taksi və avtobus ictimai nəqliyyat növüdür, konvoy xidməti də eyni funksiyanı yerinə yetirir.
Həmişə qoyun və mal-qara daşıyan yük maşınlarını görəndə onlara nifrət və qüssə ilə baxmışam ki, XXI əsrdə heyvanlara belə zülm etmək olarmı? Sən demə, bunun insan versiyası üçün bizim Penitensiar Xidmət və onun Konvoy İdarəsi var imiş. Hollywood filmlərinə baxanda görürsən ki, məhbusları avtobuslarda əlləri qandallanmış şəkildə aparırlar.
Bizim məhbusların daşınma sistemini isə çətinliklə də olsa, təsvir etməyə çalışacağam: içinə 15 nəfər yerləşdirilmiş bir yük maşını düşünün, yəni 7+7+1. Yeddi nəfər bir tərəfdə, digər yeddi nəfər isə o biri tərəfdə ayaq üstə dayanır. “Xoşbəxt” bir adamın 10-15 manatı varsa, o da bir nəfərlik yerdə oturur. Hətta bəzən “mehribanlaşın” deyib 17 nəfəri aparırlar – 8+8+1, təbii ki, ayaq üstə.
Havalandırma üçün qışqıranda ancaq bir cavab eşidirsən: “Havalandırma yoxdur”. Əvəzində heç pəncərə də yoxdur, sadəcə balaca bir deşik var. Daşınma şəraiti o qədər pisdir ki, bir də görürsən kimsə “qardaşlar, məni bağışlayın” deyir və yanındaca qusmağa başlayır. Sonra da bu şəraitdə bəzən saatlarla çəkən yolu başa vurmalı olursan. Bunu nə sözlə izah edə, nə də təsvir edə bilərsən. Vəziyyətin acınacaqlığını ancaq yaşayaraq bilmək olar.
Televizoru açırsan, bütün günü Prezident İlham Əliyev danışır ki, biz Cənubi Qafqazın lider dövlətiyik. Cənubi Qafqazın lider dövlətinin bir dənə də olsun normal şəraitli həbs yeri, istintaq təcridxanası, cəzaçəkmə müəssisəsi yoxdur. Dövlətin vəzifəsi və borcu hər bir vətəndaşın həbs yerlərində ləyaqətli şəkildə saxlanılmasını təmin etməkdir.
Dünyada məşhur siyasi məhbus və daha sonra Cənubi Afrika Respublikasının prezidenti olmuş Nelson Mandelanın bir sözü var: “Dövlətin öz vətəndaşlarına hansı münasibət göstərdiyini bilmək istəyirsinizsə, birinci onun həbsxanalarına baxın”.
– Bakı İstintaq Təcridxanasında ailə üzvlərinizlə açıq görüşə fevral ayından qadağa qoyulduğu bildirildi. Bu qadağaların səbəbləri nələrdir?
– Prezident və vitse-prezidentin yanvar ayında Brüssel və Vaşinqtona səfərləri çərçivəsində siyasi məhbuslarla bağlı çoxlu suallar səsləndirilmiş və aksiyalar keçirilmişdi. Bu məsələ beynəlxalq mətbuatda da işıqlandırılmışdı. Hətta sosial mediada bəzi videolar viral olmuşdu. Ondan sonra “yuxarıdan”, yəni, Prezident Administrasiyasından qadağa qoyulduğu bildirildi. Tam dəqiq səbəb bilinməsə də, bəziləri bunun siyasi məhbusların, xüsusilə jurnalistlərin Bakı İstintaq Təcridxanası ilə bağlı problemləri geniş şəkildə işıqlandırması ilə əlaqədar olduğunu da qeyd edirlər.
Təəssüf ki, adətən bu kimi qadağalar psixoloji işgəncə məqsədi daşıyır. Biz insan hüquqları ilə bağlı gördüyümüz fəaliyyətə görə həbs edilmişik. Ancaq istər siyasi, istərsə də qeyri-siyasi səbəblərdən olsun, ailə üzvləri və yaxınları ilə görüşmək hər bir məhbus və məhkumun təməl hüquqları sırasındadır. İnsan cinayət də törədə bilər və heç kim bundan sığortalanmayıb. Dövlətin vəzifəsi və borcu hər bir vətəndaşın həbs yerlərində ləyaqətli şəkildə saxlanılmasını təmin etməkdir.
Mənə qarşı 10 ay istintaq aparıldı. Barəmdə 4 ay həbs qətimkan tədbiri seçildi. Daha sonra bu müddət səbəbsiz yerə 3 ay və yenə daha 3 ay uzadıldı. İstintaqın ədalətsiz şəkildə bu qədər uzadılması başqa müzakirə mövzusudur. Amma istər istintaq dövründə, istərsə də məhkəmə araşdırması dövründə eyni təcridxanada – Bakı İstintaq Təcridxanasında saxlanılırsan. Hətta bunu utanmadan qanuna da salıblar. Yəni, istintaq dövründə açıq görüş qadağasının olması haradasa başadüşüləndir. Təqsirləndirilən şəxs cinayət əlamətləri olan nələrisə istintaqdan gizlədə və ya yox edə bilər və s. Məhkəmə prosesi isə artıq hüquqi çəkişmələr yeridir, yəni, sənlə bağlı olan bütün istintaq hərəkətləri artıq yekunlaşır. Amma buna baxmayaraq, məhkəmə dövründə də mənim hüququm təmin edilmədi və ailəmlə aylardır açıq görüş keçirə bilmirəm.
– Türkiyə hökuməti ilə Azərbaycan hökuməti arasında ədliyyə sahəsinin inkişafı ilə bağlı əməkdaşlıq nəzərdə tutulur. Sizcə, bu sahədə hər hansı müsbət dəyişiklik baş verə bilər?
– Demokratik idarəetmədə hakimiyyətin səlahiyyətləri onun qolları arasında bölünür. İcraedici, qanunverici və məhkəmə hakimiyyəti – klassik hakimiyyət bölgüsü belədir. Hətta burada icraedici hakimiyyət mərkəzi və yerli hakimiyyətlərə bölünür. Bundan başqa, dördüncü hakimiyyət – media hakimiyyəti dediyimiz sektor və s. var.
Yəni, ədliyyə sahəsində köklü islahatlardan danışırıqsa, hakimiyyət bölgüsü baş tutmadan, məhkəmə hakimiyyəti müstəqil olmadan bu proses baş tuta bilməz. Əlbəttə, texniki sahədə kosmetik dəyişikliklərdən söhbət gedirsə, bu, mümkündür.
Bilirsiniz, 2024-cü ilə qədər ədliyyə işçiləri Rusiya Ədliyyə Akademiyasını bitirib fəaliyyət göstərirdilər. İndi isə Türkiyənin təcrübəsindən faydalanacaqlar.
Azərbaycanda ədliyyə sistemi və xüsusilə Penitensiar Xidmət keçmiş Sovetlər Birliyinin tör-töküntüsüdür. Əfsuslar olsun ki, bu sahədə indiyə qədər hər hansı müsbət dəyişiklik baş verməyib.
Bir neçə gün öncə “BBC” telekanalında Böyük Britaniyada saxlanılma mərkəzləri və həbs yerləri ilə bağlı yeni bir modelə keçiləcəyindən bəhs edilirdi. Hər halda, Avropa təcrübəsinin Azərbaycanda da tətbiq olunması, ən azı texniki şəraitin minimum standartlara uyğunlaşdırılması müsbət addım olardı.
– Sizə USAID və ABŞ-nin Beynəlxalq İnkişaf Agentliyi ilə bağlı cinayət işi açılmışdı. Sonradan istintaq araşdırmasının motivi niyə dəyişdi?
– USAID və ABŞ Səfirliyinin qrantları ilə bağlı yumşalma Prezident İlham Əliyevin 2025-ci ilin avqustunda Vaşinqtona səfərindən sonra baş tutdu. Bunun qapalı qapılar arxasında Donald Trampla keçirilən görüşlə əlaqədar olduğunu düşünürəm. Amma daha sonra ABŞ-nin Milli Demokratiya Fondu – National Endowment for Democracy (NED), Avropa Birliyinin Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu – Eastern Partnership Civil Society Forum, Praqa Vətəndaş Cəmiyyəti Mərkəzi – Prague Civil Society Centre, İnsan Hüquqları Evi Fondu – Human Rights House Foundation və İsveç Beynəlxalq Liberal Mərkəzi – Swedish International Liberal Centre ilə bağlı iddia olunan 77 038 manat vergi borcu ittihamı irəli sürüldü.
Yəni, necə deyərlər, həbs etmək lazımdırsa, “o olmasın, bu olsun”. Amma USAID və ABŞ Səfirliyinin layihələri ilə bağlı ittihamlar qalmaqdadır.
– Son dövrlərdə məhkəmələr vətəndaş cəmiyyətinə, QHT-lərə, media qurumlarına qarşı ağır cəzalı hökmlər elan edir. Sizcə, onlara qarşı bu münasibət nə ilə əlaqədardır?
– Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi azad və ədalətli seçkilərlə bağlı, Demokratik Təşəbbüslər isə insan hüquqları ilə bağlı sahələrdə peşəkar işlər görüb. Eyni zamanda, “AbzasMedia” korrupsiya ilə bağlı jurnalist araşdırmaları aparıb, “Toplum TV” gənc jurnalistlərin yetişdirilməsi, debatların təşkili və maarifləndirici proqramlarla, “Meydan TV” isə vətəndaş jurnalistikası sahəsində son dövrlərdə mühüm işlər görüb. Adlarını sadalamadığım, hazırda məhkəmə prosesi gedən QHT və media qurumları da eyni rolu oynayırlar.
Avtoritar rejimlərin xarakterik xüsusiyyətlərindən biri də ictimai rəyə təsir göstərən müstəqil vətəndaş cəmiyyətlərini yox etmək və qorxu mühiti yaratmaqdan ibarətdir.
Məhkəmələrin də bu formada ağır hökmlər çıxarması, hesab edirəm ki, avtoritar düşüncənin məntiqi davamıdır.
Hökumət şəxslərin bu sahədəki fəaliyyətini hər vəchlə gözdən salmağa çalışsa da, demokratiya, insan hüquqları və seçki monitorinqi fəaliyyətləri demokratik cəmiyyətlərdə olduqca rəğbətlə qarşılanan sahələrdir.
Amma hökumət seçki müşahidəçiliyi fəaliyyətini, insan hüquqları və azadlıqlarının vəziyyətinə dair hesabatların hazırlanmasını və vətəndaşlara hüquqi yardım göstərilməsini qanunsuz və əsassız şəkildə cinayət fəaliyyəti kimi qələmə verir.
Vətəndaş cəmiyyəti təşkilatı qurmaq, insanlara hüquqi yardım göstərmək, beynəlxalq maliyyə resursları axtarmaq, beynəlxalq tədbirlərdə iştirak etmək və beynəlxalq təşkilatlarla əməkdaşlıq etmək legitim fəaliyyətlərdir.
– Azərbaycanda demokratiya və insan hüquqlarının vəziyyəti baxımından gələcəyi necə görürsünüz?
– Qısamüddətli perspektivdə, yaxın zamanlarda Azərbaycan hakimiyyətinin müəyyən yumşaldıcı addımlar atacağını gözləyirəm. Xüsusilə 2028-ci ildə Bakıda keçiriləcək Avropa Liderlərinin Sammiti ərəfəsinə qədər demokratiya və insan hüquqlarının vəziyyəti ilə bağlı müsbət dinamikanın hiss olunacağını düşünürəm. Bunu Azərbaycanın qədim adəti ilə izah edərdim.
Evimizə qonaq gələndə çalışırıq ki, o, evdə hər şeyin yaxşısını görsün, yaxşı yeməklər yesin, ən yaxşı yerdə yatsın və s. Pis şeyləri isə gizlədirik və qonaq gedəndən sonra onları yenidən ortaya çıxarırıq. Məncə, cəmiyyətimizdə yaxşı bilinən bu adəti dəfələrlə siyasi arenada da görmüşük.
Azərbaycan hakimiyyətinin də Avropa Liderlərinin Bakı Sammiti öncəsi eyni istiqamətdə hərəkət edəcəyini düşünürəm. Bundan başqa, ABŞ-nin Azərbaycana 8 milyard dollar, Avropa Birliyinin isə 2 milyard avro məbləğində nəhəng investisiyalar qoyması planlaşdırılıb. Bu istiqamətdə Dünya Bankı və digər beynəlxalq maliyyə təşkilatları ilə də danışıqlar gedir.
Adətən belə hallarda beynəlxalq maliyyə təşkilatları investisiya qoyulan ölkədən hüquqi təminat tələb edirlər. Burada təkcə yerli məhkəmə sisteminin müstəqilləşməsindən yox, həm də beynəlxalq səviyyədə Avropa Məhkəməsi (AİHM) və digər beynəlxalq məhkəmələr kimi hüquqi təminatlardan söhbət gedir. Bütün bunlardan yola çıxaraq, yaxın gələcəkdə bir sıra sahələrdə insan hüquqlarının vəziyyəti ilə bağlı yumşalmaların olacağını ehtimal edirəm. Uzunmüddətli perspektivdə məsələ, təbii ki, bir qədər fərqlidir.
E.ə. 550-ci ildə yazılmış müqəddəs kitab Avestada xeyir tanrısı Hörmüzün sonda həmişə şər tanrısı Əhrimənə qalib gəldiyi yazılıb. E.ə. 330-cu ildə yunanlar, daha doğrusu, Makedoniyalı İsgəndər İranın Persepolisdəki sarayına hücum edəndə Avestanın bir hissəsi yandırılır. Ona görə Xeyirin Şərə necə qalib gəldiyi haqqında təfsilatlı məlumatımız yoxdur. Müasir dövrdə isə hakimiyyətdəki Şər qüvvələrə – avtoritar rejimə – qalib gəlməyin yolu məlumdur. Bu yol aktiv siyasi mübarizədən keçir. Biz siyasi azadlıqlara nail olmaq istəyiriksə, siyasi iştirakçılığın bütün formalarında aktiv fəaliyyət göstərməliyik.
– 2014-cü ildə də Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti fəallarına qarşı həbslər və siyasi repressiyalar həyata keçirmişdi. Sizcə, 2025-ci il repressiyalarının 2014-cü il repressiyalarından fərqi nə idi?
– Bu gün Azərbaycanda siyasətçilər, siyasi partiyaların nümayəndələri, qeyri-hökumət təşkilatları, media qurumları, jurnalistlər, vəkillər, hüquq müdafiəçiləri və digər kateqoriyalardan olan şəxslər daxil olmaqla ümumilikdə 328 siyasi məhbus var. 2003-cü il istisna olmaqla, ötən dövrlərlə müqayisədə bu gün daha geniş miqyasda repressiya həyata keçirilir.
Bunun əsas səbəblərindən biri beynəlxalq aləmin fokusunun 2022-ci ildən Ukrayna-Rusiya müharibəsinə, daha sonra isə İsrail-İran müharibəsinə yönəlməsidir. Bu mənada beynəlxalq aləm və Qərb ölkələri üçün təhlükəsizlik və enerji məsələləri daha ön plana çıxmağa başlayıb. Azərbaycan hökuməti də bu geosiyasi vəziyyətdən istifadə edib geniş repressiya apara bildi.
Digər səbəb kimi hesab edirəm ki, proses daha çox lokal xarakter daşıyır. 2023-cü ildən ölkəmiz ərazi bütövlüyünü tam bərpa etdikdən sonra hakimiyyətdə sanki belə bir yanlış düşüncə var idi ki, cəmiyyətin minnətdarlıq duyğusundan irəli gələn bir loyallıq olacaq və daha siyasi partiyalar hökuməti tənqid edən mitinqlər keçirməyəcək, media korrupsiyadan yazmayacaq.
QHT-lər seçki pozuntularının monitorinqini həyata keçirməyəcək və s. Yəni cəmiyyətdə tənqidi səslər azalacaq. Amma bu baş vermədi, əksinə, cəmiyyət daha yüksək tələblər irəli sürməyə başladı. Hesab edirəm ki, bu, hakimiyyəti daha da hiddətləndirdi və geniş repressiya aparmağa məcbur etdi.
Başqa bir səbəb isə siyasi məhbuslar məsələsinin hökumət üçün Qərblə danışıqlar masasında alver predmetinə çevrilməsidir. Sanki özlüyündə Qərbi şantaj edir ki, baxın, hansısa şərtlərimiz yerinə yetirilməsə, Azərbaycanda siyasi partiyalar, QHT-lər və media olmayacaq.
Azərbaycan hakimiyyətində Sovetlər Birliyindən qalma bir baxış tərzi var. Hakimiyyətin baxış tərzi ondan ibarətdir ki, bu təsisatlar xalqın səsi yox, məhz Qərbin yumşaq güc alətidir. Buna görə də danışıqlar masasında alver predmeti kimi istifadə edilə bilər. Qeyd etdiyim kimi, bu yanaşma avtoritar rejimlərin tipik düşüncə tərzidir.
– Sizcə, demokratiya və insan hüquqları ilə bağlı ölkəyə lazımi beynəlxalq dəstək göstərilirmi?
– Bu gün dünyanın özündə 90-cı illərlə müqayisədə demokratiya indeksində geriləmə var. Bu, Avropa regionu istisna olmaqla, digər regionlarda daha çox müşahidə olunur.
Son dövrlərdə Qərb institutlarının Azərbaycanla bağlı gündəliyində əsasən üç məsələ dayanıb:
- Enerji təhlükəsizliyi;
- Ermənistan-Azərbaycan sülh prosesi;
- Demokratiya və insan hüquqları.
Göründüyü kimi, demokratiya və insan hüquqları prioritet məsələ olsa da, birinci və ikinci kateqoriyada yer almır.
Avropa Birliyi ilə 2022-ci ildə təbii qazın idxalı və tranziti ilə bağlı razılıq, 2025-ci ildə isə qonşu ölkəmizlə sülh prosesi ilə bağlı çərçivə sazişi imzalanıb.
Demokratiya və insan hüquqları ilə bağlı hazırda Avropa Şurası ilə danışıqlar həyata keçirilir.
Danışıqlarda 2024-cü ildə AŞPA-da səsvermə hüququ məhdudlaşdırılan Azərbaycan nümayəndə heyətinin hüquqlarının bərpası, eyni zamanda Azərbaycanda hökumət tərəfindən repressiyaya məruz qalan siyasətçilər, QHT və media nümayəndələrinin daxil olduğu siyasi məhbusların azad olunması və digər bir çox məsələ dayanır. Əlbəttə, siyasi məhbusların azad olunması öz-özlüyündə məsələnin həll yolu deyil.
Ölkədə fundamental insan hüquqları bərpa olunmadan, sərbəst toplaşmaq azadlığı, media azadlığı və digər hüquqlar təmin edilmədən bunun elə də ciddi mənası yoxdur.
2019-cu ildən ölkədə sərbəst toplaşmaq azadlığı tam məhdudlaşdırılıb. Mən siyasi partiyaların mərkəzə yaxın Məhsul stadionunda keçirdiyi son mitinqi həmin dövrdən xatırlayıram. Burada Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqləri nəzərdə tuturam. Bu, əslində, dəhşətli statistikadır.
Və ya media orqanlarını götürək. Mətbuat Azadlığı İndeksində 180 ölkə arasında 171-ci yerdəyik və Afrikanın “banan respublikaları” belə bizdən öndədir.
Və ya seçkiləri götürək. Azərbaycan vətəndaşlarının Türkiyədə keçirilən bələdiyyə seçkilərini belə necə coşqu və həsədlə izlədiyini müşahidə edirik. Amma bu gün ölkəmizdə seçici yerli səviyyədə öz bələdiyyəsini belə seçə bilmir.
Və ya cəmiyyətimizin rifah halına baxaq. Orta aylıq əməkhaqqı, pensiyalar, maaşlar… Cəmiyyətimizin bir çox nümayəndəsi minimum əməkhaqqı ilə ömür sürür.
Bütün bu statistikalar, əslində, sadə dillə desək, cəmiyyəti insan kimi təsəvvür etsən, danışan adamın lal edilməsinə, eşidən adamın kar edilməsinə, görən adamın kor edilməsinə bərabərdir.
– Avropa Birliyi ilə imzalanacaq saziş həll yolu ola bilərmi? Yaxud hansı həll yollarını görürsünüz?
– Burada çıxış yolunu mən Qərb ölkələrinin verəcəyi təhlükəsizlik zəmanətində görürəm. Ukraynaya veriləcək təhlükəsizlik zəmanəti kimi, bizə də demokratiya, insan hüquqları və seçkilərlə bağlı zəmanət verilməlidir. Əmin olmalıyıq ki, hökumət yenidən repressiya apararaq onillər ərzində qurulan vətəndaş cəmiyyətini bir gündə dağıtmayacaq.
Vətəndaş cəmiyyətini qurmaq və möhkəmləndirmək olduqca çətin işdir. Buna onillər ərzində vaxt və enerji sərf olunub. Bu prosesi dağıtmaq asan, yenidən qurmaq isə çətindir.
Avropa Birliyi ilə sazişin yaxın vaxtlarda imzalanacağı gözlənilir. Sazişdə insan hüquqlarının müdafiəsi bölməsi olmalı və açıq-aydın göstərilməlidir ki, təminatlar Azərbaycan hökuməti tərəfindən pozularsa, hansı sanksiyalar tətbiq ediləcək. Demokratiya və fundamental insan hüquqlarının təminatı tam razılaşdırılmalıdır.
Bir zamanlar təkadamlıq aksiya var idi, yadınızdadırsa, bax, bu belə əhəmiyyətlidir.
Yalnız azad və şəffaf seçkilər bizi ədalətli cəmiyyətə çevirəcək. Ədaləti göylərdə axtaranlar da var. Biz bunu bilmirik, ola da bilər, olmaya da bilər. Amma inkişaf etmiş ölkələrin təcrübəsindən əldə etdiyimiz dəqiq bir formul var: ədalətli cəmiyyətlərin hamısında xalqın iştirakı və iradəsi mövcuddur.
Fikrimi mərhum ABŞ prezidentinin “Demokratiya verilmir, alınır” fikri ilə yekunlaşdırmaq istəyirəm. Mən deyə bilmərəm ki, bu, sabah baş verəcək. Amma necə ki Azərbaycan xalqı müstəqilliyini əldə etdi, ərazi bütövlüyünü bərpa edib suverenliyini əldə etdi, bir gün bu xalq azadlığını da əldə edəcək. Nə də olsa, demokratiya gediləsi uzun bir yoldur.