“Meydan TV işi” üzrə həbsdə olan 12 nəfərin məhkəməsi sentyabrın 14-də davam etdirilib. Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyilə keçirilən məhkəmə iclasında təqsirləndirilənlərdən daha ikisi – Nurlan Libre (Qəhrəmanlı) və Ülviyyə Əli (Quliyeva) ifadə verib.
İfadələrdən əvvəl jurnalistlər yekdilliklə məhkəməyə müraciət edərək, prosesin sürətləndirilməsini, məhkəmə iclaslarının heç olmasa, həftədə bir dəfə keçirilməsini istəyiblər. Natiq Cavadlı söz alaraq məhkəmələrin bir neçə həftədə bir yox, hər həftədə bir dəfə keçirilməsini istəyib. Hakim bunun indi qrafikə görə mümkün olmadığını deyib. Aytac Tapdıq da etiraz edərək deyib:
“Bizim məhkəmələrimiz əvvəldən sistemi şəkildə uzadılır. Hakim heyətinin dəyişməsi də bu süni şəkildəki uzadma üçün deyildi ki? Ona görə də tələb edirik proseslər ən azı həftədə bir dəfə təyin edilsin”.
Lakin məhkəmə prosesinə sədrlik edən hakim Zaur Hacıyev bunun mümkün olmadığını söyləyib. O bildirib ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hər hakim üçün ayrılmış konkret gün və məhkəmə zalı var.
Daha sonra Nurlan Libre ifadə verməyə başlayıb. O bildirib ki, həbs olunarkən işgəncə altında ifadə verib. Həmin ifadədə özünə və jurnalist həmkarlarına qarşı məqamların yer aldığını qeyd edən Nurlan Libre ondan imtina etdiyini, yalnız vəkili Pərviz Hacıyevin iştirakı ilə Bakı İstintaq Təcridxanasında verdiyi ifadəni təsdiqlədiyini söyləyib:
“İttiham aktını oxuyanda belə başa düşmək olur ki, məni 250 avroya görə il yarımdır Bakı İstintaq Təcridxanasında saxlayırlar. Buna görə mənə 15 il də iş verə bilərlər.
İttiham aktında 20 fevral 2025-ci ildə yaşadığım ünvanda aparılmış axtarış zamanı 975 dollar, 6650 manat götürüldüyü göstərilib. Ancaq istintaq həmin pulun nə vaxt, kimdən və hansı əsasla əldə edildiyini müəyyən etmədən onu ümumi ittihamın daxilində təqdim edir.
Bir şəxsin evində xarici valyutanın olması nə qaçaqmalçılıqdır, nə də leqallaşdırma. Həmin pulun qaçaqmalçılıq predmeti sayılması üçün onun gömrük sərhədindən məhz mənim tərəfimdən və qanunda göstərilən üsullardan biri ilə keçirildiyi sübut olunmalıdır.
Leqallaşdırma predmeti sayılması üçün isə əvvəlcə pulun konkret cinayətdən əldə edildiyi, mənim də bunu bildiyim və onun həqiqi mənbəyini gizlətmək məqsədilə maliyyə əməliyyatı apardığım müəyyən edilməlidir.
İttihama görə, işin başlanmasına əsas 6 dekabr 2024-cü ildə Tbilisi-Bakı reysi ilə gələn Ramin Cəbrayılzadə saxlanılıb və onun çantalarından 38000 avro götürülüb. Biz Ramin gələndə onun aeroportda olan görüntülərinə baxmaq istəyirdik. Amma həmin görüntüləri hava limanı vermir. Niyə? Biz bilmək istəyirik ki, Ramin hansı geyimdə olub? Onun üstündə pul olubmu? Flaşkartlarda nə qədər materiallar var, biz onlara baxmaq istəyirik, niyə bizə göstərmirlər? Həqiqətin ortaya çıxmasından qorxurlar?
İttiham bizim “Media reyestri”ndən keçməməyimizi əleyhimizə şərh ediblər. Media Agentliyi sanki Dədə Qorquddur, kimin jurnalist olmasına onlar qərar verir. İkincisi, “AbzasMedia işi”ndə 9 il cəza verdiyiniz Hafiz Babalı reyestrdən keçmişdi. O, reyestrdə qeydə alınmış “Turan” informasiya agentliyinin əməkdaşı idi. Bəs niyə onun qeydiyyatdan keçməsi onun xeyrinə nəzərə alınmadı?
“AbzasMedia, Toplum TV, Meydan TV işləri” nöqtə-vergülünə qədər eynidir. Ona görə Hafiz Babalını misal gətirdim. Demək istədiyim odur ki, bunlar hamısı bəhanədir.
İttiham aktında hüquqi terminlərin çoxluğu sübutların yoxluğunu aradan qaldırmır.
Qaçaqmalçılıqdan danışılır, amma mənim gömrük sərhədindən nəyi, nə vaxt və necə keçirdiyim göstərilmir. Qanunsuz sahibkarlıqdan danışılır, amma mənim həyata keçirdiyim konkret sahibkarlıq fəaliyyəti və ondan əldə etdiyim gəlir müəyyən edilmir. Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasından danışılır, amma əvvəlcə həmin əmlakın hansı cinayətdən əldə edildiyi, sonra isə mənim onun mənbəyini gizlətmək üçün hansı əməliyyatı apardığım sübut olunmur. Vergidən yayınmadan danışılır, amma mənim vergi öhdəliyim və ödəmədiyim məbləğ fərdiləşdirilmir. Saxta sənəddən danışılır, amma mənim hazırladığım və ya saxta olduğunu bilərək istifadə etdiyim konkret sənəd göstərilmir.
Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə görə, cinayət hadisəsi, əməlin kim tərəfindən törədilməsi, təqsirin forması və cinayət məsuliyyətinə təsir edən digər hallar sübut edilməlidir. Mənə münasibətdə bu sualların heç birinin cavabı yoxdur.
İttiham tərəfi jurnalistlər və ictimai fəallar arasındakı adi münasibətləri cinayət əlaqəsi kimi təqdim edir. Halbuki insanları tanımaq, onlarla ünsiyyətdə olmaq və həbs edilən həmkarlarına dəstək vermək cinayətdə iştirak demək deyil. Bunun əksini qəbul etsək, istənilən redaksiya, hüquq müdafiə təşkilatı və ya dost çevrəsi istintaqın istəyi ilə “mütəşəkkil dəstə” adlandırıla bilər.
Cinayət-Prosessual Məcəlləsinin 145-ci maddəsinə əsasən, hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi baxımından qiymətləndirilməlidir. Mənim jurnalistlərlə tanışlığımı göstərən məlumat aidiyyəti cinayət əməlinin sübutu deyil. Başqa şəxslərin fəaliyyəti barədə materiallar da mənim təqsirimi təsdiqləmir. İttiham tərəfi mənə aid olmayan faktlardan mənim haqqımda nəticə çıxarır”.
Nurlan Libre jurnalistlərin evlərindən götürülmüş əşyaların qaytarılmaması, bu işlə heç bir əlaqəsi olmayan avadanlıqların belə, müsadirə edilməsinə də ifadəsində münasibət bildirib:
“Tozsoran müsadirə olunub. Tozsoranın içində qaçaqmalçılıq yolu ilə pul gətirilib? Yoxsa o tozsoranda saxta sənəd çap olunub? Əsaslandırma olmalıdır ki, bu avadanlıq niyə müsadirə olunur?”
Jurnalist ifadəsində deyib ki, Rusiyada qüvvədə olan “Xarici agentlər haqqında” qanun Azərbaycanda qəbul edilməsə də, faktiki onun əsasında davranırlar:
“Bizə açıq şəkildə desinlər ki, Rusiyada qüvvədə olan filan qanunu pozduğunuza görə həbsdəsiniz. Yoxsa ki, qaçaqmalçılıq elə gəldi, qanunsuz sahibkarlıq belə getdi…
Ölkəyə giriş-çıxışımızla bağlı sorğu verib cavab alıblar, o o cavabı da işin içinə tikiblər. Biz bəyəm saxta pasport düzəldib getmişik? Gəzməyə getmək nə vaxtdan cinayət olub? Yaxud da “Signal” proqramından istifadə etməyimizi ayrıca sübut kimi işə əlavə ediblər. Bu, “Whatsapp” kimi bir proqramdır. Harda yazılıb ki, “Signal” proqramından istifadə eləmək olmaz?.
Gürcüstanın “TBC Bank”ından mesaj gəlməsini də sübut kimi qeyd ediblər. Bu bank cinayətkar qurumdursa, açıq şəkildə yazsınlar. Bu bankla əlaqəsi olan hamını məsuliyyətə cəlb eləsinlər. Qanun hamı üçün eyni olmalıdır. Ya bu bankla əlaqəsi olan azərbaycanlıların hamısı cəzalandırılmalıdır, ya da heç biri. Bu qədər absurd istintaq olar?”
2018-ci ildən jurnalistika fəaliyyət göstərdiyini deyən Nurlan Libre onunla birlikdə məhkəmə qarşısında olan 11 nəfərlə tanışlığı barədə məlumat verib. O bildirib ki, təqsirləndirilən şəxslərdən “Bakı Jurnalistika Məktəbi”nin direktor müavini Ülvi Tahirovu ümumiyyətlə tanımayıb.
Nurlan Libre işgəncəyə məruz qaldığını qeyd edərək, ifadəsində bu barədə də danışıb. Onun sözlərinə görə, metronun “Nəriman Nərimanov” stansiyasının yaxınlığında üç nəfər tərəfindən saxlanılıb və dərhal da zorakılıqla üzləşib:
“Əllərimi arxadan qandallayıb, zorakılıqla maşına mindirdilər. Maşında zorakılığa məruz qaldım. Məni Sumqayıtda yaşadığım evə apardılar. Fiziki və psixoloji işgəncələr altında ifadə verdiyimə görə həmin ifadəmdən imtina edirəm”.
Sərbəst ifadəsindən sonra Nurlan Libre prokurorun suallarını cavablandırıb. O, suallara cavabında da bildirib. ki, bloger Həbib Müntəziri tanıması, Meydan TV-dən pul alması barədə istintaqda ifadəsində yazılanlar işgəncənin nəticəsidir: “Mən Aqşin Əsədov adlı adam da tanımıram”.
Nurlan Libre ifadəsində onun həyat yoldaşı ilə boşanması və məhkəmədə övladının anasından alınması tələbi ilə çıxış etməsi barədə sosial mediada yayılan məlumatlara da münasibət bildirib. Jurnalist bu məlumatların əsassız olduğunu deyib: “Mən övladımın keçmiş həyat yoldaşımdan alınmasını istəməmişəm. Bunlar dezinformasiyadır.”.
Nurlan Libre ifadəsini bu şeirlə yekunlaşdırıb:
Mən mərdliyə məhkum olanam, məhkəmə məhkum,
Məhkəmə məhkum edə bilməz məni heç məhkəmə məhkum…
Min şadlığı bir göz yaşına, nəşəni dərdə,
Yüz zövqü-səfanı edərəm bir qəmə məhkum…
Öz kölgəmin ardınca düşüb caniyə döndüm,
Kölgəm mənə hakimdi, mən öz kölgəmə məhkum…
Bəs pərdədə zildən oxuyub, zildə pəs oldum,
Bəmdən güc alan zil, yenə oldu bəmə məhkum…
Yox, varlığa darlıq dedilər, bilmədilər ki,
Çox var olanı tale edibdir kəmə məhkum…
Şair o zaman hökm eləyər, ölkəsi olsun,
Ölkəm özü məhkumdursa… kim ölkəmə məhkum…
Görkəm ucalıb ölkədə şəxsiyyəti ötmüş,
Şəxsiyyət olub gövdəli bir görkəmə məhkum…
Dövlət ittihamçısı Nurlan Libreyə suallar ünvanlayarkən jurnalist onun ittiham aktını oxumadığını, bu səbəbdən cavabı ittiham aktından yazılan sualları verdiyini deyib. Bu zaman jurnalist dövlət ittihamçısının səriştəsiz olduğunu deyib.
Xəyalə Ağayeva da dövlət ittihamçısına etiraz edib:
“Siz nə üçün sual verdikdən sonra cavab səsləndirilərkən təkrar sualla müdaxilə edirsiniz? Cavabı dinləmək istəmirsiniz?”.
Daha sonra Ülviyyə Əli ifadə verib.
Jurnalist həmkarları Şəmşad Ağa, Natiq Cavadlı belə ifadəyə görə ona təşəkkür edib.
“Demokratik ölkədə normal məhkəmə olsaydı, belə ifadədən, ortaya qoyduğu sübutlardan sonra açıb Ülviyyəni buraxardı. Siz isə sübut edirsiniz ki, burada məhkəmə yox, məzhəkədir”, deyə Şəmşad Ağa əlavə edib.
Növbəti məhkəmə prosesi sentyabrın 28-nə təyin olunub.
2024-cü il dekabrın 6-da Meydan TV-nin baş redaktoru Aynur Qənbərova (Elgünəş) və əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov həbs edilib.
Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.
2025-ci il fevralın 5-i Meydan TV- nin redaktoru Şəmşad Ağayev (Ağa), daha sonra müstəqil jurnalistlər – fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.
Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.
Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.