Vasif Talıbovdan sonra çökən quşçuluq: subsidiya kimə çatacaq?

Foto: Galdric PS/shutterstock

Naxçıvanda yumurta istehsalına dəstək məqsədilə dövlət subsidiya ayıracaq. Aqrar Subsidiya Şurasının qərarına əsasən, Muxtar Respublikada quşçuluq təsərrüfatlarında istehsal edilərək tədarükçülərə satılan hər 1000 ədəd süfrəlik yumurtaya 30 manat subsidiya veriləcək. Bu qərar son illər adıçəkilən bölgənin quşçuluq təsərrüfatında yaranan geriləmənin qarşısını almaq məqsədi daşısa da, reallıqda bundan məmurlara bağlı iri fermer təsərrüfatlarının faydalanacağı görünür.

2021-ci ildə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin yaydığı məlumatda regiondakı quşçuluq təsərrüfatlarının ümumi sayının 89-a çatdığı qeyd edilirdi. Həmin dövrdə illik yumurta istehsalı 110 milyon ədədə, quşların baş sayı isə 1,5 milyon ədədə qədər yüksəlmişdi.

Lakin Naxçıvanın Dövlət Statistika Komitəsinin 2025-ci ilə dair statistikasına görə, ötən il 69,6 milyon ədəd yumurta istehsal olunub ki, bu da 2022-ci illə müqayisədə 37 faiz azalma deməkdir. Quşların baş sayı isə 3 dəfə azalaraq 570 minə düşüb. Ümumilikdə, sektordakı əsas göstəricilər 2000-ci illərin əvvəllərindəki səviyyəyə geriləyib.

Rəsmi statistikada istehsal olunan yumurtaların nə qədərinin süfrəlik, nə qədərinin isə damazlıq olduğuna dair ayrı-ayrı göstəricilər əks olunmur. Subsidiyanın yalnız süfrəlik yumurta satışına şamil ediləcəyini nəzərə alsaq, kiçik kəndli təsərrüfatlarının dövlət dəstəyindən nə dərəcədə faydalanacağı sual yaradır. Çünki kiçik fermerin böyük həcmdə süfrəlik yumurta tədarük edə bilməsi üçün ilk növbədə keyfiyyətli yemə çıxışı olmalıdır. İqtisadçılara görə, bu zaman çəkilən xərc əldə olunacaq subsidiya məbləğini üstələyir ki, bu da kiçik fermer üçün sərfəli deyil.

Talıbovlardan sonra Naxçıvanda quşçuluq niyə tənəzzül etdi?

Regiondakı quşçuluq müəssisələri illər boyunca Naxçıvan MR Ali Məclisinin keçmiş sədri Vasif Talıbova, onun yaxın ətrafına və deputatlara məxsus şirkətlərin nəzarətində olub. 2022-ci ilin dekabrında V.Talıbov istefa verdikdən sonra da bu sektorda tədricən tənəzzül müşahidə edilir.

Mütəxəssislər istehsaldakı bu azalmanı qüvvəli yem və damazlıq (inkubator) təchizatında yaranmış problemlərlə əlaqələndirirlər.

Naxçıvanda quşçuluq təsərrüfatlarını yem və inkubator məhsulları ilə təmin edən şirkətlər Vasif Talıbova yaxın şirkətlər olub. Hazırda hər iki sahədə əl dəyişməsi baş verib.

Belə ki, “Gəmiqaya Holdinq”in tabeliyindəki “Naxçıvan Taxıl Məmulatları Sənaye Kompleksi” MMC bölgə üzrə quşçuluq təsərrüfatlarının ən böyük yem təchizatçısı olub. Talıbovun istefasından sonra “Gəmiqaya Holdinq” də əlindən alınaraq əsas iş ortağı Emin Uçara məxsus “Arkoz Holdinq” ilə birləşdirildi. E.Uçarın eyni zamanda, Azərbaycanın hakim ailəsinə yaxın olan şirkətlərin idarəçiliyində təmsil olunduğu iddia edilir.

Belə görünür ki, bu idarəçilik dəyişikliyindən sonra Naxçıvanın quşçuluq təsərrüfatlarında qüvvəli yem təchizatı zəncirində ciddi axsamalar yaranıb.

Eyni zamanda, təsərrüfatları inkubator cücələri ilə təmin edən “Araz-3” MMC də V.Talıbovun dövründə Naxçıvan İqtisadiyyat Nazirliyinin tabeliyində təsis edilən şirkətlərdən biridir. Vergi reyestrinin məlumatları göstərir ki, son iki ildə MMC-nin qanuni təmsilçiləri tez-tez dəyişib. Bu şəxslər arasında Talıbov ailəsinə məxsus olmuş “Naxçıvanbank”ın İdarə Heyətinin keçmiş sədr müavini, eləcə də Mərkəzi Bankın Naxçıvan MR İdarəsinin sabiq sədri Emin Malik oğlu Axundovun da adı var. O, 2024-cü ildə “Araz-3” MMC-yə direktor gətirilsə də, ilin sonunda qanuni təmsilçi yenidən dəyişdirilib.

Yerli fermerlər deyir ki, regionda quşların baş sayının kəskin azalması birbaşa bu müəssisənin istehsal gücünün aşağı düşməsi ilə bağlıdır. Hazırda bölgədə inkubator cücə təchizatında yaranan problem qiymətlərin bahalaşmasına gətirib çıxarıb.

Beləliklə, V.Talıbovun yem və damazlıq sektorunda illərlə saxladığı monopoliya onun gedişindən sonra bütün təchizat zəncirində təlatüm yaradıb.

Bazar yenə də deputatların və Talıbovların əlindədir

Meydan TV-nin apardığı araşdırma müəyyən edib ki, geriləməyə baxmayaraq, Muxtar Respublikanın ən böyük quşçuluq təsərrüfatları hələ də keçmiş hakimiyyət elitasına və deputatlara bağlı şəxslərin nəzarətindədir.

Hazırda Naxçıvanda ən böyük broyler təsərrüfatı “Ləzzət Group”un tərkibində olan “Ləzzət Broyler” hesab olunur. Təsərrüfatın qurulması üçün təkcə 2012-ci ildə Sahibkarlığa Kömək Fondundan 1 milyon manatdan çox güzəştli dövlət krediti ayrılıb.

2011-ci ildən fəaliyyət göstərən bu müəssisənin 25 faiz payı Naxçıvan MR Ali Məclisinin deputatı Teymur Yaqub oğlu Rzayevə məxsusdur. O, həm də şirkətin direktorudur.

Halbuki Konstitusiya və müvafiq qanunvericiliyə görə, deputatın sahibkarlıq fəaliyyəti ilə məşğul olması və biznes sahibi olması qadağandır.

Şirkətlər qrupunun maliyyə hesabatlarına əsasən, digər payçılar 25 faizlə Namiq Yaqub oğlu Novruzov və 50 faizlə Türkiyə vətəndaşı İshak Muharrem oğlu Yaycılıdır.

Hər iki şəxsin adı Vasif Talıbovun və ailə üzvlərinin şirkətlərində keçir. Namiq Novruzov “Sirab”la yanaşı, Talıbovlar ailəsinə məxsus “Badamlı Mineral Sular” MMC-nin də sədridir.

Yuxarıda adıçəkilən şəxslərin şərikliyi ilə qurulan “Ləzzət Broyler”in hazırkı nizamnamə kapitalı 600 min 100 manat təşkil edir.

Keçmiş deputatın quşçuluq şəbəkəsi

Digər iri müəssisə Babək rayonunun Kərimbəyli kəndində fəaliyyət göstərən və “Naxçıvan Broyler” markası ilə məhsul istehsal edən “Vəfa” MMC-dir.

2006-cı ildə yaradılan şirkətin vergi tarixçəsindən görünür ki, onun ilk hüquqi təmsilçisi Naxçıvan Ali Məclisinin bir neçə çağırış deputatı olmuş Sabir Əhəd oğlu Kazımovun qardaşı Səmənd Kazımov olub. Sabir Kazımovun məhz deputatlıq dövründə qardaşı bu təsərrüfatı genişləndirib.

Növbəti illərdə şirkətin qanuni təmsilçiləri dəyişib və onların adına daha bir neçə quşçuluq təsərrüfatı qurulub.

Belə ki, “Vəfa”MMC-nin 2015-ci ilin dekabrında hüquqi təmsilçisi kimi Yaqub Qadir oğlu Novruzovun adına rast gəlinir. Araşdırma göstərir ki, bu şəxsə yaxın müxtəlif kəndlərdə başqa quşçuluq təsərrüfatı da mövcuddur. Belə ki, Y.Novruzov 2016-cı ildə yaradılan “Ordubad Quşçuluq” MMC-nin də hüquqi təmsilçisi olub. Daha sonra 2018-ci ildə “Ordubad Quşçuluq”un hüquqi təmsilçiliyi Bilal Feyzulla oğlu İsmayılova keçib. Bilal İsmayılovun adı isə 2022-ci ildə Kırna kəndində qeydiyyatdan keçən “Culfa Quşçuluq”da da hüquqi təmsilçi kimi görünür.

Naxçıvan İqtisadiyyat Nazirliyinin rəsmi məlumatına görə, 2000-2021-ci illər ərzində regionda quşçuluq təsərrüfatlarının qurulmasına 8 milyon manatdan çox güzəştli kredit ayrılıb. Məmur-oliqarxlar onlara məxsus iri quşçuluq təsərrüfatlarını genişləndirmək üçün illərlə dövlətin ucuz maliyyə resurslarından bəhrələniblər. Lakin bugünkü mənzərədən görünür ki, vaxtilə ölkə üzrə yumurta istehsalının 6 faizini təmin edən Naxçıvanın payı hazırda 3 faizə qədər düşüb.

Mütəxəssislər yeni subsidiyanın ayrılmasının mövcud mənzərəni dəyişəcəyinə şübhə ilə yanaşırlar. Çünki mövcud şərtlər sıravi kəndlinin və kiçik təsərrüfatların bu dəstəyə çıxışını çətinləşdirir. Onlar bildirirlər ki, ilk növbədə fermerlərin ucuz və keyfiyyətli yemə və damazlığa çıxışı təmin edilməlidir.

Ana səhifəAraşdırmaVasif Talıbovdan sonra çökən quşçuluq: subsidiya kimə çatacaq?