Qara dənizdə Rusiya-Ukrayna müharibəsi fonunda azərbaycanlıların olduğu “TEDY” adlı yük gəmisi dron hücumuna məruz qalıb.
Hadisə sentyabrın 9-da Ukraynanın Çernomorsk şəhəri yaxınlığında baş verib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) yaydığı məlumata görə, hücum nəticəsində Azərbaycan vətəndaşları Aslan Əliyev və Asim Qasımov həlak olub, İmran Novruzov və Rauf Əliyev isə xəsarət alıb.
Gəminin hansı istiqamətdə hərəkət etdiyi və hücumu kimin həyata keçirdiyi barədə hələlik məlumat verilməyib.
XİN bildirib ki, hazırda məsələ ilə bağlı Azərbaycanın diplomatik nümayəndəlikləri və müvafiq ölkələrin səlahiyyətli qurumları ilə əlaqələndirmə işləri aparılır.
Nazirlik Azərbaycan vətəndaşlarını hərbi əməliyyatların davam etdiyi və ya təhlükəsizlik vəziyyətinin qeyri-sabit olduğu bölgələrə səfər etməkdən, həmin ərazilərdə işləməkdən, eləcə də bu marşrutlar üzrə fəaliyyət göstərən nəqliyyat vasitələrində, o cümlədən gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb.