Sentyabrın 8-də Şəki rayonunun Baş Küngüt kəndində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində əyləncə qurğusunun trosunun qırılması nəticəsində iki nəfər həlak olub.
TƏBİB-in məlumatına görə, saat 14:50 radələrində istirahət mərkəzindən Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası iki kişinin həkiməqədər ölümünü qeydə alıb. İlkin məlumata əsasən, onlar kanatın trosunun qırılması nəticəsində hündürlükdən yıxılıblar.
Həlak olanlar Qax rayon sakini Coşqun Ceyhun oğlu Məmmədov və Ucal Asif oğlu Bayramovdur. Hadisə ilə bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır. Qəzanın texniki səbəbləri, qurğunun sonuncu dəfə nə vaxt yoxlanıldığı, təhlükəsizlik tələblərinə uyğun olub-olmadığı və hadisəyə görə məsuliyyət daşıyan şəxslər barədə hələlik rəsmi məlumat açıqlanmayıb.
“Şəki Yaylası”nın öz internet səhifəsində də faciənin baş verdiyi əyləncə növü “zipline” istirahət mərkəzinin xidmətlərindən biri kimi təqdim olunur.
Hadisədən sonra Baş Prokurorluq qəzanın ilkin səbəbləri barədə yeni məlumat yayıb. Bildirilib ki, sentyabrın 8-də Şəki rayonunun Baş Küngüt kəndində yerləşən “Şəki Yaylası” istirahət mərkəzində 1999-cu il təvəllüdlü Ucal Bayramov və 1995-ci il təvəllüdlü Coşqun Məmmədzadə “Zipline” əyləncəsindən istifadə edərkən kanat sisteminin bərkidildiyi metal konstruksiya deformasiyaya uğrayıb. Nəticədə əsas mexaniki qurğu kanatdan çıxıb, əlavə təhlükəsizlik avadanlığı da zədələnib və hər iki şəxs hündürlükdən yıxılaraq həyatını itirib.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü — iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq maddəsi ilə cinayət işi başlanıb. Hazırda qurğunun texniki vəziyyəti, istismar zamanı təhlükəsizlik tələblərinə əməl olunub-olunmaması və hadisəyə görə məsuliyyət daşıyan şəxslərin müəyyənləşdirilməsi istiqamətində istintaqın aparıldığı qeyd olunur.
Fövqəladə Hallar Nazirliyi isə bildirib ki, hadisənin baş verdiyi “zipline” qurğusuna nəzarət onun səlahiyyətlərinə daxil deyil. Nazirliyin açıqlamasına görə, qurğu elektrik mühərriki və ya digər mexaniki ötürücü vasitə ilə işləmədiyindən təhlükə potensiallı obyektlərin siyahısına daxil edilmir və FHN-in müvafiq dövlət agentliyinin nəzarət sahəsinə aid deyil. FHN həmçinin qeyd edib ki, sözügedən qurğuda ayrıca təhlükəsizlik cihazı və ya sığortalayıcı tros olmayıb.
İstirahət mərkəzi kimə məxsusdur?
“Şəki Yaylası” istirahət mərkəzi “MGN Group” şirkətlər qrupunun tərkibində fəaliyyət göstərir. Qrupun rəsmi saytında “Şəki Yaylası” onun üç hotelindən biri kimi göstərilir. Digər iki hotel Şabrandakı “Bağçalı Hotel” və Novxanıdakı “My Beach”dir. Şirkət özünü 2024-cü ildən fəaliyyət göstərən, üç hotel və iki yaşayış kompleksini birləşdirən qrup kimi təqdim edir. MGN Group-un əlaqə ünvanı isə Masazırdakı “Qurtuluş” yaşayış kompleksidir.
Açıq mənbələrdə “MGN Group” MMC-nin 2024-cü ildə dövlət qeydiyyatına alındığı, nizamnamə kapitalının 10 manat, qanuni təmsilçisinin isə Ümüd Faiq oğlu Quliyev olduğu göstərilir.
Bununla yanaşı, mediada “Şəki Yaylası” istirahət mərkəzinin tanınmış iş adamı Məhərrəm Novruzova məxsus olduğu barədə məlumatlar yayılıb.
Açıq mənbələrdə MGN Group-un benefisiar sahibinin Məhərrəm Novruzov olduğunu birbaşa göstərən dövlət reyestr sənədi əlçatan deyil. Bununla belə, şirkətin hazırkı portfelində Novruzovun uzun illərdir birbaşa əlaqələndirildiyi bir neçə biznesin – “Qurtuluş-93” və “My Beach”in – yer alması tərəflər arasındakı biznes əlaqəsini göstərir.
Məhərrəm Novruzovun biznes şəbəkəsi
Məhərrəm Novruzov Azərbaycanda əsasən tikinti və daşınmaz əmlak biznesi ilə tanınır. O, uzun illər “Bağçalı Evlər” MTK-nın rəhbəri kimi təqdim edilib. Şirkətin ən iri layihələrindən biri Masazır qəsəbəsində salınan “Qurtuluş-93” yaşayış kompleksidir.
2017-ci ildə yayımlanan məlumatlarda “Bağçalı Evlər” MTK-nın 2006-cı ildən Azərbaycanda iri layihələrə sərmayə yatırdığı, “Qurtuluş-93” yaşayış kompleksinin də şirkət tərəfindən tikildiyi bildirilirdi. Həmin məlumatlarda Novxanıdakı “My Beach” hotel-restoran kompleksinin Məhərrəm Novruzov tərəfindən təsis edildiyi də qeyd olunurdu.
Novruzovun “Qurtuluş-93”lə əlaqəsini daha yeni məlumat da təsdiqləyir. 2023-cü ildə “Sabah” Futbol Klubu ilə “Qurtuluş 93 Residence” MTK arasında 12 illik əməkdaşlıq müqaviləsi imzalanarkən Məhərrəm Novruzov rəsmi məlumatda MTK-nın təsisçisi kimi təqdim olunub.
Araşdırma zamanı əldə olunan məlumatlara görə, Novruzovun biznesləri yalnız mənzil tikintisi ilə məhdudlaşmır. Onun və ailəsinə bağlı biznes şəbəkəsinin yaşayış, hotelçilik, restoran, istirahət, əyləncə və idman sahələrini əhatə etdiyi müəyyənləşdirilib.
Bu şəbəkəyə aşağıdakı obyekt və layihələr daxildir:
- Masazırdakı “Qurtuluş-93” yaşayış kompleksi;
- “Bağçalı Evlər” MTK;
- Novxanıdakı “My Beach” hotel və istirahət kompleksi;
- Şəkinin Baş Küngüt kəndindəki “Şəki Yaylası” istirahət mərkəzi;
- Şabrandakı “Bağçalı Hotel Fitness & Spa Center”;
- Xaqani küçəsi 73A ünvanında yerləşən NYX Premium Cafe;
- Masazırdakı StarFood ailəvi restoranı;
- Masazırdakı TopTop ailəvi əyləncə mərkəzi;
- “Əlincə” Futbol Klubu;
- Şabrandakı “Əlincə” İdman Akademiyası.
- Masazır qəsəbəsində – “Xəzər Food” restoranı
- “Şən yuva” uşaq bağçası – “Qurtuluş-93” yaşayış kompleksi.
- “ON GROUP” MMC şirkəti
- “TANAR” FIRMASI MMC
Novruzovun layihələrində yüksək səviyyəli dövlət təması
Məhərrəm Novruzovun biznes fəaliyyətinin müxtəlif dövrlərində onunla əlaqəli layihələr yüksək səviyyəli dövlət rəsmilərinin iştirakı ilə diqqət mərkəzinə gəlib. 24 dekabr 2010-cu ildə Mehriban Əliyeva Masazırdakı “Qurtuluş-93” yaşayış kompleksinə gedib. O, burada Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2009-cu ildə tikilmiş 3 nömrəli məktəbdə yaradılan şəraitlə tanış olub, daha sonra kompleksdə yerləşən və Məhərrəm Novruzovun xanımı, Gülnar Hüseynova tərəfindən təsis olunan və idarə olunan 120 yerlik “Şən yuva” uşaq bağçasının açılış lentini kəsib. Bağça da Fondun “Təhsilə dəstək” layihəsi çərçivəsində inşa olunmuşdu.
İki il sonra, 26 dekabr 2012-ci ildə Prezident İlham Əliyevin sərəncamı ilə Məhərrəm Məhəmməd oğlu Novruzov “Tərəqqi” medalı ilə təltif edilib. Rəsmi sərəncamda mükafatın Abşeron rayonunun yaradılmasının 50 illiyi və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərə görə verildiyi göstərilir. Həmin dövrdə Novruzovun əsas biznes layihəsi də məhz Abşeron rayonunun Masazır qəsəbəsindəki “Qurtuluş-93” kompleksi idi.
3 oktyabr 2014-cü ildə isə Prezident İlham Əliyev Masazırda 13 min tamaşaçı tutumu olan stadionun açılışında iştirak edib. Rəsmi məlumatda stadionun adı çəkilməsə də, Novruzovun rəhbərlik etdiyi “Bağçalı Evlər” MTK-nın sonrakı təqdimatlarında həmin obyekt “Əlincə Arena” kimi göstərilib və stadionun yaradılmasına şirkətin sərmayə qoyduğu bildirilib.
Novruzovun ailəsinin adı əvvəlki yol qəzalarında da keçib
Məhərrəm Novruzovun ailə üzvlərinin adı 2021-ci ildə baş verən iki yol qəzasında da hallanıb.
Həmin ilin iyununda Novruzovun kürəkəni Elşad Kərbalayevin (Kəlbəliyev) idarə etdiyi “Range Rover” Novxanı-Sumqayıt yolunda “Daewoo Damas”la toqquşub. Qəza nəticəsində dörd nəfər həlak olub. Kərbalayev həbs edilib və Bakı Ağır Cinayətlər Məhkəməsi ona əvvəlcə 9 il həbs cəzası verib. Sonrakı məhkəmə proseslərində cəza azaldılıb, 2025-ci ilin dekabrında isə ona amnistiya tətbiq olunaraq azadlığa buraxılıb. “Əlincə” İdman Akademiyasının prezidenti olub.
Təxminən üç həftə sonra, iyulun 5-də Novruzovun həyat yoldaşı Gülnar Hüseynovanın idarə etdiyi “Mercedes Gelandewagen” Masazırda çoxmaşınlı yol qəzasına düşüb. İlkin xəbərlərdə qəzanın Hüseynovanın idarəetməni itirməsi nəticəsində baş verdiyi bildirilsə də, Dövlət Yol Polisi sonradan səbəbkarın başqa avtomobilin sürücüsü olduğunu açıqlayıb. Açıq mənbələrdə Hüseynovanın bu hadisəyə görə məsuliyyətə cəlb olunmasına dair məlumat yoxdur.
Məhərrəm Novruzovun yüksək vəzifəli şəxslərin himayəsindən istifadə etdiyi barədə də müxtəlif vaxtlarda iddialar səslənib. Mətbuatda yayılan materialda “Qurtuluş-93” sakinlərinin şikayətlərindən bəhs edilir və Novruzovun narazılıqlara cavab olaraq “mənim arxamda nazir dayanır” dediyi iddia olunur. Məhərrəm Novruzovun arxasında daxili işlər naziri Vilayət Eyvazovun dayandığı barədə də iddialar səsləndirilir.