2026-cı il iyunun 12-dən Avropa İttifaqında sığınacaq istəyənlər üçün yeni qaydalar qüvvəyə minib. Dəyişikliklər Aİ-nin Miqrasiya və Sığınacaq Paktının tərkib hissəsidir.
Yeni sistem sığınacaq istəyən şəxsin Aİ-yə gəldiyi andan etibarən onun müraciətinə necə baxılacağını, hansı ölkənin bu işə cavabdeh olacağını, müdafiə alıb-almayacağını və lazım gəldikdə necə geri qaytarılacağını müəyyən edən qaydaları dəyişir.
Aİ bununla sığınacaq müraciətlərinə daha tez baxmaq, gələn şəxsin kimliyini və hansı ölkədən, hansı yolla gəldiyini daha erkən müəyyənləşdirmək istəyir. Eyni zamanda, məqsəd miqrasiya yükünü üzv ölkələr arasında daha bərabər bölüşdürmək və qeydiyyatdan sonra insanların öz istəyi ilə bir Aİ ölkəsindən digərinə keçməsinin qarşısını almaqdır.
Yeni qaydalar daha çox Aİ-yə qanunsuz yollarla gələnlərə və elə xarici sərhəddə sığınacaq istəyənlərə aiddir.
Məsələn, Aİ-yə viza ilə qanuni gələn və daha sonra ölkə daxilində sığınacaq istəyən şəxs aşağıda göstərilən bütün mərhələlərdən keçməyə bilər.
Aİ niyə qaydaları dəyişdi?
İndiyədək əsasən “Dublin sistemi” işləyirdi. Bu sistem kimin sığınacaq ala biləcəyini müəyyən etmirdi. Sadəcə sığınacaq müraciətinə hansı Aİ ölkəsinin baxmalı olduğunu müəyyənləşdirirdi.
Bunun üçün əvvəlcə şəxsin ailə əlaqələrinə, vizasına və yaşayış icazəsinə baxılırdı. Başqa əsas yox idisə, onun Aİ-yə ilk dəfə hansı ölkədən qanunsuz daxil olduğu mühüm rol oynayırdı.
Məsələn, bir nəfər Türkiyədən Yunanıstana keçir, daha sonra Almaniyaya gedib orada sığınacaq istəyirdisə, Almaniya onun işinə Yunanıstanın baxmalı olduğu qənaətinə gələ və həmin şəxsi ora geri göndərməyə çalışa bilərdi.
Yeni qaydalarda bu prinsip qalır: sığınacaq müraciətinə bir ölkə baxmalıdır və müraciət edən şəxs istədiyi Aİ ölkəsini özü seçə bilməz.
Amma hansı ölkənin məsul olduğunu müəyyən edən qaydalar dəyişib və nəzarət daha sərt olub.
Məsələn, şəxsin Aİ-yə ilk dəfə qanunsuz daxil olduğu ölkənin məsuliyyəti indi, bir qayda olaraq, 20 ay davam edir.
Ailə üzvlərinin harada yaşaması, hansı ölkənin viza və ya yaşayış icazəsi verməsi də nəzərə alınır. Bəzi hallarda adamın Aİ ölkələrindən birində təhsil alması da əhəmiyyət daşıya bilər.
Məsələn, həmin şəxs Aİ ölkələrindən birində diplom və ya ixtisas sənədi alıbsa və bunun üzərindən altı ildən çox keçməyibsə, müəyyən hallarda onun sığınacaq müraciətinə həmin ölkə baxa bilər.
Bundan başqa, miqrasiya təzyiqi daha çox olan ölkələr üçün daimi yardım mexanizmi yaradılıb.
Digər Aİ ölkələri belə dövlətlərə müxtəlif formada kömək etməlidir: sığınacaq istəyənlərin bir hissəsini öz ərazisinə qəbul edə, pul ayıra və ya başqa dəstək göstərə bilərlər.
Yəni Dublin sistemi tamamilə aradan qaldırılmayıb. Əsas qayda saxlanılıb, amma üzv ölkələr arasında yükün bölüşdürülməsi və sığınacaq istəyənlərin Aİ daxilində özbaşına hərəkətinin məhdudlaşdırılması üçün yeni mexanizmlər əlavə edilib.
Sərhəddə insanı nə gözləyir?
Aİ-nin xarici sərhədini qanunsuz keçənlər üçün proses indi ilkin yoxlama — skrininqlə başlayır.
Bu mərhələdə hələ şəxsin sığınacaq almağa haqqı olub-olmadığı araşdırılmır.
Əsas məqsəd onun kimliyini, haradan və hansı yolla gəldiyini, təhlükəsizlik baxımından risk yaradıb-yaratmadığını və xüsusi yardıma ehtiyacının olub-olmadığını müəyyən etməkdir.
Xarici sərhəddə bu yoxlama ən çoxu yeddi gün çəkməlidir.
Əgər şəxs artıq ölkə daxilində aşkarlanıbsa və məlum olubsa ki, Aİ-nin xarici sərhədini qanunsuz keçib, amma daha əvvəl bu yoxlamadan keçməyib, proses üç günədək davam edə bilər.
Əvvəlcə şəxsin kimliyi müəyyən edilir və ya yoxlanılır. Daha sonra məlumatları təhlükəsizlik bazaları ilə tutuşdurulur, ilkin tibbi müayinə aparılır və onun xüsusi həssas vəziyyətdə olub-olmadığı qiymətləndirilir.
Biometrik məlumatlar da toplanır.
Altı yaşından başlayaraq uşaqların da barmaq izi və üz görüntüsü Eurodac sisteminə daxil edilə bilər. Bu baza vasitəsilə şəxsin daha əvvəl başqa Aİ ölkəsində qeydiyyatdan keçib-keçmədiyini və ya orada sığınacaq istəyib-istəmədiyini görmək mümkündür.
Sığınacaq istəyən şəxsin məlumatları Eurodac-da on ilədək saxlanıla bilər. Aİ-nin xarici sərhədini qanunsuz keçərkən saxlanılan şəxsin məlumatları isə beş ilədək qoruna bilər.
İlkin yoxlama zamanı sağlamlıq vəziyyətinə də baxılır.
Məsələn, şəxsin təcili tibbi yardıma ehtiyacı varsa, müşayiətsiz uşaqdırsa və ya başqa xüsusi vəziyyəti varsa, bu nəzərə alınmalıdır.
Daha sonra onun Aİ-yə hansı marşrutla gəldiyi araşdırılır: haradan çıxıb, hansı ölkələrdən keçib, əvvəllər başqa Aİ ölkəsində olubmu?
Əgər şəxs ölkəsinə qayıtmaqdan qorxduğunu və müdafiə istədiyini deyirsə, onun sığınacaq müraciəti üzrə prosedur başlayır.
Sadə desək, sərhəddəki ilkin yoxlama bu suallara cavab tapmalıdır:
Bu şəxs kimdir? Haradan gəlib? Hansı yolla gəlib? Daha əvvəl Aİ-də qeydiyyata alınıbmı? Təhlükəsizlik riski varmı? Tibbi və ya başqa yardıma ehtiyacı varmı? Bundan sonra onun işi hansı prosedurla davam etməlidir?
Bu mərhələdə şəxs fiziki olaraq Aİ ölkəsinin ərazisində ola bilər, amma hüquqi baxımdan hələ ölkəyə buraxılmış sayılmaya bilər.
Sığınacaq müraciətinə hansı ölkə baxacaq?
Qeydiyyatdan sonra müəyyən edilməlidir ki, şəxsin sığınacaq işinə hansı Aİ ölkəsi baxacaq.
İlk olaraq ailə əlaqələri araşdırılır. Sonra şəxsin hansı ölkədən viza və ya yaşayış icazəsi aldığına baxılır.
Bəzi hallarda Aİ ölkəsində alınmış diplom və ya ixtisas da nəzərə alına bilər.
Başqa əsas yoxdursa, insanın Aİ-yə ilk dəfə qanunsuz daxil olduğu ölkə əsas meyarlardan birinə çevrilir.
Yeni qaydalar bir ölkədə qeydiyyatdan keçdikdən sonra başqa Aİ ölkəsinə gedib orada yenidən sığınacaq istəməyi də çətinləşdirir.
Məsələn, şəxs əvvəlcə Yunanıstanda qeydiyyatdan keçib, sonra özü Almaniyaya gedibsə, Almaniya Eurodac vasitəsilə onun əvvəlki qeydiyyatını görə bilər.
Qaydalara görə işə Yunanıstan baxmalıdırsa, həmin şəxs yenidən ora göndərilə bilər.
Bununola belə Aİ ölkələrinin öz aralarında ayrıca həmrəylik mexanizmi var.
Çox sayda sığınacaq müraciəti qəbul edən ölkə digər üzv dövlətlərdən kömək ala bilər. Bu yardım bəzi insanların başqa ölkələrə köçürülməsi, maliyyə vəsaiti və ya başqa dəstək formasında ola bilər.
Ancaq bu, sığınacaq istəyən şəxsin hansı ölkəyə göndəriləcəyini özünün seçə bilməsi demək deyil.
“Təhlükəsiz ölkə” nə deməkdir?
Sığınacaq istəyən şəxsin niyə ölkəsindən getdiyi araşdırılmamışdan əvvəl başqa sual da ortaya çıxa bilər:
Aİ ümumiyyətlə bu müraciətin mahiyyətinə baxmalıdırmı?
Burada iki anlayışı bir-birindən ayırmaq lazımdır.
Birincisi, vətəndaşı olduğu və Aİ-nin təhlükəsiz saydığı ölkə.
Bu, insanın öz ölkəsidir.
Aİ hesab edə bilər ki, həmin ölkədə ümumi vəziyyət təhlükəsizdir və onun vətəndaşlarının əksəriyyətinin beynəlxalq müdafiəyə ehtiyacı yoxdur.
2026-cı ilin iyunundan Aİ-nin belə bir vahid təhlükəsiz ölkələr siyahısı var.
Siyahıya Banqladeş, Kolumbiya, Misir, Hindistan, Kosovo, Mərakeş və Tunis daxildir.
Bundan başqa, müəyyən istisnalar olmadığı halda Aİ-yə üzvlüyə namizəd ölkələr də təhlükəsiz ölkə sayıla bilər.
Amma bu siyahıda olan ölkənin vətəndaşına avtomatik rədd cavabı verilmir.
Şəxs yenə də sübut edə bilər ki, ümumi vəziyyətdən fərqli olaraq, məhz onun üçün ölkəsinə qayıtmaq təhlükəlidir.
Azərbaycan bu siyahıda yoxdur.
İkinci anlayış isə təhlükəsiz üçüncü ölkədir.
Burada söhbət insanın öz ölkəsindən yox, yolüstü getdiyi və ya başqa əlaqəsi olan üçüncü dövlətdən gedir.
Əgər həmin ölkədə ona real və effektiv müdafiə verilə bilirsə, müəyyən şərtlərlə Aİ onun sığınacaq müraciətinin mahiyyətinə baxmaya bilər.
Yəni Aİ “bu şəxsin öz ölkəsinə qayıtması təhlükəlidirmi?” sualına keçməzdən əvvəl deyə bilər ki, o, başqa təhlükəsiz ölkədə müdafiə ala bilər.
2026-cı ildə bu qaydanın tətbiq dairəsi genişləndirilib.
İndi bir neçə variant mümkündür.
Şəxsin üçüncü ölkə ilə əvvəlcədən əlaqəsi ola bilər. O, Aİ-yə gələn zaman həmin ölkədən keçmiş ola bilər. Yaxud Aİ və ya ayrıca bir Aİ ölkəsi həmin dövlətlə sığınacaq istəyənlərin qəbuluna dair razılaşma bağlaya bilər.
Sonuncu halda şəxsin əvvəllər həmin ölkədə yaşaması və ya oradan keçməsi vacib olmaya bilər.
Amma bir ölkədən sadəcə tranzit keçmək həmin şəxsin avtomatik ora göndərilməsi demək deyil.
Həmin ölkə təhlükəsiz olmalı, şəxsi təqib və ya ciddi təhlükə gözləyən yerə geri göndərməməli və ona real müdafiə almaq imkanı verməlidir.
Ona görə də yeni sistemdə “Aİ-yə hansı yolla gəlmisiniz?” sualı əvvəlkindən daha vacibdir.
Adi, sürətləndirilmiş və sərhəd proseduru
Əgər sığınacaq müraciətinə Aİ-də baxılmalıdırsa, iş bir neçə qaydada davam edə bilər:
adi prosedur, sürətləndirilmiş prosedur və ya sərhəd proseduru.
Bu prosedurlar Aİ-nin Sığınacaq Proseduru Reqlamenti ilə tənzimlənir.
Sürətləndirilmiş prosedurun tətbiqində şəxsin vətəndaşı olduğu ölkə ilə bağlı statistika da nəzərə alınır.
Aİ hər ölkə üzrə baxır ki, həmin ölkənin vətəndaşlarının neçə faizi sığınacaq və ya başqa beynəlxalq müdafiə alır.
Əgər müsbət qərarların payı 20 faiz və ya daha aşağıdırsa, həmin ölkənin vətəndaşlarının müraciətlərinə, bir qayda olaraq, sürətləndirilmiş qaydada baxılır.
Amma bunun istisnaları var.
Statistika açıqlanandan sonra həmin ölkədə vəziyyət kəskin dəyişibsə, bu qayda tətbiq olunmaya bilər.
Eyni şey şəxsin müəyyən bir qrupa aid olduğu hallara da aiddir.
Məsələn, bütün ölkə üzrə sığınacaq alanların faizi aşağı ola bilər, amma jurnalistlər, siyasi fəallar və ya başqa konkret qrup üçün təhlükə xeyli yüksək ola bilər.
Belə halda ümumi statistika həmin şəxsin vəziyyətini düzgün göstərməyə bilər.
Əgər şəxs Aİ-nin xarici sərhədində sığınacaq istəyirsə, hələ ölkəyə giriş icazəsi almayıbsa və başqa qanuni şərtlər də varsa, 20 faizdən aşağı göstərici onun işinin məcburi sərhəd proseduruna salınmasına əsas ola bilər.
Burada vacib məqam budur:
20 faiz həddi insanın sığınacaq alıb-almayacağını müəyyən etmir.
Bu rəqəm əsasən onun işinə hansı qaydada və nə qədər tez baxılacağına təsir edir.
Sərhəd proseduru başqa hallarda da tətbiq edilə bilər.
Məsələn, şəxs milli təhlükəsizlik və ya ictimai qayda üçün təhlükə hesab edilirsə, yaxud kimliyi və vətəndaşlığı barədə bilərəkdən yalan məlumat veribsə.
Bu prosedur zamanı şəxs adətən sərhəddə, tranzit zonasında və ya xüsusi ayrılmış başqa yerdə qalır.
Sərhəd proseduru ən çoxu 12 həftə çəkməlidir.
Bəzi hallarda başqa Aİ ölkəsinə köçürülmə olarsa, müddət 16 həftəyədək uzana bilər.
Sərhəd prosedurunda olmaq avtomatik həbs demək deyil.
Müşayiətsiz uşaqlar, ciddi xəstəliyi olanlar və xüsusi dəstəyə ehtiyac duyan şəxslər üçün əlavə təminatlar nəzərdə tutulub.
Əgər həmin şəxs üçün lazımi şərait yaratmaq mümkün deyilsə, sərhəd proseduru dayandırıla və ya ümumiyyətlə tətbiq olunmaya bilər.
Qərar necə verilir?
İlkin yoxlamalardan sonra əsas məsələ araşdırılır:
Şəxsin öz ölkəsinə qayıtması həqiqətən təhlükəlidirmi?
Bunun üçün onunla müsahibə keçirilir.
Şəxs başına nə gəldiyini, nədən qorxduğunu və ölkəyə qayıdacağı halda onu hansı təhlükənin gözlədiyini danışır.
O, sübut kimi məhkəmə sənədləri, təhdid mesajları, yazışmalar, məqalələr, fotolar, tibbi sənədlər və başqa materiallar təqdim edə bilər.
Qurumlar onun dediklərini həmin ölkədəki vəziyyət barədə mövcud məlumatlarla müqayisə edirlər.
Əgər risk təsdiqlənirsə, şəxs qaçqın statusu və ya başqa formada beynəlxalq müdafiə ala bilər.
Əgər əsaslar yetərli sayılmırsa, müraciət rədd edilir.
Rədd qərarından şikayət etmək mümkündür.
Amma bəzi sürətləndirilmiş və sərhəd işlərində şikayət vermək həmin şəxsin məhkəmə qərarınadək avtomatik olaraq ölkədə qala bilməsi demək deyil. Bunun üçün ayrıca qərar lazım ola bilər.
Rədd qərarı qüvvəyə mindikdən sonra geri qaytarılma proseduru başlayır.
Sərhəd prosedurunda olan şəxslər üçün ayrıca geri qaytarılma prosesi də 12 həftəyədək davam edə bilər.
Beləliklə, sərhəddə sığınacaq müraciətinə baxılması və sonrakı geri qaytarılma birlikdə 24 həftəyədək çəkə bilər.
Aİ-dən kənarda geri qaytarma mərkəzləri də yaradıla bilər
Yeni sistem yalnız Aİ sərhədləri daxilindəki prosedurlarla məhdudlaşmır.
Artıq tətbiq olunan mexanizmlərdən biri təhlükəsiz üçüncü ölkə qaydasıdır.
Əgər şəxs başqa bir ölkədə effektiv müdafiə ala bilərsə və qanundakı şərtlər yerinə yetirilirsə, Aİ onun sığınacaq müraciətinə mahiyyəti üzrə baxmaya bilər.
Bu, Aİ ətrafında artıq sığınacaq düşərgələri yaradıldığı demək deyil.
İnsanı başqa ölkəyə göndərmək üçün hüquqi əsas olmalı və həmin ölkə təhlükəsizlik tələblərinə cavab verməlidir.
Müzakirə edilən başqa mexanizm isə Aİ-dən kənarda geri qaytarma mərkəzlərinin — “return hub”ların yaradılmasıdır.
Bu mərkəzlər sığınacaq müraciətinə cavab gözləyənlər üçün nəzərdə tutulmur.
Söhbət artıq Aİ-də qalmaq hüququ olmayan şəxslərdən gedir.
2026-cı il iyunun 1-də Aİ Şurası ilə Avropa Parlamenti yeni geri qaytarma qaydaları üzrə ilkin razılığa gəlib.
Razılaşmaya görə, üçüncü ölkələrdə geri qaytarma mərkəzləri yaradıla bilər. Həmin mərkəzlər insanın son göndəriləcəyi yer və ya başqa ölkəyə qaytarılmazdan əvvəl müvəqqəti məntəqə ola bilər.
Belə razılaşmalar yalnız insan hüquqları standartlarına əməl edən və insanları təhlükə ilə üzləşəcəkləri ölkəyə geri göndərməyən dövlətlərlə bağlana bilər.
Müşayiətsiz uşaqlar bu sistemə daxil edilməyəcək.
Razılıq əldə olunan vaxt sənəd hələ hüquqi-linqvistik yoxlamadan keçməli və formal şəkildə təsdiqlənməli idi.
Yeni sistemdə proses ümumən belə görünə bilər:
Aİ sərhədinə çatmaq → ilkin yoxlama → müraciətə hansı ölkənin baxacağının müəyyənləşdirilməsi → təhlükəsiz üçüncü ölkə məsələsinin yoxlanılması → adi, sürətləndirilmiş və ya sərhəd proseduru → şəxsin nə üçün qorxduğunun araşdırılması → qərar → şikayət → müdafiə və ya geri qaytarılma.
Yeni qaydalar sığınacaq istəmək hüququnu ləğv etmir.
Əsas dəyişiklik ondadır ki, Aİ qərarları daha tez vermək, şəxsin kimliyini və marşrutunu əvvəldən müəyyənləşdirmək və sığınacaq istəyənlərin bir Aİ ölkəsindən digərinə özbaşına keçməsini məhdudlaşdırmaq istəyir.
Bundan başqa, bəzi qərarlar artıq şəxs Aİ-yə adi qaydada buraxılmamışdan əvvəl, elə sərhəddə verilə bilər.
Bəs yeni qaydalar Azərbaycan vətəndaşlarına necə təsir edəcək?
Azərbaycan vətəndaşları üçün əsas dəyişikliklərdən biri sığınacaq müraciətlərinə sürətləndirilmiş qaydada baxılması ilə bağlıdır.
Azərbaycan Aİ-nin təhlükəsiz ölkələr siyahısına daxil deyil.
Amma yeni sistemdə başqa bir göstərici var və bu, Azərbaycan vətəndaşlarına birbaşa təsir edir.
Eurostat-ın məlumatına görə, 2025-ci ildə Azərbaycan vətəndaşlarının sığınacaq müraciətləri üzrə birinci instansiyada verilən qərarların cəmi 8,2 faizi müsbət olub.
Bu rəqəm Aİ-nin müəyyən etdiyi 20 faizlik həddən xeyli aşağıdır.
Eurostat bu statistikanı yeni Sığınacaq Proseduru Reqlamentinin tətbiqi üçün ayrıca hazırlayıb. Məlumatlar Danimarka istisna olmaqla Aİ ölkələrini əhatə edir.
8,2 faiz nə deməkdir?
Yeni qaydalara əsasən, vətəndaşlarının sığınacaq müraciətləri üzrə müsbət qərarların payı 20 faiz və ya daha aşağı olan ölkələrdən gələn şəxslərin işlərinə, bir qayda olaraq, sürətləndirilmiş qaydada baxılır.
Azərbaycan da bu qrupa düşür.
Məsələn, Azərbaycan vətəndaşı Aİ-yə viza ilə qanuni gəlib, daha sonra ölkə daxilində sığınacaq istəyirsə, sırf 8,2 faizlik göstəriciyə görə sərhədə geri göndərilmir.
Amma onun müraciətinə, bir qayda olaraq, sürətləndirilmiş prosedurla baxıla bilər.
Aİ-nin xarici sərhədində sığınacaq istəyən və ya sərhədi qanunsuz keçəndən sonra saxlanılan Azərbaycan vətəndaşları üçün vəziyyət fərqli ola bilər.
Əgər şəxs hələ ölkəyə buraxılmayıbsa və qanundakı digər şərtlər də varsa, onun işi məcburi sərhəd proseduruna yönəldilə bilər.
Amma burada çox vacib bir məqam var:
8,2 faiz o demək deyil ki, konkret Azərbaycan vətəndaşının sığınacaq almaq şansı cəmi 8,2 faizdir.
Bu, bütün Azərbaycan vətəndaşları üzrə ümumi statistikadır.
Rəqəm əsasən şəxsin işinə hansı prosedurla baxılacağını müəyyənləşdirir.
Konkret insanın müdafiəyə ehtiyacı olub-olmaması isə ayrıca araşdırılmalıdır.
Qaydalarda bununla bağlı mühüm istisnalar da var.
Məsələn, statistika açıqlanandan sonra Azərbaycanda vəziyyət ciddi şəkildə pisləşibsə, sürətləndirilmiş prosedur tətbiq edilməyə bilər.
Yaxud şəxs elə bir qrupa daxildirsə ki, ölkə üzrə ümumi statistika həmin qrupun üzləşdiyi real təhlükəni və müdafiəyə ehtiyacını əks etdirmir, bu da nəzərə alınmalıdır.
Yəni Azərbaycan üzrə ümumi müsbət qərar faizi aşağı ola bilər, amma konkret bir qrup üçün ölkəyə qayıtmaq riski qat-qat yüksək ola bilər.
Azərbaycana qayıtmaq kimlər üçün daha riskli ola bilər?
Azərbaycan vətəndaşlarının sığınacaq müraciətləri üzrə müsbət qərarların az olması ölkədə insan hüquqları ilə bağlı vəziyyətin pisləşdiyi dövrə təsadüf edir.
Human Rights Watch-un “World Report 2026” hesabatında bildirilir ki, Azərbaycan hakimiyyəti müstəqil mediaya, siyasi rəqiblərə və vətəndaş cəmiyyətinə təzyiqləri artırıb.
Təşkilat xaricdə yaşayan hökumət tənqidçilərinə qarşı cinayət işlərinin açılması və onların qiyabi məhkum edilməsi barədə də məlumat verir.
Xüsusilə müstəqil jurnalistlər və media əməkdaşlarına qarşı təqiblər geniş şəkildə sənədləşdirilib.
Son illərdə Abzas Media, Meydan TV və Toplum TV əməkdaşlarına qarşı cinayət işləri açılıb.
Jurnalist və media əməkdaşlarına qaçaqmalçılıq, qanunsuz sahibkarlıq, çirkli pulların yuyulması, vergidən yayınma və sənəd saxtalaşdırılması kimi ittihamlar verilib.
2025-ci ilin iyununda Abzas Media işi üzrə yeddi jurnalist 7 ildən 9 ilədək həbs cəzası alıb.
2026-cı il iyulun 27-də isə Toplum TV işi üzrə doqquz jurnalist, media əməkdaşı və vətəndaş cəmiyyəti nümayəndəsi 12 ildən 15 ilədək həbsə məhkum edilib.
Human Rights Watch bu hökmü müstəqil jurnalistikaya qarşı hazırkı təqib kampaniyasının başlanmasından bəri ən ağır hökm adlandırıb.
Digər risk qrupu müxalif siyasətçilər, siyasi fəallar və hakimiyyəti açıq tənqid edən şəxslərdir.
Human Rights Watch siyasi fəallara və hakimiyyətin tənqidçilərinə qarşı cinayət işləri və uzunmüddətli həbs cəzaları barədə məlumat yayıb.
Məsələn, 2025-ci ildə siyasi fəal Bəxtiyar Hacıyev 10 il, müxalif siyasətçi Tofiq Yaqublu isə 9 il həbs cəzası alıb.
Təqiblər hüquq müdafiəçilərinə və vətəndaş cəmiyyəti nümayəndələrinə də təsir edib.
Amma bunların heç biri o demək deyil ki, jurnalist, siyasi fəal və ya hüquq müdafiəçisi Aİ-də avtomatik sığınacaq alacaq.
Qurumlar hər bir şəxsin vəziyyətini ayrıca araşdırmalıdır.
Məsələn:
- O nə işlə məşğul olub?
- Hakimiyyət onun fəaliyyəti barədə məlumatlıdırmı?
- Barəsində cinayət işi açılıbmı?
- Təhdid olunubmu?
- Azərbaycana qayıdacağı halda onunla nə baş verə bilər?
Məhz bu suallara cavab əsasında fərdi risk müəyyən olunur.
Ona görə də belə şəxslər üçün ümumi 8,2 faizlik statistika real təhlükəni düzgün əks etdirməyə bilər.
Təqib ölkədən çıxandan sonra da davam edə bilər
Azərbaycanlı sığınacaq istəyənlər üçün başqa bir vacib məqam var:
bəzi hakimiyyət tənqidçilərinə qarşı təqib onlar ölkədən gedəndən sonra da davam edir.
2026-cı ilin iyununda Human Rights Watch xaricdə yaşayan azərbaycanlılara qarşı keçirilən qiyabi məhkəmələrlə bağlı ayrıca araşdırma yayıb.
Təşkilat 2025-ci ilin iyulundan 2026-cı ilin martınadək çıxarılmış səkkiz hökmü araşdırıb.
Həmin şəxslər Fransa, Almaniya, İsveçrə, Niderland, Böyük Britaniya və ABŞ-də yaşayırdılar.
Onlara qiyabi şəkildə uzunmüddətli həbs cəzaları verilib.
İttihamlarda onların internetdəki fəaliyyəti, sosial media paylaşımları və YouTube-da Azərbaycan hakimiyyətini tənqid edən çıxışlarından da istifadə olunub.
Human Rights Watch bu cür halları transmilli repressiya kimi qiymətləndirir.
Bu səbəbdən sığınacaq müraciətinə baxılarkən yalnız insanın Azərbaycanı tərk etməzdən əvvəl başına gələnlər deyil, xaricdəki fəaliyyəti də nəzərə alına bilər.
Məsələn, jurnalist mühacirətdə yaşadığı vaxt müstəqil Azərbaycan mediasında işləməyə davam edə bilər.
Siyasi fəal xaricdə fəaliyyət göstərə bilər.
Yaxud şəxs ölkəni tərk etdikdən sonra hakimiyyəti açıq şəkildə tənqid edə bilər.
Əgər bu fəaliyyət onun Azərbaycana qayıdacağı halda təqib olunması riskini artırırsa, sığınacaq müraciətinə baxılarkən bu da nəzərə alınmalıdır.
Azərbaycan niyə “təhlükəsiz ölkə” siyahısında deyil?
Burada ilk baxışdan ziddiyyət yarana bilər.
Əgər Azərbaycan vətəndaşlarının sığınacaq müraciətlərinin cəmi 8,2 faizi müsbət nəticələnirsə, niyə Aİ Azərbaycanı vətəndaşları üçün təhlükəsiz ölkə hesab etmir?
Səbəb odur ki, bunlar iki ayrı məsələdir.
“Vətəndaşı üçün təhlükəsiz ölkə” statusu həmin ölkədəki ümumi vəziyyətin hüquqi qiymətləndirilməsidir.
20 faiz həddi isə sığınacaq müraciətləri üzrə verilən qərarların statistikasına əsaslanır.
Azərbaycanın vəziyyətində bu iki göstərici üst-üstə düşmür.
Aİ-nin təhlükəsiz ölkələri siyahısında Banqladeş, Kolumbiya, Misir, Hindistan, Kosovo, Mərakeş və Tunis var.
Azərbaycan siyahıda yoxdur.
Amma Eurostat-a görə, 2025-ci ildə Azərbaycan vətəndaşları üzrə birinci instansiyada müsbət qərarların payı yalnız 8,2 faiz olub.
Buna görə Azərbaycan vətəndaşlarının müraciətləri, bir qayda olaraq, sürətləndirilmiş prosedura düşə bilər.
Bununla belə, hər bir şəxs yenə də sübut edə bilər ki, məhz onun Azərbaycana qayıtması təhlükəlidir.
Türkiyə və ya Gürcüstan üzərindən gələnlər üçün nə dəyişir?
Azərbaycan vətəndaşları üçün başqa mühüm dəyişiklik təhlükəsiz üçüncü ölkə qaydasının genişləndirilməsidir.
Azərbaycanlıların Aİ-yə yolu, məsələn, Gürcüstan, Türkiyə və ya Qərbi Balkan ölkələri üzərindən keçə bilər.
Yeni qaydalara görə, bu marşrut sığınacaq işinə təsir göstərə bilər.
Üçüncü ölkədən tranzit keçmək Aİ ölkəsinə belə bir sual vermək imkanı yarada bilər:
Bu şəxs Aİ əvəzinə keçdiyi üçüncü ölkədə müdafiə ala bilərdimi?
Amma bir insanın Türkiyə və ya Gürcüstandan keçməsi onun avtomatik olaraq həmin ölkəyə göndəriləcəyi demək deyil.
Həmin ölkənin konkret şəxs üçün təhlükəsiz olub-olmadığı araşdırılmalıdır.
Orada onu təqib və ya ciddi təhlükə gözləməməlidir.
Həmin ölkə onu sonradan təhlükə ilə üzləşəcəyi yerə göndərməməlidir.
Ən əsası isə orada real müdafiə almaq imkanı olmalıdır.
Ona görə də Gürcüstan və ya Türkiyənin hər bir Azərbaycan vətəndaşı üçün avtomatik olaraq təhlükəsiz üçüncü ölkə olduğunu demək olmaz.
Bu məsələ xüsusilə transmilli repressiya riski olan jurnalistlər və siyasi fəallar üçün vacibdir.
Əfqan Sadıqovun işi bunu necə göstərir?
Azel.TV-nin baş redaktoru Əfqan Sadıqovun işi buna nümunədir.
Sadıqov 2023-cü ilin dekabrından Gürcüstanda yaşayır və jurnalist fəaliyyətini orada davam etdirirdi.
2024-cü ilin avqustunda o, Azərbaycanın ekstradisiya tələbi əsasında saxlanıldı.
Avropa İnsan Hüquqları Məhkəməsi onun Azərbaycana verilməsini müvəqqəti olaraq dayandırdı.
2026-cı il aprelin 1-də Azərbaycan hakimiyyəti ekstradisiya tələbinə əsas olan cinayət təqibinə xitam verdi.
Bundan sonra Gürcüstan hakimiyyəti Sadıqovu inzibati əsaslarla saxladı və aprelin 4-də Azərbaycana deportasiya etdi.
Azərbaycana qaytarıldıqdan sonra jurnalist bir neçə dəfə saxlanıldı.
Daha sonra onun barəsində cinayət işi yenidən açıldı və iyunun 8-də məhkəmə Sadıqovu həbs etdi.
Human Rights Watch bu hadisələrin ardıcıllığını hakimiyyət tənqidçisinin transmilli təqibi üçün hüquqi prosedurlardan istifadə edilməsinin mümkün nümunəsi kimi qiymətləndirir.
Bu hadisə Gürcüstanın bütün hallarda təhlükəsiz üçüncü ölkə sayıla bilməyəcəyini göstərmir.
Amma bir şeyi aydın göstərir:
“Şəxs Gürcüstanda yaşayıb, deməli, onu ora qaytarmaq olar” yanaşması yetərli deyil.
Xüsusilə jurnalist və siyasi fəallarla bağlı ayrıca araşdırılmalıdır ki, həmin üçüncü ölkə onları həqiqətən qoruya bilərmi və onların sonradan Azərbaycana göndərilməsi riski varmı.
Yekun: Azərbaycan vətəndaşı üçün əsasən nə dəyişir?
Azərbaycan vətəndaşları üçün iki dəyişiklik xüsusilə vacibdir.
Birincisi, 8,2 faizlik göstəricidir.
Eurostat-ın statistikasına görə, Azərbaycan vətəndaşlarının sığınacaq müraciətləri üzrə müsbət qərarların faizi 20-dən aşağıdır. Buna görə onların işlərinə, bir qayda olaraq, sürətləndirilmiş prosedurla baxılacaq.
Xarici sərhəddə müraciət edənlər isə müəyyən hallarda sərhəd proseduruna düşə bilər.
Amma 8,2 faiz konkret şəxsin sığınacaq almaq ehtimalı deyil.
Müstəqil jurnalist, siyasi fəal və ya başqa risk qrupuna aid şəxsin vəziyyəti ümumi statistikadan fərqli ola bilər.
Bu, xüsusilə Azərbaycanda müstəqil jurnalistlərə, siyasi fəallara və hakimiyyət tənqidçilərinə qarşı təqiblərin sənədləşdirilməsi fonunda əhəmiyyətlidir.
İkinci dəyişiklik Aİ-yə hansı yolla gəlməklə bağlıdır.
Şəxs Aİ-yə başqa ölkə üzərindən gəlibsə, Aİ həmin ölkədə onun real müdafiə ala bilib-bilməyəcəyini araşdıra bilər.
Amma sadəcə üçüncü ölkədən keçmək şəxsin avtomatik olaraq ora qaytarılması üçün yetərli deyil.
Yəni yeni qaydalar Azərbaycan vətəndaşlarının sığınacaq prosesini daha sürətli, bəzi hallarda isə daha çətin edə bilər.
Amma əsas sual dəyişmir:
Konkret şəxsin Azərbaycana qayıtması onun üçün real təhlükə yaradırmı?
Bu suala yenə də hər bir sığınacaq işi üzrə ayrıca cavab verilməlidir.