Bəylər Eyyubovun qardaşı oğlunun da adının keçdiyi iş üzrə daha bir nəfər Ukraynada saxlanılıb

Source: Baş Prokurorluq

Siqaret qaçaqmalçılığı ilə bağlı cinayət işi üzrə beynəlxalq axtarışda olan Azərbaycan vətəndaşı Ukraynada saxlanılıb. Onun Azərbaycana ekstradisiya ediləcəyi bildirilir.

Bu barədə Baş Prokurrorluq məlumat yayıb. Məlumatda deyilir ki, Baş Prokurorluğun Ukrayna Baş Prokurorluğuna müraciəti əsasında Ənvər Tağıyevin ölkəyə gətirilməsi barədə razılıq əldə olunub. 

Bildirilib ki, Ənvər Tağıyevin aksiz markası ilə markalanmalı olan həmin yükü markalanma olmadan satış məqsədilə saxlamasına əsaslı şübhələr müəyyən edilib.

İstintaq hesab edir ki, Ənvər Tağıyev aksiz markası ilə markalanmalı olan tütün məmulatlarını belə marka olmadan satış məqsədilə saxlayıb. Baş Prokurorluq onun barəsində əsaslı şübhələrin müəyyən edildiyini açıqlayıb.

Ənvər Tağıyev 5,4 milyon manatdan artıq dəyəri olan aksiz markasız tütün məmulatlarının Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilməsi ilə bağlı araşdırılan cinayət işi üzrə beynəlxalq axtarışa verilibmiş.

Cinayət işi üzrə kimlər saxlanılıb?

Bu iş üzrə istintaq ötən ilin dekabrında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən başlayıb.

İstintaqa əsasən, Birləşmiş Ərəb Əmirliklərindən və İrandan 5,4 milyon manatdan artıq dəyərdə aksiz markası olmayan tütün məmulatları gəmilər vasitəsilə Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı və Qaradağ–Ələt ərazisində yerləşən qanunsuz körpü üzərindən Azərbaycana gətirilib.

İş üzrə liman və gömrük əməkdaşları, gəmi kapitanları və heyət üzvləri, tütün məmulatlarının daşınması və saxlanılmasında şübhəli bilinən şəxslər, həmçinin Dövlət Sərhəd Xidmətinin bəzi vəzifəli şəxsləri məsuliyyətə cəlb olunublar.

Təqsirləndirilən şəxslər arasında “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin baş direktoru Rəşad Daşdəmirov, liman xidmətinin rəisi Zaur Haşımov, Bakı Hövsan Ticarət Dəniz Limanı Gömrük postunun rəisi Fərid Usubov, gömrük postunun inspektorları Heydər Eyvazlı və Tamerlan Axundzadə də var.

Fərid Usubov Xüsusi Dövlət Mühafizə Xidməti rəisinin müavini olmuş general-leytenant Cəbrayıl Usubovun oğludur. 

Bəylər Eyyubovun qardaşı oğlu da bu iş üzrə təqsirləndirilir

Cinayət işi çərçivəsində Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi, general-polkovnik Bəylər Eyyubovun qardaşı oğlu, “Bakı Hövsan Beynəlxalq Ticarət Dəniz Limanı” ASC-nin rəhbəri, iş adamı Ruslan Eyyubov da saxlanılmışdı.

O, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə iyunun 4-də ev dustaqlığına buraxılıb. Məhkəmə qərarında onun səhhətindəki problemlərin nəzərə alındığı bildirilib. Eyyubov barəsindəki cinayət işi ayrıca icraata ayrılıb.

Ruslan Eyyubov Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin keçmiş rəisi general-mayor Həsən Eyyubovun qardaşıdır. Ruslan Eyyubov həmçinin kimya sənayesi sahəsində fəaliyyət göstərən “NB Qrup” şirkətinin rəhbəri kimi tanınırdı.

Həsən Eyyubov isə cinayət işi üzrə həbslərdən bir neçə gün əvvəl Dövlət Gömrük Komitəsinin Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 206.4-cü (mütəşəkkil dəstə tərəfindən külli miqdarda qaçaqmalçılıq), 213-1-ci (aksiz markası ilə markalanmalı olan malları aksiz markası olmadan satış məqsədilə saxlama) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittiham irəli sürülüb.

Bu maddələr üzrə 12 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Təqsirləndirilən şəxslər barəsində irəli sürülən ittihamlarla bağlı yekun məhkəmə hökmü hələ çıxarılmayıb.

Ana səhifəSosialBəylər Eyyubovun qardaşı oğlunun da adının keçdiyi iş üzrə daha bir nəfər Ukraynada saxlanılıb