Avqustun 30-da Şimali Kiprin Girne sahilində baş vermiş gəmi qəzasına görə başladılan istintaq çərçivəsində gəmi kapitanı, ekipaj üzvləri və liman rəsmiləri də daxil olmaqla ümumilikdə 14 nəfər saxlanılaraq Girne Qəza Məhkəməsinə çıxarılıb.
Anadolu Agentliyi-nin məlumatına görə, “Filo Jet” adlı yüksək sürətli sərnişin gəmisinin batması ilə bağlı başladılan istintaq çərçivəsində keçirilən məhkəmədə gəmi kapitanı və 8 heyət üzvü haqqında saxlanılma müddəti 3 gün artırılıb, 5 nəfər isə zaminə buraxılıb.
Saxlanılan 14 nəfər arasında Azərbaycan vətəndaşlarının da olduğu bildirilir. Report-un məlumatına görə, gəmidə texniki işçi kimi çalışan Azərbaycan vətəndaşları Valeh Hümbətov, Rəşad İbrahimov və Qədir Quliyev də istintaqa cəlb edilib.
Azərbaycan-Kipr Dostluq Cəmiyyətinin rəhbəri Orxan Həsənoğlu bildirib ki, saxlanılan Azərbaycan vətəndaşlarının qəzada hər hansı məsuliyyəti yoxdur:
“Bizim vətəndaşlarımız yüksək səlahiyyət sahibi deyildilər ki, bu qəzanın baş verməsi və ya baş verməməsi ilə bağlı qərar qəbul eləsinlər. Məhkəmənin ilk hazırlıq iclasında üç günlük həbs qətiimkan tədbirinin seçilməsi onların günahkar olması anlamına gəlmir”.
Həsənoğlu bildirib ki, hadisə zamanı onlar batan vətəndaşlara yardım ediblər:
“Bizim vətəndaşlarımız barəsində cinayət tərkibli materiallar yoxdur. Onlar tamamilə humanizm prinsipləri ilə orada insanlara yardımçı olublar, xilas etməyə çalışıblar. Onlar gəmini ilk tərk edənlərdən olmayıblar. Gəminin kapitanı və köməkçisi gəmini tərk edib, mülki şəxslərin gətirdiyi qayıqlara minib uzaqlaşdığı halda, bizim vətəndaşlarımız öz həyatlarını riskə ataraq, insanlara qayğı göstərərək maksimum yardım etməyə çalışıblar”.
Məhkəmə əldə olunan dəlillərin kifayət etməməsi səbəbindən növbəti iclasın tarixini 8 gün sonraya təyin edib.
Avqustun 30-da Şimali Kiprin Girne sahilində gəminin qəzaya uğraması nəticəsində 8 nəfər ölüb, 240 nəfər xilas edilib. 19 nəfərin axtarış-xilasetmə işləri davam etdirilir.