Azərbaycanda son illərdə tiktokerlər vaxtaşırı həbs edilirlər. Bir çox hallarda bir neçə sutka inzibati həbs edilən tiktokerlərlə yanaşı, cinayət məsuliyyətinə cəlb edilərək uzun müddətə azadlıqdan məhrum olunan tiktokerlər də var. Məsələn, 2025-ci ildə tiktoker Azər Zahid barəsində cinayət yolu ilə əldə edilmiş pulların leqallaşdırılması və qumar oyunlarının təşkili maddələri ilə cinayət işi açılıb və barəsində həbs qətimkan tədbiri seçilib. O, sonradan ev dustaqlığına buraxılıb və barəsində açılmış cinayət işinə xitam verilib. Bununla yanaşı, tiktokerlər bir çox hallarda daha qısa müddətə, bir neçə sutkalıq inzibati qaydada həbs edilirlər.
Sutkalıq həbs edilən tiktokerlərin həbsi əsasən əxlaqsızlıq, ictimai normaların pozulması, milli-mənəvi dəyərlərə hörmətsizlik kimi əsaslarla əlaqələndirilir. Ancaq İnzibati Xətalar Məcəlləsində ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə görə cəza verilməsini nəzərdə tutan dəyişiklik (İXM-in 510.2-ci maddəsi) 2025-ci ilin dekabrında qəbul edilib və yanvarın 26-da Prezidentin fərmanı ilə hüquqi qüvvəyə minib. Halbuki bu əsaslarla həyata keçirilən inzibati həbslər sözügedən qanun dəyişikliyindən əvvəl də tətbiq olunurdu, baxmayaraq ki, İnzibati Xətalar Məcəlləsində bunun üçün qanuni əsaslar mövcud deyildi. Lakin hüquq-mühafizə və məhkəmə orqanları bu boşluğu digər maddələrdən sui-istifadə etməklə “həll” edə bilirdilər. Məsələn, bəzi hallarda tiktokerlər narkotikdən istifadə, polisə müqavimət və ya başqa qadağan edilmiş informasiyanın yayılması kimi müddəalarla həbs edilirdilər. Lakin ictimaiyyətə təqdim olunan əsaslandırmalarda onların həbsi ictimai məkanda, o cümlədən internetdə əxlaq normalarını pozmaları ilə əlaqələndirilirdi.
Azərbaycan hökumətinin əxlaq və mənəviyyat qaydaları ilə bağlı müzakirəsi uzun illər əvvəl başlayıb. Belə ki, hələ 2019-cu ildə Bakı Dövlət Universitetində çıxış edən İlham Əliyev Avropa dəyərlərini nəzərdə tutaraq “Haraya inteqrasiya etməliyik, qadınla kişi arasında fərq görməyənə? Mən artıq daha dərinə getmək istəmirəm. Biz qətiyyən oraya inteqrasiya etməyəcəyik”, – deyə bildirmişdi. 2024-cü ildə andiçmə mərasimində də İlham Əliyev “…gənclərimizin milli ruhda tərbiyə edilməsi, ənənəvi dəyərlər əsasında tərbiyə edilməsi, dırnaqarası mütərəqqi və yad dəyərlərin tamamilə cəmiyyətimizdən silinməsi – bu vəzifə bizim hamımızın qarşısında durur…”, – deyə bəyan etmişdi. 2019-cu ildən etibarən milli-mənəvi dəyərlərin qorunması, Qərb dəyərlərinin rədd edilməsi və adət-ənənələrin mühafizəsi mövzusunda dövlət və hökumət nümayəndələri bir neçə dəfə eyni məzmunlu açıqlamalar verərək bu istiqamətdə ictimai rəy formalaşdırıblar.
Ancaq İnzibati Xətalar Məcəlləsinə həmin dəyişikliklər edilməmişdən əvvəl də tiktokerlərin həbs olunması onu göstərirdi ki, hökumət bu həbsləri hər hansı real qanun pozuntusuna görə həyata keçirmir, onların arxasında daha çox siyasi sifariş dayanır.
Hökumətin media üzərində nəzarət siyasəti
Beynəlxalq təşkilatlar Azərbaycanda media azadlığının vəziyyəti ilə bağlı uzun illərdir həyəcan təbili çalırlar. Məsələn, Sərhədsiz Reportyorlar təşkilatının məlumatına əsasən, Azərbaycan media azadlığına görə 2026-cı ildə 180 ölkə arasında 171-ci yerdədir. Son 10 ildə Azərbaycan səkkiz dəfə ən pis nəticə göstərən 20 ölkə, iki dəfə isə ən pis nəticə göstərən 30 ölkə arasında qərarlaşıb.
Azərbaycan hökumətinin media üzərində nəzarəti genişləndirmə strategiyası hələ 2010-cu illərin ortalarından etibarən başlayıb. 2014-cü ildən başlayan sərt repressiya siyasəti nəticəsində Azadlıq Radiosunun Bakı ofisi bağlanmış, jurnalist Xədicə İsmayıl həbs edilmişdi.
2015-ci ilin yanvarında isə Meydan TV-yə qarşı cinayət işi başlanmış, əməkdaşlarının ölkədən çıxışına qadağa qoyulmuşdu.
İnternet resursları üzərində nəzarət isə 2017-ci ildə məhkəmə qərarı ilə Azadlıq Radiosu, “Azadlıq” qəzeti, Meydan TV, Turan telekanalı və “Azərbaycan saatı” proqramının internet səhifələrinə girişin məhdudlaşdırılması ilə davam edib.
2021-ci ildə qəbul edilmiş “Media haqqında qanun” ekspertlər və beynəlxalq təşkilatlar tərəfindən sərt şəkildə tənqid edilmişdi. Tənqidçilərin fikirlərinə görə, yeni qanun media qurumlarının və jurnalistlərin fəaliyyətinə məhdudiyyətlər yaradır, hökumətə onlar üzərində nəzarət imkanı verir.
2023-cü ildən başlayan tənqidi səslərə qarşı genişmiqyaslı repressiya siyasəti mətbuatdan da yan keçməyib. Meydan TV, Toplum TV, Abzas Media və digər media qurumlarına qarşı cinayət işləri açılıb, onların idarəçiləri və jurnalistləri həbs edilib, ölkədə fəaliyyət göstərən müstəqil media qurumları ölkəni tərk etməyə məcbur olublar. Lakin repressiya siyasəti yalnız media subyektləri və jurnalistlərlə məhdudlaşmayıb.
Azərbaycan hökuməti sosial şəbəkələri də təhdid olaraq görür
Azərbaycan hökuməti yalnız tənqidi media və jurnalistlərə deyil, ümumilikdə ölkənin informasiya mühitinə total nəzarət strategiyası həyata keçirir. Sosial mediaya nəzarətin vacibliyi ilə bağlı dövlət rəsmiləri və deputatlar müxtəlif vaxtlarda açıqlamalar veriblər. Məsələn, Azərbaycan Respublikası Baş nazirinin keçmiş müavini Əli Əhmədov hələ 2020-ci ildə sosial şəbəkələrin cəmiyyətdə fəsadlar yaratdığını və sosial şəbəkələrə nəzarət mexanizmlərinin yaradılmasının zəruriliyini vurğulamışdı. Deputat Vüqar İsgəndərov da sosial şəbəkələrin cəngəllik qanunları ilə idarə edildiyini, sosial şəbəkələrdə ictimai rəyin manipulyasiya olunduğunu və bu sahəni tənzimləyən qanunun zəruriliyini bildirmişdi.
2026-cı ilin iyununda qəbul edilən qanun dəyişiklikləri ilə hökumətin sosial şəbəkələr üzərində total nəzarət strategiyası daha da güclənib. Belə ki, sosial şəbəkə provayderləri (Meta, TikTok, Google) Azərbaycanda nümayəndəlik açmalı və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq qeydiyyata alınmalıdırlar. Bundan əlavə, yeni dəyişikliklər provayderlərin üzərinə digər öhdəliklər də qoyur. Məsələn, provayder dövlət qurumlarının onunla asan əlaqə yaratması üçün əlaqə mərkəzi yaratmalı, hökumətin sorğularına beş gün ərzində cavab verməlidir. Qanunun tələblərinin pozulmasına görə isə həmin sosial şəbəkənin trafik həcmi azaldılır.
Hökumətin sosial şəbəkələr üzərində total nəzarət strategiyasını göstərən başqa bir nümunə hökumətə yaxınlığı ilə tanınan REAL TV-nin baş direktoru Mirşahin Ağayevin fikirlərində də görünür:
“O şeyin ki ixtiyarı bizdə deyil, onun idarəçiliyi, onun rıçaqları bizdə deyil, biz onlara o qədər də arxayın ola bilmərik… Rəqəmsal platformaları yaradan biz deyilik… O şeyin ki müstəqil olaraq rıçağı, yüyəni, üzəngisi bizdədir, biz orada müstəqilik” (21:23–22:30).
Hökumətin sosial şəbəkələr üzərində apardığı təbliğat və qeyri-siyasi məzmun yaradan şəxsləri həbs etməsi göstərir ki, səbəb hər hansı əxlaq pozuntusu və ya milli-mənəvi dəyərlərə hörmətsizliklə bağlı deyil. Bu proses ümumilikdə ölkədə informasiya resursları və geniş kütlələrə çatan şəxslər üzərində total nəzarətin qurulması strategiyasının bir hissəsidir.
Azərbaycanda TikTok-da təqribən 7 milyon, Instagram-da isə 4 milyon istifadəçinin olması faktı göstərir ki, bu və digər platformalar ölkənin informasiya mühitində çox əhəmiyyətli rol oynayır. Bu platformaların və həmin platformalarda məzmun yaradan şəxslərin nəzarət altına alınması informasiyanın azad hərəkətinin də nəzarət altına alınması və məhdudlaşdırılması deməkdir.
Digər ölkələrdə də eyni tendensiya
Tiktokerlərin həbs edilməsi təkcə Azərbaycana məxsus fenomen deyil. İfadə azadlığının məhdudlaşdırıldığı müxtəlif ölkələrdə oxşar səbəblərlə həbslərin baş verdiyini müşahidə etmək olar. Məsələn, Misirdə 2025-ci ildən onlayn məzmun yaradıcılarına qarşı kampaniya başlayıb və 2025-ci ilin iyul-avqust aylarında 29 məzmun yaradıcısı həbs edilib. 2025-ci ilin dekabrında Efiopiyada doqquz məzmun yaradıcısı həbs edilib. Əfqanıstanda isə keçən ilin dekabrında iki məzmun yaradıcısının həbs edildiyi bildirilir.
Fərqli ölkələr, eyni motiv: ictimai əxlaq normalarının pozulması
Yuxarıda qeyd olunan ölkələrdə və Azərbaycanda məzmun yaradıcılarının həbsi ilə bağlı ortaq cəhət odur ki, bu şəxslər ictimai əxlaq normalarını və cəmiyyətin mənəvi dəyərlərini pozduqları iddiası ilə həbs ediliblər. Azərbaycanda əxlaqsızlıq və milli-mənəvi dəyərlərə hörmətsizlik 2025-ci ildə İnzibati Xətalar Məcəlləsinə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərdən sonra cəzalandırıla bilən əməllər sırasına daxil edilib.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliyə görə, internet resurslarında və ya sosial şəbəkələrdə kütləvi şəkildə nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsi, yəni əxlaqsız ifadələrin səsləndirilməsi və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsi, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsi artıq xırda xuliqanlıq hesab edilir (İXM, maddə 510.2). Buna görə beş yüz manatdan min manatadək məbləğdə cərimə tətbiq edilir, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə bir ayadək müddətə inzibati həbs nəzərdə tutulur. Bu yeni qaydaya görə bir il ərzində eyni qayda pozuntusu təkrar törədilərsə, min manatdan iki min manatadək məbləğdə cərimə və ya bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur.
Məsələnin problemli tərəfi odur ki, yerli qanunvericilikdə əxlaq normalarının və milli-mənəvi dəyərlərin nədən ibarət olduğuna dair konkret izah yoxdur. Üstəlik, Azərbaycanda bu anlayışları Konstitusiya və beynəlxalq insan hüquqları standartlarına uyğun şəkildə tövsif edə bilən müstəqil və peşəkar məhkəmələr mövcud deyil. Bu anlayışların qeyri-müəyyən olması Azərbaycan hökumətinə imkan verir ki, istənilən davranışı geniş mülahizə sərbəstliyi ilə əxlaq pozuntusu və ya milli-mənəvi dəyərlərə zidd davranış kimi şərh etsin və bu mülahizələri bəhanə edərək nəinki öz siyasi rəqiblərini, hətta siyasi fəaliyyətlə məşğul olmayan şəxsləri belə daimi nəzarət altında saxlaya bilsin.
Bundan başqa, hökumətin ictimai əxlaq və milli-mənəvi dəyərlərlə bağlı təbliğatı həm də bu mövzuda ictimai rəy formalaşdırmaq məqsədi güdür. Deputat Səbinə Salmanova TikTok-da əxlaqsızlığın təbliğ edildiyini, insanların mənəvi dəyərlərinə zidd davranışların nümayiş etdirildiyini və gənclərin yanlış istiqamətləndirildiyini bildirib. Rəsmi şəxslərin davamlı olaraq sosial şəbəkələrdə əxlaqsızlığın təbliğ edildiyini iddia etməsi cəmiyyətdə əyləncəli məzmun yaradan şəxslərə qarşı aqressiv ictimai rəy formalaşdırır və bu cür gələcək həbslər üçün zəmin yaradır.
Dövlət ictimai əxlaqı və mənəviyyəti qorumaq iddiasını qanundan sui-istifadə və əsassız cəzalandırma vasitəsilə həyata keçirə bilməz. Hüququn aliliyini, hüquqi müəyyənliyi və ədaləti pozan cəza siyasəti özü müdafiə etdiyi əxlaq anlayışı ilə bir araya sığmır.