Nurlan Libre həbsxanadan yazır: Məhbusların süfrəsindən məmur ailəsinin biznesinə

Jurnalist Nurlan Libre – İllüstrasiya: Chatgpt

“Həbsxanada bir stəkan meyvə suyu adətən araşdırma mövzusu olmur. Amma həmin içki məhbuslara dövlət hesabına verilirsə, istehsalçısının keçmiş yüksək vəzifəli ədliyyə məmurunun ailəsi ilə əlaqəsi ortaya çıxırsa və məhsulun keyfiyyəti barədə suallar yaranırsa, məsələ artıq sadəcə həbsxana menyusundan ibarət deyil”.

Bu sətirlərin müəllifi “Meydan TV işi” üzrə həbs edilən jurnalist Nurlan Libredir. O, Bakı İstintaq Təcridxanasından redaksiyamıza göndərdiyi məktubda məhbuslara verilən yeməklərdən, gündəlik məişət şəraitindən və xüsusilə “Bonjus” adlı meyvə şirəsindən yazıb. Onun qaldırdığı suallar bizi həm bu məhsulun arxasındakı biznes əlaqələrinə, həm də dövlətin penitensiar müəssisələr üçün ərzağı kimdən və hansı şərtlərlə aldığına yenidən baxmağa vadar etdi. Məktubu olduğu kimi sizə təqdim edirik.

“Koyka”ların üstünə çıx, hava al “reşka”dan

“Balandyor” yemək verir, bizə qarmoşkadan,

Yamanlıya “perlova”, ya da “kartoşkadan”,

Qarə çörək gəlir boyat, ay brat, ay brat!”

Cəzaçəkmə müəssisələrində verilən yeməyin keyfiyyətini meyxanaçı Mahir Qonşuyev çox gözəl təsvir etdiyi üçün yazımı bu sətirlərlə başlamağa qərar verdim. Bəli, bu gün siz izləyicilərimə türmə mətbəxindən danışacam. Bəs məni bu məşəqqətli yazını yazmağa nə vadar etdi? Gəlin bir az da ondan danışım. 

İlin əvvəlində aclıq aksiyası etməyimlə başlayan hadisələr zənciri mənim müəssisə rəhbərliyi ilə münasibətlərimin korlanması ilə nəticələndi. Cənab İsmayılov (Bakı İstintaq Təcridxanasının, tanınmış adı ilə “Kürdəxanı həbsxanası”nın rəisi Elnur İsmayılov) onun adını mətbuatda hallandırmağımdan narazı qalaraq, mənimlə prinsip aparmağa başladı. 

Yay təzə başlayan vaxtı ondan ventilyator istəmişdim, hələ də yolunu gözləyirəm. Bu işin icrasını gizir Əliyev İsmətə həvalə edib ki, məni candan usandırsın. Bu vaxtadək bu “qoz-qoz” oyununa dözürdüm. Həm də hər xırda şeyi mətbuata çıxarmağın düzgün olmadığını düşünürdüm. Amma sonuncu dəfə ötən həftə tanışımın mənə gətirdiyi sovqatın buraxılmaması artıq sonuncu hədd oldu. 

Səbəb olaraq da onu bildirdilər ki, “həmin şəxs siyasi məhbusdur, ona yalnız ailə üzvləri qida, ərzaq gətirə bilər”. İndiyədək nə özümə, nə də başqasına qarşı belə bir qadağa tətbiq edildiyini eşitmədiyim üçün şok oldum. Qərara gəldim ki, bir həftə dövlətin verdiyi qida ilə yaşayacam. Türmə jarqonu ilə desək, “oturdum balandaya”.

İlk əvvəl dövlətin dustaqlara ayırdığı ərzaq məhsullarından danışım. Kartof, soğan, pesok (şəkər), nahar yağı, çuğundur, kök, kələm, alma, meyvə suyu və s. məhsullarla ayda bir dəfə təmin edilirik. 

Verilən yağı bir dəfə əridib köpüyünü yığdıqdan sonra istifadə etmək olur. Soyuq suda yağlı qabları yumaq mümkünsüz olduğu üçün istifadə etmirəm. Ərzaq məhsullarının keyfiyyəti o qədər də pis deyil. Qışda kələm turşusu düzəltdim, bu yaxınlarda borş belə hazırladım.

Burada danışmağa dəyər əsas mövzu “Bonjus” markalı meyvə suyudur. Satışda olduğunu zənn etmirəm. Böyük ehtimalla hansısa balaca zavoddan dövlət büdcəsindən pul silmək üçün elə Ədliyyə Nazirliyindən hansısa məmur açıb 10 qəpik maya dəyəri olan və heç bir standarta cavab verməyən meyvə suyunun dadından danışmağa tənəzzül belə etmirəm birbaşa üzərindəki yazıları qeyd edirəm ki, zavodla bağlı əlavə məlumat əldə edəsiniz”.

Redaksiya qeydi: Nurlan Librenin məktubunda bəhs etdiyi “Bonjus” meyvə şirəsi bundan əvvəl “Abzas Media”nın araşdırma mövzusu olub. Media qurumunun 17 fevral 2026-cı ildə yayımladığı araşdırmada Bakı İstintaq Təcridxanasına verilən meyvə şirələrinin III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Qasımovun atası Lütvəli Qasımovun biznesi ilə əlaqəli olduğu bildirilir. Elçin Qasımov uzun illər Ədliyyə Nazirliyində rəhbər vəzifələrdə çalışıb, 2023-cü ilin avqustunda Məhkəmə Ekspertizası Mərkəzinin rəisi təyin edilib və 30 aprel 2024-cü ildə bu vəzifədən azad olunub. Bundan sonra “AzerGold” QSC-yə keçib: qurumun rəsmi məlumatına görə, 2024–2025-ci illərdə Hüquq şöbəsinin müdiri işləyib, 2025-ci ilin mayından isə “AzerGold” QSC sədrinin müşaviridir. III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi ona Prezidentin 20 noyabr 2014-cü il sərəncamı ilə verilib.

“Bonjus” markasının keyfiyyəti ilə bağlı daha əvvəl də dövlət qurumlarının iradları olub. 2011-ci ildə İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti Xırdalanda “Cem Ltd” MMC-yə məxsus istehsalat sahəsində yoxlama apararaq “Bonjus” və “Lili” markalı içkilərin müvafiq reseptura olmadan istehsal edildiyini müəyyənləşdirib. “Bonjus”un etiketində saxlanma temperaturunun və qida dəyərində üzvi turşuların miqdarının göstərilmədiyi də aşkarlanıb. Bundan sonra məhsulların istehsalının dayandırılması, satış şəbəkəsinə göndərilən içkilərin geri yığılması və tələblərə cavab verməyən 1162 litr məhsulun məhv edilməsi barədə göstəriş verilib. Şirkətə daha sonra “Haqsız rəqabət haqqında” qanunun tələblərinin pozulmasına görə 7600 manat maliyyə sanksiyası tətbiq olunub. 

Məsələ təkcə Bakı İstintaq Təcridxanası ilə məhdudlaşmır. “Abzas Media”nın həbsdə olan jurnalisti Elnarə Qasımova Lənkəran Penitensiar Kompleksindən göndərdiyi məktubda məhkumlara 200 millilitrlik “Bonjus” və “Vitamix” içkilərinin də verildiyini yazıb. Lütvəli Qasımov isə 2026-cı ilin mayında vəfat edib. Buna görə məhsul və əmtəə nişanları üzərində hazırkı mülkiyyətin kimə keçdiyini ayrıca dəqiqləşdirmək tələb olunur. Açıq mənbələrdə hazırda məhkumlara verilən “Bonjus”un konkret partiyasına dair laborator analiz nəticəsinə rast gəlmədiyimiz üçün Nurlan Librenin məhsulun standartlara cavab verməməsi barədə fikrini onun şəxsi müşahidəsi kimi təqdim edirik.

“Əvvəla onu deyim ki, həbsxana yeməyi yemək üçün insanın güclü mədəsi olmalıdır. Çünki yeməyin iyi belə onun keyfiyyəti barədə artıqlaması ilə məlumat verir. Hansı şəraitdə hazırlandığını belə təsəvvür etmək istəmirəm. Çünkü o qədər detala getsəm, gərək bir də uzun müddət heç nə yeməyim. Yeməklərin dadına baxarkən özümü “Oskar” mükafatını almaq üçün “Revenant” filmində çiy ət yeyən Leonardo Di Caprio kimi hiss edirdim. Bu yazıma da mükafat verməsələr, sənətə tövbə edib karyeramı şou-biznes əhlindən müsahibə almaqla davam etdirəcəm.

Yeməklər çox erkən verilir: səhər 07:00, günorta 12:00, şam isə 16:00 radələrində verilir deyə gün ərzində üç yeməyin də dadına baxa bilmişəm. Səhərlər “mannı” (manna yarması) və “seçka” (xırdalanmış arpa yarması) verirlər. “Seçka” quş yeməyidir, yemək olmur, “mannı” isə çox suludur, içində şəkər olmur. Yemək üçün gərək saatlarla buxarlandırasan, kərə yağı və şəkər əlavə edəsən. Kartof püresi bütöv kartofdan verilir, keyfiyyəti aşağı olur. Gərək əzəsən, yenidən qızardasan və ədviyyat əlavə edəsən ki, yemək mümkün olsun. Qışda soyutma balıq verirlər. İyi bərbaddır. Qızardıb nar-şərabla yemək olar. Qarabaşaq və toyuq veriləndə, toyuğu ayrıca tavaya tökürük, tomat və soğanla qovurub yemək olur. “Perlova” (inci arpa sıyığı) və “qavyadina” (konservləşdirilmiş mal əti) üçün heç nə etmək olmur. Gərək burnunu tutasan ki, ürəyin bulanmasın. Mərci supu kartofla verilir, məsləhət deyil. Belə çox yeməkdən danışa bilərəm, sadəcə daşdan yumşaq hər şeyi yeməyə öyrənmiş biri olan mən belə iyrənirəm. Zindanda yeganə yeməyə dəyən qida çörəkdir.

Köhnə dustaqlar deyir ki, Penitensiarda təzə rəis gələndən sonra çörəyin keyfiyyəti yaxşılaşıb. Əvvəlki çörəyi palçığa bənzədirdilər. Bir də Umbakının (Umbakıdakı Penitensiar Kompleksi) yeməyinin yaxşı olduğunu bildirirlər. Əvvəl çörək daha yaxşı imiş. Sanki marketdən almısan. İndi saatlarla açıq havada qalır deyə quruyur. Çörəyin çöl hissəsini yeyirik. Peşəkar dustaqlar içinin ağından araq çəkirlər. Proses çox çətin olduğu üçün heç yoxlamamışam. Həm də tutsalar, karsa basırlar, qanunsuzdur. İçini yeyəndə mədəm “izjoqa” (mədə yanğısı) verir. Yeməkləri hazırlayarkən özlərini əziyyətə salmırlar. Bütün yeməklərin əsas ortaq nöqtəsi bir qazanda qaynadılmalarıdır. Ət həmişə yarıçiy olur. Bir dəfə aş və qara götürdüm. Aş bir-birinə yapışırdı. “Qara” isə yarıçiy ət idi. Nə qədər qızartsam da, nə iyi getdi, nə də yemək oldu. Ət qoca heyvandan kəsilmişdi. Yeməklərə soğan, tomat, yağ, ədviyyat vurmurlar. Onsuz da heç kim yemir deyib, onsuz da bərbad olan yeməyi daha da pis hazırlayırlar.

Bir dustaq mənə demişdi ki, “Elnur müəllimin donuz təsərrüfatı var, “balanda” (həbsxana yeməyi) ilə donuzları yedizdirir.” Bu iddianı təsdiq edə bilmərəm, çünki əlimdə fakt yoxdu, amma yaxşı ideadır. Onsuz da o yeməyə inanmıram bişirilərkən insanın yeməyi nəzərdə tutulsun.

Mal sousundan (sulu qazan yeməyi) qəribə dad gəlirdi. Ət və kartofu qaynadıb gətirmişdilər. Ətin dadını basdırmaq üçün yarım çay qaşığı ədviyyat əlavə etdim. Məhkəməyə gedən dustaqlara əvvəl günorta yumurta və ya soyutma kartof verirdilər, indi isə balıq konservi verirlər. Konserv istəyəndə, 2 nəfərə birini açırlar. Nəzərə alsaq ki, çox az dustaq günortaya kimi məhkəmədə gözləyir, bu o deməkdir ki, konservləri öz aralarında konvoy əməkdaşları bölüşdürürlər.

Söhbət məhkəmə bokslarından düşmüşkən, onu da deyim ki, dustağa təmiz su belə vermirlər. Ya tualetdən içməlisən, ya da nəzarətçiyə “hörmət” eləyirsən ki, marketdən əməlli su alsın.

Su məsələsi ümumiyyətlə ayrıca danışılmalı dərdir. Kürdəxanıda gələn su içməli deyil. Marketdən su almalı oluruq. Yay aylarında ümumiyyətlə su tapılmır. Gərək azı bir gün əvvəldən növbəyə yazılasan ki, təmiz suyu ala biləsən. 

Günorta vaxtı “qabaq supu”, “düyü supu”, nə bilim “lobya supu”, əllərinə nə keçir qaynadıb verirlər. Dadları o qədər bərbaddır ki, şərh bildirməyə tənəzzül belə etmirəm. Qaynadılmış yumurtadan çox vaxt lax tam gəlir. Son istifadə tarixi bitmiş ya da az qalmış yumurtalar verirlər. “Balanda” (həbsxana yeməyi) təkcə dustaqlara verilmir. Axşam növbədə qalan şəxsi heyətə də verilir. Lakin onlar “qara dustaqlardan” fərqli olaraq keyfiyyətli qidalanırlar. Nəzarətçilər üçün ayrı mətbəxdə yemək bişirilir, onların şəxsi dustaq aşpazı və “balandyoru” (yeməkpaylayanı) var. Bu da onu deməyə əsas verir ki, rəhbərlik istəsə, yeməyin keyfiyyətini artıra bilərlər. Yemək məsələsini bu qədər həssas edən mənim üçün odur ki, hər dustağın aylıq qida üçün 300-1000 manat xərci çıxır. Hələ buraya təmizlik üçün xərclənən (saç şampunu, qab şampunu, mətbəx və hamam ləvazimatları və s.) vəsaiti əlavə etsək, qiymət bir az da kəllə-çarxa çıxır. Əlbəttə ki, mən Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən dolma, aş, düşbərə kimi hazırlanması xüsusi peşəkarlıq tələb edən yeməklər gözləmirəm, amma ən azından yemək mövzusunda insan ləyaqətinə hörmətlə yanaşa bilərlər.

Qida ilə bağlı ikinci əsas problem soyuducuların az olmasıdır. Bu da yay aylarında qidanın tez xarab olmasına səbəb olur. Soyuducuya əsasən ət və ət məhsulları yığırlar. Meyvə və tərəvəz “praqul” (gəzinti yerində) saxlanılır. Bu yaxınlarda xarab olmuş göbələkdən dustaqlar zəhərlənmişdi deyə artıq içəri buraxmırlar. 

Elə kameralar var ki, ümumiyyətlə soyuducuları olmur. 540 nömrəli kameraya yeni tutulan vaxt salınmışdım. Hər şeyi “praqul”da saxlayırdıq. Qış ayları idi deyə bu o qədər də problem olmurdu. Bir dəfə üç gün “praqul”da qalan yeməyi yedim, mədəm xarab oldu. Ondan sonra daha yaxşı şəraiti olan 603 nömrəli kameraya köçürüldüm. Burada soyuducu var idi, lakin kollektiv istifadə olunurdu. Buzxana ağzına qədər çiy ətlə dolu olurdu deyə məcbur əti aşağı bölməyə qoyurduq. Bu da soyuducunun hər gün qana batması deməkdir. Hər gün soyuducunun qanını təmizləyirdik. Sonradan 2-ci korpusun 1-ci mərtəbəsinə köçürüldüm. Burada elə də ciddi soyuducu problemi yoxdur. Qısaca, zindana ərzaq gətirmək bir dərddir, onu xarab olmadan yeyib qurtarmaq isə başqa bir dərddir. 

Cəzaçəkmə müəssisələrində isə yemək bişirmək müşkül məsələdir. Çünkü dustaq sayı ilə mətbəx tərs mütənasibdir. Dustaqlar əsasən kafedə yemək yeyirlər. Yemək bişirmək istəsən, gərək uzun növbəyə dayanasan. Ərzağı da marketdən alasan. Çünkü ailənin gətirdiyi ərzağı saxlamağa yer olmur. Yeri gəlmişkən, Kürdəxanıda da market var. Oradan da müəyyən ərzaqları almaq olur. Amma qiymətlər bahadır deyə daimi alış-veriş etmək sərf eləmir. Başqa bir problem də bıçağa icazə verilməməsidir. Bu başa düşüləndir ki, cinayət hallarının qarşısını almağa hesablanıb. Başqa bir tərəfdən də yemək bişirməyi çətinləşdirir. Zindanda yemək yemək üçün iki yolun var. Ya müəssisənin təqdim etdiyi yeməyi yeyib mədəni xarab edəcəksən, ya da özün yemək bişirmək üçün uzun və məşəqqətli yol seçəcəksən. Hələ o ərzağı gətirmək üçün hər həftə maddi və fiziki əziyyət çəkən ailə üzvlərini demirəm.

Ana səhifəHəbsxanadan məktublarNurlan Libre həbsxanadan yazır: Məhbusların süfrəsindən məmur ailəsinin biznesinə