Azərbaycanda ötən il əhalinin mobil və internet xərclərinin kəskin artdığını görmək olur.
Dövlət Statistika Komitəsinin (DSK) “Azərbaycanda telekommunikasiya və poçt” statistik məcmuəsinə əsasən, əhaliyə göstərilən rabitə və informasiya xidmətlərinin (İKT) ümumi dəyəri 2024-cü ildəki 1,7 milyard manatdan 2025-ci ildə 1,9 milyard manata qədər yüksəlib. Artım 11,3 faiz təşkil edib.
Xüsusilə, əhalinin ümumi İKT xidmətləri üzrə xərclərində internetin payı nəzərəçarpacaq dərəcədə qalxıb. Belə ki, əhalinin internet xidmətlərinə yönəltdiyi vəsait bir il ərzində 45,5 faiz artaraq 448,8 milyon manat təşkil edib. İKT xidmətlərinə çəkilən xərclərin tərkibində internetin payı 18 faizdən 24 faizə yüksəlib.
Əhalinin xərclərində ən böyük payı isə hələ də mobil rabitə xidmətləri tutur. Mobil şirkətlərin vətəndaşlara göstərdikləri xidmətlərin dəyəri 1,3 milyard manat təşkil edib. Bu xidmətlərin ümumi xərclərdə payı yüksək olsa da, artım tempi 2024-cü illə müqayisədə cəmi 4 faiz olub.
Ümumiyyətlə, Azərbaycanın İKT sektorunda fəaliyyət göstərən şirkətlərin gəlirlərində 2025-ci il üzrə yüksək artım müşahidə olunur. Bu sektordakı xidmətlərə görə əldə olunan ümumi gəlir 10,1 faiz artaraq 4 milyard manatı keçib.
Müqayisə üçün, 2024-cü ildə bu göstərici 3,6 milyard manat təşkil edib. Beləliklə, cəmi bir il ərzində sözügedən sektorun gəlirləri 369,2 milyon manat artıb.
İnformasiya və rabitə texnologiyaları xidmətləri göstərən dövlət şirkətlərinin gəlirləri isə 22,6 faiz artaraq 694,4 milyon manata çatıb.
İKT xidmətlərindən əldə olunan gəlirlərin böyük hissəsi – 32 faizi mobil rabitə operatorlarının payına düşüb. Ötən il mobil rabitə şirkətləri 1 milyard 290 milyon manat qazanc əldə edərək gəlirlərini 4,3 faiz artıra biliblər. Qeyd edək ki, ölkədə üç mobil operator fəaliyyət göstərir.
Mobil rabitə xidmətləri İKT sektorunun gəlirlərində böyük paya malik olsa da, ötən il ən yüksək artım internet provayderlərinin gəlirlərində qeydə alınıb.
DSK-nin statistikasına görə, 2025-ci ildə internet xidmətlərindən əldə olunan qazanc 35 faiz artaraq 636,3 milyon manata yüksəlib. 2024-cü ilin sentyabrından etibarən minimum internet paketinin qiymətinin təxminən 40 faiz bahalaşaraq 18 manatdan 25 manata yüksəlməsi provayderlərin gəlirlərinin əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Ümumilikdə, tarif dəyişiklikləri və xidmətdən istifadə edənlərin sayının artması nəticəsində son üç ildə provayderlərin gəlirləri iki dəfəyədək artıb.