Paşinyan qeyri-döyüş ölümləri ilə bağlı ordu rəhbərliyində dəyişikliklər edir

Nikol Paşinyan. İllüstrasiya: Meydan TV

Ermənistanın Baş naziri Nikol Paşinyan erməni hərbçiləri arasında qeyri-döyüş şəraitində baş verən ölümlərlə bağlı artan tənqidlər fonunda orduda iki kadr dəyişikliyi ilə bağlı göstəriş verib. Dəyişikliklər hərbçini intihara təhrik etməkdə şübhəli bilinən bir şəxsin həbs edildiyi gün elan olunub.

OC Media yazır ki, bazar ertəsi Prezident Vaaqn Xaçaturyan Paşinyanın təklif etdiyi ordudakı iki kadr dəyişikliyini təsdiqləyib. Aram Hovhannisyan Aşot Zakaryanı əvəz edərək Hərbi Polisin rəisi təyin olunub, Seryoja Stepanyan isə ordunun Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsindən azad edilib.

Elə həmin gün hakim “Vətəndaş Müqaviləsi” partiyasından deputat Andranik Koçaryan parlamentdə jurnalistlərə bildirib ki, orduda baş verən intiharlara görə Müdafiə Nazirliyini məsul tutmaq olmaz.

Onun sözlərinə görə, Hərbi Polisin keçmiş rəisi Zakaryan yaşına görə və nazirlikdə “yenilənmə aparmaq” məqsədilə vəzifəsindən ayrılıb.

Hovhannisyanın təyinatının onun hakim “Vətəndaş Müqaviləsi” partiyasına siyasi yaxınlığı ilə əlaqəli olub-olmadığı soruşulduqda Koçaryan bu ehtimalı rədd edib. O, Hovhannisyanı mürəkkəb vəzifələrin öhdəsindən gəlmək qabiliyyətinə malik təcrübəli zabit kimi xarakterizə edib.

Qərarlar bir hərbçinin intiharından sonra Müdafiə Nazirliyinə təzyiqlərin artdığı bir vaxtda qəbul edilib. Paşinyan avqustun əvvəlində keçirdiyi mətbuat brifinqində həmin hadisədən danışmış və orduda dəyişikliklər edəcəyini vəd edib.

Dəyişikliklər həmçinin İstintaq Komitəsinin bir hərbçini intihara təhrik etməkdə şübhəli bilinən şəxsin saxlanıldığını açıqladığı gün elan edilib.

Orduda qeyri-döyüş şəraitində ölümlərin sayının yüksək olması ilə bağlı müzakirələr avqustun ortalarında daha da kəskinləşib. Müxalif “Ermənistan” Alyansından deputat Anna Qriqoryan parlamentdə bildirib ki, 2026-cı ilin ilk yeddi ayında artıq səkkiz qeyri-döyüş ölümü qeydə alınıb. Hərbi Prokurorluğun məlumatına görə, 2025-ci ildə qeyri-döyüş şəraitində 30, 2024-cü ildə 27, 2023-cü ildə isə 54 hərbçi həyatını itirib.

Müdafiə Nazirliyinin sözçüsü Aram Torosyan isə bu rəqəmlərin ictimaiyyətə təqdim olunma formasına etiraz edib. O bildirib ki, tənqidçilər çox vaxt hərbi xidmətlə bağlı ölümlərlə xidmətə aidiyyəti olmayan ölümləri fərqləndirmədən ümumi bir rəqəm səsləndirirlər.

Torosyan dövlətə məxsus Armenpress agentliyinə bildirib ki, 2026-cı ildə indiyədək qeydə alınmış 11 ölüm hadisəsindən yalnız ikisi hərbi xidmətlə bağlı şəraitdə baş verib. Digər hallara iki qətl, iki intihara təhrik etmə və dörd intihar daxildir. Onun sözlərinə görə, bunlardan yalnız üçü ordudakı “dedovşina”, zorakılıq və ya təzyiqlə əlaqəli olub, qalanları isə şəxsi səbəblərdən baş verib.

İntihar və intihara təhrik etmə hallarının qeydə alınmasına baxmayaraq, Torosyan 2025-ci ildə hərbçilərlə bağlı heç bir qətl hadisəsinin olmadığını bildirib.

Qriqoryan ilin ilk yarısında səkkiz qeyri-döyüş ölümünün baş verdiyini desə də, Torosyan bu rəqəmin 11 olduğunu bildirir. “Helsinki Vətəndaş Assambleyası – Vanadzor” insan hüquqları təşkilatı isə 2026-cı ildə indiyədək təxminən 30 qeyri-döyüş ölümünün baş verdiyini açıqlayıb.

Təşkilat problemin kökündə ayrı-ayrı hadisələrin deyil, sistemli çatışmazlıqların dayandığını bildirib. Onların araşdırmasına görə, 2018 – 2025-ci illərdə silahlı qüvvələrdə qeyri-döyüş ölümlərinin sayı 2010 – 2017-ci illərlə müqayisədə 45% artıb. 2026-cı ildə isə intihar və qətllər qeyri-döyüş ölümlərinin üçdə birindən çoxunu təşkil edib.

Təşkilat hakimiyyəti ölümləri “xidmətlə bağlı” və ya “xidmətlə bağlı olmayan” kimi təsnif etmək praktikasından imtina etməyə çağırıb. Onların fikrincə, hər bir hərbçinin ölümü silahlı qüvvələr üçün itki kimi qəbul edilməli və ölümün xidmət zamanı baş verib-verməməsindən asılı olmayaraq, dövlətin insan hüquqlarını qorumaq öhdəliyi baxımından qiymətləndirilməlidir.

Təşkilat bildirir ki, mövcud tendensiya təcili və effektiv profilaktik və nəzarət tədbirləri tələb edən həll olunmamış sistemli problemlərə işarə edir. Qurum qanunvericilikdə və praktikada dəyişikliklərin edilməsi üçün Müdafiə Nazirliyinə və istintaq orqanlarına təzyiq göstərməkdə davam edir.

Statistik rəqəmlər ətrafındakı mübahisə həm də hesablanma metodologiyası ilə bağlıdır.

Təşkilatın araşdırmasına əsasən, hərbi prokurorlar bildiriblər ki, ölüm hadisəsinin hərbi xidmətlə bağlı hesab edilib-edilməməsi konkret vəziyyətdən və işin hallarından, eləcə də ölüm səbəbinin xidmət vəzifələrinin yerinə yetirilməsi ilə nə dərəcədə əlaqəli olmasından asılıdır.

İstintaq Komitəsi isə bildirib ki, hər bir halda ölümün hərbi xidmətlə əlaqəli olub-olmadığı barədə qərarı istintaqı aparan müstəntiq yalnız işin hallarını hərtərəfli, tam və obyektiv araşdırdıqdan və istintaq zamanı müəyyən edilmiş faktları qiymətləndirdikdən sonra verir.

Torosyan orduda intihar hallarının artması ilə bağlı narahatlıqlara da münasibət bildirib. O, ölkə üzrə intihar statistikasına – 2024-cü ildə 179, 2025-ci ildə 199 və 2026-cı ilin ilk yarısında 94 hal – diqqət çəkərək bildirib ki, hərbçilər arasında intiharlar ayrıca hərbi böhran kimi deyil, ümumilikdə cəmiyyətdəki intihar göstəriciləri fonunda qiymətləndirilməlidir.

Torosyan həmçinin iddia edib ki, nazirliyin hərbi xidmətlə əlaqəsi olmayan ölüm hallarına dair məlumatları açıq şəkildə dərc etməsi sonradan problemin miqyasını şişirtmək üçün nazirliyin özünə qarşı istifadə olunur.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərPaşinyan qeyri-döyüş ölümləri ilə bağlı ordu rəhbərliyində dəyişikliklər edir