Müsəlman Birliyi Hərəkatının (MBH) həbsdə olan üzvü, ictimai fəal Vüqar Alıyevin ailəsi ondan 20 gündür xəbər ala bilmir.
Atası Arif Alıyev Meydan TV-yə bildirib ki, məhbus saxlanıldığı Umbakı qəsəbəsində yerləşən 17 saylı cəzaçəkmə müəssisəsindən başqa bir müəssisəyə köçürülüb. Onun hazırda hansı cəzaçəkmə müəssisəsində saxlanıldığı məlum deyil.
Arif Alıyevin sözlərinə görə, oğlu ilə sonuncu dəfə iyulun sonlarında telefonla danışıb.
“Oğlumla sonuncu dəfə danışanda yerinin dəyişdiriləcəyini dedi, amma hara aparılacağını bilmədiyini bildirdi. Əvvəllər həftədə iki-üç dəfə zəng edirdi. İndi ondan xəbərsiz və narahatıq”.
Vüqar Alıyev 2022-ci ildən narkotik ittihamı ilə həbsdədir.
Vüqar Alıyev həbsdə olan Müsavat və Milli Şuranın üzvü Tofiq Yaqublunun aclıq aksiyasına dəstək və siyasi məhbuslara azadlıq tələbi ilə ötən il may ayında aksiyaya qoşulmuşdu. Bu səbəbdən onun 13 saylı cəzaçəkmə müəssisəsindən Umbakı qapalı həbsxanasına göndərildiyi bildirilirdi.
Vüqar Alıyev daha sonra jurnalist və inanclı qadınların azadlığa buraxılması tələbi ilə həbsxanada keçirilən aclıq aksiyasına qatılıb.
Ailəsinin bildirdiyinə görə, bundan sonra Vüqar Alıyev Umbakı qapalı həbsxanasından başqa bir cəzaçəkmə müəssisəsinə göndərilib.
Vüqar Alıyevin yaxınları onun taleyindən narahatdır. Onun hansı cəzaçəkmə müəssisəsinə göndərildiyinin və hazırkı vəziyyəti barədə məlumatın açıqlanmasını tələb edirlər.
Məsələ ilə bağlı Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən münasibət öyrənmək mümkün olmayıb.