Beynəlxalq Mətbuat İnstitutu AbzasMedia-nın jurnalistlərinin səhhətindən narahatdır

Fotokollaj: AbzasMedia

Beynəlxalq Mətbuat İnstitutu (IPI) həbsdə olan AbzasMedia-nın direktoru Ülvi Həsənli və jurnalisti Nərgiz Absalamovanın səhhəti ilə bağlı narahatlığını ifadə edib. Təşkilat Azərbaycan hakimiyyətini hər iki jurnalistin zəruri tibbi yardımla dərhal təmin olunmasına çağırıb.

IPI-nin yaydığı bəyanatda qeyd olunur ki, AbzasMedia-nın həbsdə olan əməkdaşlarının sağlamlıq vəziyyəti ilə bağlı ciddi narahatlıqlar mövcuddur. Təşkilatın məlumatına görə, Ülvi Həsənli lazımi tibbi xidmətdən məhrum edilib. Nərgiz Absalamova isə səhhətində yaranan problemlərə baxmayaraq, yanvar ayından etibarən MRT müayinəsinin keçirilməsini gözləyir.

Bəyanatda hər iki jurnalistin keçirdiyi uzunmüddətli aclıq aksiyalarından sonra səhhətinin pisləşdiyi bildirilir. IPI Azərbaycan hakimiyyətini beynəlxalq insan hüquqları standartlarına uyğun olaraq məhbus jurnalistlərin adekvat tibbi yardımla təmin olunmasına çağırıb.

Təşkilat eyni zamanda “Abzas Media işi” üzrə həbs olunan şəxslərin azadlığa buraxılması ilə bağlı əvvəlki çağırışını təkrarlayıb.

Ülvi Həsənli 2023-cü ilin noyabrında Bakıda saxlanılıb. Onun ardınca AbzasMedia-nın baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər Nərgiz Absalamova, Hafiz Babalı və Elnarə Qasımova, həmçinin “Azadlıq Radiosu”nun əməkdaşı Fərid Mehralızadə həbs olunublar.

Jurnalistlərə əvvəlcə qaçaqmalçılıq ittihamı irəli sürülüb. Daha sonra ittihamlar ağırlaşdırılaraq qanunsuz sahibkarlıq, cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması, vergidən yayınma və digər maddələr əlavə edilib. Təqsirləndirilən şəxslər ittihamları qəbul etməyib və həbslərinin AbzasMedia-nın korrupsiya araşdırmaları ilə bağlı olduğunu bildiriblər.

2025-ci ilin iyununda Bakı Ağır Cinayətlər Məhkəməsi “Abzas Media işi” üzrə hökm çıxarıb. Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadə 9 il, Nərgiz Absalamova və Elnarə Qasımova 8 il, Məhəmməd Kekalov isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları həbsləri siyasi motivli hesab edir və jurnalistlərin azadlığa buraxılmasını tələb edirlər. IPI də son bəyanatında Azərbaycan hakimiyyətini məhbus jurnalistlərin sağlamlığının qorunması üçün təxirəsalınmaz tədbirlər görməyə çağırıb.

Ana səhifəSiyasətBeynəlxalq Mətbuat İnstitutu AbzasMedia-nın jurnalistlərinin səhhətindən narahatdır