Buğdanın yerli istehsalı azalıb, idxal dəyəri isə bahalaşıb

Taxıl zəmisi. Foto: “Azərtac”

2026-cı ildə Azərbaycanda taxıl istehsalı azalıb, idxal olunan buğdanın dəyəri isə bahalaşıb.

Dövlət Statistika Komitəsinin (DSK) cari il avqustun 3-dək aparılan biçinlə bağlı məlumatına görə, sahələrdən 3,1 milyon ton məhsul yığılıb. Ötən ilin müvafiq tarixi ilə müqayisədə ümumi məhsul yığımı 6,2 faiz artıb. Lakin bu artım daha çox arpa yığımında 15,9 faizlik artım hesabına baş verib. Ölkənin strateji məhsullarından sayılan buğda üzrə yığım isə 2,1 faiz azalıb.

DSK buğda üzrə yığımın azalmasının səbəbini biçin sahələrinin azalması ilə izah edir. Belə ki, 2025-ci ilin avqust ayına olan məlumata görə, 467 min hektar əkin sahəsində biçin aparılıbsa, cari ildə bu göstərici 420,7 min hektara qədər azalıb. Nəticədə biçin sahələri 10 faiz azalıb.

Ümumilikdə isə payızlıq və yazlıq dənli və dənli-paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulan 994,9 min hektar sahənin 925,1 min hektarında biçin aparılıb, yəni sahənin 93 faizi biçilib. Hər hektardan orta məhsuldarlıq 33,9 sentner olub. Yığılmış məhsulun 1,53 milyon tonu buğdanın, 1,56 milyon tonu arpanın, 35,9 min tonu isə digər dənli və dənli-paxlalı bitkilərin payına düşüb.

Məlumatda qeyd edilir ki, respublikanın 13 şəhər və rayonunda biçin tam başa çatıb, digər 30 rayonda isə nəzərdə tutulan sahənin 90 faizdən çoxu biçilib. Ən çox məhsul Cəlilabad, Şəki, Ağcabədi, Füzuli, Kürdəmir və Neftçala rayonlarında yığılıb.

Ən yüksək məhsuldarlıq Ağcabədi, Tovuz, Bərdə və Sabirabad rayonlarında qeydə alınıb. Bu bölgələrdə hər hektardan orta hesabla 44-45,5 sentner məhsul götürülüb.

Hələ bu ilin may ayında Prezident İlham Əliyev kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə bu sahədə istehsalın qənaətbəxş olmadığını, idxaldan asılılığın yüksək olduğunu qeyd etmişdi:

“Biz cəmi 55 faiz səviyyəsində özümüzü buğda ilə təmin edirik və əfsuslar olsun ki, bu əmsal artmır. Biz elə yerində sayırıq. Neçə ildir ki, bizdə elə bu səviyyədə buğda istehsal olunur, baxmayaraq çox böyük təkan verilmişdir, bir çox aqroparklar yaradılmışdır. Onu da bildirməliyəm ki, aqroparkların yaradılması kənd təsərrüfatının inkişafında çox böyük rol oynamışdır. Buna baxmayaraq, buğda istehsalı və onun özünü təminetmə əmsalı bizdə artmır. Daxili istehsal 1 milyon 573 min ton, idxal 1 milyon 267 min ton. Bax, bu idxalı biz azaltmalıyıq”.

“Təbii ki, bizim coğrafiyamızı nəzərə alaraq, əkin sahələrini nəzərə alaraq, digər kənd təsərrüfatı məhsullarının yetişdirilməsinin zəruriliyini nəzərə alaraq, biz hədəf qoymamalıyıq ki, 100 faiz özümüzü ərzaq buğdası ilə təmin edək. Ancaq hər halda 55 faiz qəbuledilməz rəqəmdir və bu, mütləq artmalıdır”, – deyə İ.Əliyev qeyd edib.

Dövlət Gömrük Komitəsinin məlumatına görə, bu ilin birinci yarısında 585 min ton buğda idxal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə idxal həcmində 2,9 faiz azalma olsa da, cari ildə buğdanın daha baha qiymətə alındığı görünür. Belə ki, 2025-ci ildə 1 ton buğdanın orta qiyməti 217 dollar olubsa, 2026-cı ildə 227 dollar təşkil edib. Nəticədə idxal olunan buğdanın 1 tonunun orta qiyməti 10 dollar bahalaşıb.

Bahalaşmanın səbəbi isə Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar bu ölkələrdən idxalın məhdudlaşması və istehsal dəyərinin isə yüksəlməsidir.

Ana səhifəİqtisadiyyatBuğdanın yerli istehsalı azalıb, idxal dəyəri isə bahalaşıb