Ermənistanda regionun ən böyük süni intellekt mərkəzi açılıb

Rəsmi foto

Firebird avqustun 8-də Müstəqil Dövlətlər Birliyi (MDB) regionunda ən böyük süni intellekt məlumat mərkəzini rəsmi olaraq istifadəyə verib. Ermənistan rəsmilərinin fikrincə, milyardlarla dollar dəyərində olan bu layihə ölkəni qlobal süni intellekt iqtisadiyyatında strateji mərkəzə çevirəcək.

OC Media yazır ki, Baş nazir Nikol Paşinyan, NVIDIA-nın vitse-prezidenti Rev Lebaredian, Qazaxıstan Baş nazirinin müavini Jaslan Madiyev və ABŞ-nin müvəqqəti işlər vəkili David Allen xarici ölkələrin səfirləri, investorlar və rəsmilərlə birlikdə Hrazdanda keçirilən mərasimdə iştirak ediblər.

“Bu gün Ermənistan və Qazaxıstan öz intellektlərini öz ölkələrində yaratmaq üçün öz infrastrukturlarını qururlar”, – NVIDIA-nın təsisçisi və baş icraçı direktoru Jensen Huang açılış mərasiminin qonaqlarına ünvanladığı videomüraciətdə bildirib.

Firebird-in bildirdiyinə görə, bu obyekt gələcəkdə 70 mindən çox NVIDIA Blackwell və Vera Rubin qrafik prosessorunun (GPU) yerləşdiriləcəyi və 2027-ci ilin sonuna qədər hesablama gücünün 300 meqavata çatdırılacağı layihənin birinci mərhələsidir. Şirkətin məlumatına əsasən, bu miqyas mərkəzi Avropanın ən böyük süni intellekt infrastrukturu platformalarından birinə çevirəcək.

Paşinyan mərkəzin açılışını Ermənistanın Vaşinqtonla dərinləşən əlaqələri ilə əlaqələndirib.

“Prezident Donald Trampla ABŞ – Ermənistan arasında süni intellekt və texnologiya sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumunu imzaladıqdan düz bir il sonra bu böyük nailiyyətin şahidi oluruq”, – o, deyib.

NVIDIA daha əvvəl CoreWeave tərəfindən edilən sərmayədən sonra Firebird-ə birbaşa investisiya qoymaq planlarını açıqlayıb. Dell Technologies isə mərkəzin fəaliyyətini təmin edəcək serverləri tədarük edəcək. Perplexity şirkəti Firebird-in ilk müştərilərindən biri kimi göstərilib və öz süni intellekt əsaslı cavab sisteminin işləməsi üçün bu infrastrukturdan istifadə edəcək. Hrazdan şəhərinin meri Sevak Mikayelyan bu günü şəhər üçün “mühüm və tarixi gün” adlandırıb və layihənin Hrazdanı “qlobal texnologiya xəritəsinə” çıxaracağını bildirib.

Layihə altı maliyyə institutunun iri həcmli investisiyaları ilə dəstəklənib. Mart ayında onlar Ermənistan bank sisteminin tarixində “ilk sindikatlaşdırılmış kredit müqaviləsinin” imzalandığını elan ediblər. Kreditin həcmi təxminən $300 milyon təşkil edir.

Sindikatlaşdırılmış kredit adətən bir qrup kreditor tərəfindən təqdim edilir. Bu halda Ardshinbank, Acba Bank, Evocabank, Fast Bank, C-Quadrat Ampega Asset Management Armenia Fund və Amundi-Acba Asset Management Fund iri borcalana kredit vermək üçün birgə fəaliyyət göstərirlər. Bankların hər biri kreditin müəyyən hissəsini maliyyələşdirir və bununla da riski bölüşdürür. Bu maliyyə vəsaiti, Firebird və onun tərəfdaşlarının milyardlarla dollar həcmində birbaşa investisiyaları ilə birlikdə, məlumat mərkəzinin tikintisinin maliyyələşdirilməsi üçün nəzərdə tutulub.

Layihənin bütün mərhələləri üzrə ümumi investisiyanın 5 milyard dollara çatacağı təxmin edilir. Firebird-in məlumatına görə, tam şəkildə tamamlanmış kampus gələcəkdə 300 nəfəri işlə təmin edəcək. Firebird-in hesablama gücünün bir hissəsi Ermənistan universitetləri, startapları və dövlət tərəfindən dəstəklənən tədqiqat proqramları üçün ayrılacaq.

Bununla belə, layihənin ölkə iqtisadiyyatına müsbət təsir göstərəcəyi və Ermənistanı süni intellekt sənayesinin iştirakçılarından birinə çevirəcəyi gözlənilsə də, ölkədə aparılan ictimai müzakirələr zamanı layihənin su ehtiyatlarına mümkün ekoloji təsiri və elektrik şəbəkəsinin məlumat mərkəzinin fəaliyyətini təmin edə bilib-bilməyəcəyi ilə bağlı suallar qaldırılıb.

Firebird-in həmtəsisçisi Aleksandr Yesayan Hetq nəşrinə verdiyi müsahibədə məlumat mərkəzinin Ermənistanın enerji imkanlarına təsiri ilə bağlı tənqidlərə münasibət bildirib. Onun sözlərinə görə, ölkənin bəzən istehlak edə biləcəyindən daha çox elektrik enerjisi istehsal etməsi özü bir problemdir. Yesayan mərkəzin hətta enerji sektoru üçün “xilas yolu” olduğunu, əks halda itkiyə gedəcək artıq enerjidən istifadəyə imkan verdiyini deyib.

Lakin iyun ayında Paşinyan özü parlamentə bildirib ki, ölkə artıq bir il əvvəl malik olduğu elektrik enerjisi artıqlığına sahib deyil. Bu isə o deməkdir ki, layihənin tam gücü ilə işləməsi hələ tikintisi davam edən yeni enerji istehsalı və enerji saxlama imkanlarından asılı olacaq.

Digər əsas narahatlıq isə onsuz da su qıtlığı ilə üzləşən ölkədə obyektin su ehtiyatlarına nə qədər əlavə təzyiq göstərəcəyidir. Yesayan eyni müsahibədə bildirib ki, Hrazdandakı obyekt suyu xaricə axıtmaq əvəzinə dövr etdirərək yenidən istifadə edən qapalı dövrəli su soyutma sistemindən istifadə edir.

Sosial mediada su idarəçiliyi ilə bağlı səslənən narahatlıqlara cavab olaraq, Yerevan Dövlət Universitetinin (YDU) maşın öyrənməsi qrupunun rəhbəri Hrant Xaçatryan YDU-nun kiçikmiqyaslı məlumat mərkəzini nümunə göstərərək bildirib ki, nə həmin mərkəz, nə də Firebird soyutma məqsədilə içməli sudan istifadə edir. Bunun əvəzinə bir neçə il istifadə oluna bilən qlikoldan yararlanılır. Qlikol ilə təmizlənmiş suyun qarışığı yüksək sıxlıqlı süni intellekt GPU-larının yaratdığı böyük istiliyi effektiv şəkildə aradan qaldırmaq üçün qapalı dövrəli sistemlərdə istifadə edilən əsas soyuducu mayedir.

Şirkət eyni zamanda Qazaxıstandakı fəaliyyətini genişləndirir və 2028-ci ilə qədər dünya üzrə təxminən iki giqavat həcmində süni intellekt infrastrukturu gücünə çatmağı planlaşdırır.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərErmənistanda regionun ən böyük süni intellekt mərkəzi açılıb