Bakı Ağır Cinayətlər Məhkəməsi 2006-cı il təvəllüdlü Nurlan adlı şəxsi psixotrop maddə ilə bağlı cinayətdə təqsirli bilərək 3 il müddətinə azadlıqdan məhrum edib.
Hökm 2026-cı il iyunun 5-də hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən məhkəmə prosesində elan olunub.
Nurlanın soyadı Meydan TV-yə məlum deyil. Redaksiyanın əldə etdiyi məhkəmə sənədlərində də onun soyadı göstərilmir.
Məhkəmə sənədlərinə əsasən, Nurlan Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə — satış məqsədi olmadan külli miqdarda psixotrop maddəni qanunsuz əldə etmə və saxlamaqda ittiham olunub.

İttihama görə, onun üzərindən bir polietilen torbada 5,586 qram ağ rəngli, kristalşəkilli psixotrop maddə — metamfetamin aşkar edilib.
Nurlan ittihamı qəbul etməyib. O, məhkəmədə bildirib ki, həbsinin əsl səbəbi Gəncə şəhərində ölən Elgün İbrahimovla bağlı videonu sosial şəbəkədə paylaşması olub.
2007-ci il təvəllüdlü Elgün İbrahimov 2025-ci il mayın 13-də Gəncə şəhərində müalicə aldığı xəstəxanada vəfat edib. Hadisə ilə bağlı ilk xəbərlərdə onun döyüldüyü iddia olunurdu.
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin sonradan yaydığı birgə məlumatda bildirilib ki, istintaq zamanı intihar, ehtiyatsızlıqdan yıxılma və Elgünə zorakılıq göstərilməsi də daxil olmaqla müxtəlif versiyalar araşdırılıb.
Rəsmi araşdırmanın ilkin nəticəsinə görə, Elgün istifadəsiz yataqxananın beşinci mərtəbəsindəki məhəccərsiz eyvandan yıxılıb və aldığı çoxsaylı xəsarətlər nəticəsində ölüb. Rəsmi qurumlar ona başqa şəxslər tərəfindən xəsarət yetirilmədiyini bildiriblər. Elgünün ailəsi isə onun döyüldüyünü iddia edərək rəsmi versiya ilə razılaşmayıb.
Hadisə ilə bağlı yayılan ziddiyyətli məlumatlar ictimai narazılığa səbəb olub. 2025-ci il iyunun 1-də Bakıda və ölkənin bir sıra şəhərlərində “Elgün İbrahimov üçün ədalət” şüarı ilə aksiyalar keçirilib.
Aksiyalar zamanı 63 nəfərin polis tərəfindən saxlanıldığı bildirilib. Saxlanılanlardan bir neçəsi Nəsimi Rayon Polis İdarəsində təhqirə, pis rəftara və seksual xarakterli qısnamaya məruz qaldıqlarını deyiblər.
Elgün İbrahimovun ölümü ilə bağlı daha ətraflı materialımızla tanış olun:
“Oğurluq olduğunu deyib kamera görüntülərini istədilər”
Nurlanın ifadəsinə görə, hadisə 2025-ci ildə onun işlədiyi mağazada baş verib.
O bildirib ki, həmin gün saat 20:45 radələrində mağazaya mülki geyimli iki nəfər daxil olub. Həmin şəxslər mağazada oğurluq baş verdiyini deyərək qısa müddət onun mobil telefonuna baxıblar.
Nurlanın sözlərinə görə, onlar əvvəlcə səhv ünvana gəldiklərini bildirərək mağazanı tərk ediblər:
“Üç-dörd dəqiqə sonra geri qayıdıb oğurluq məsələsinə görə divara quraşdırılmış kameranın lentə aldığı videogörüntüləri istədilər. Mən görüntülərin məndə yox, rəhbərlikdə olduğunu dedim”.
Nurlan iddia edib ki, bundan sonra həmin şəxslər videokameranı divardan sökərək onu da özləri ilə polis şöbəsinə aparıblar.
Onun hansı polis şöbəsinə aparıldığı və saxlanılmasının rəsmiləşdirilib-rəsmiləşdirilmədiyi redaksiyanın əldə etdiyi məhkəmə sənədlərindən aydın olmur.
“Elgünlə bağlı paylaşdığım videonu göstərdilər”
Nurlan bildirib ki, saxlanılarkən mobil telefonu da əlindən alınıb.
Onun sözlərinə görə, polis şöbəsində müstəntiq telefonunda Elgün İbrahimovla bağlı paylaşdığı videonu göstərərək həmin paylaşıma görə saxlanıldığını deyib:
“Mən həmin videoçarxı ‘TikTok’dan götürüb ‘YouTube’da paylaşmışdım”.
Nurlanın konkret hansı videonu nəzərdə tutduğu məlum deyil.
“Ağrılara dözə bilməyib protokolları imzaladım”
Nurlan məhkəmədə ona qarşı irəli sürülən narkotik ittihamının saxta olduğunu iddia edib.
Onun sözlərinə görə, polis şöbəsində zorakılığa məruz qaldıqdan sonra istintaq sənədlərini imzalamağa məcbur olub:
“Mən çox müqavimət göstərdim. 20 yaşımda həbsə getmək istəmirdim. Çox döydülər, ağrılara dözə bilməyib protokollara imzamı atdım”.
Nurlan bildirib ki, polis əməkdaşlarının davranışı ilə bağlı Nizami Rayon Prokurorluğuna şikayət edib. Onun sözlərinə görə, prokurorluq əməkdaşları Şüvəlan təcridxanasına gələrək izahatını alsalar da, şikayəti nəticəsiz qalıb.
Şikayət üzrə hansı prosessual qərarın qəbul edildiyi, zorakılıq iddiaları ilə bağlı tibbi müayinənin aparılıb-aparılmadığı və məhkəmənin bu iddialara necə hüquqi qiymət verdiyi məlum deyil.
Nurlan barəsindəki hökmdən apellyasiya şikayəti verilib-verilmədiyi də məlum deyil.
Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun Nurlanın zorakılığa məruz qalması və Elgün İbrahimovla bağlı videoya görə saxlanılması barədə iddialarına münasibəti məlum deyil.
Meydan TV məsələ ilə bağlı yeni məlumatlar əldə olunduqca xəbəri yeniləyəcək.