“Mən hökumət sifarişçisinin suallarına cavab vermirəm” – “Meydan TV işi”ndə ifadələr davam edir

Kollaj: Meydan TV

“Meydan TV işi” üzrə məhkəmə prosesi iyulun 24-də davam etdirilib. Bugünkü məhkəmə iclasında həbsdəki 12 nəfərdən daha üç jurnalist – Xəyalə Ağayeva, Fatimə Mövlamlı və Ramin Deko (Cəbrayılzadə) ifadə verib.

Ramin Deko Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə əvvəlki hakimlər kollegiyasının dövründə ifadə vermişdi. Lakin bu dəfə yeni hakimlərin icraatında o, öncəki ifadəsinə əlavələrini təqdim edib.

Əslində, Xəyalə Ağayeva da əvvəlki hakimlər kollegiyasının vaxtında ifadə verməyə başlamışdı. Lakin o, ifadəsində Prezident İlham Əliyev və ailə üzvlərinin əmlakları, biznesi barədə danışarkən Aytən Əliyeva, Vüqar Quliyev və Elmin Rüstəmovdan ibarət hakimlər kollegiyası onun ifadəsini dayandırmağa çalışmış, ardınca da hakimlər məhkəmə zalını tərk etmişdi. Ondan sonra isə Aytən Əliyeva Bakı Apellyasiya Məhkəməsinə hakim göndərilmiş, “Meydan TV işi” də başqa hakimlərin icraatına verilmişdi.

Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV” işinə Zaur Hacıyevin sədrliyilə, Azər Tağıyev və Roman Ələkbərlidən ibarət hakimlər kollegiyası baxır.

Bugünkü məhkəmə iclasında əvvəlcə təqsirləndirilən jurnalistlər və onların vəkilləri vəsatətlərini təqdim ediblər.

Xəyalə Ağayeva saxlandığı Bakı İstintaq Təcridxanasında danışıq hüququnun pozulduğunu bildirib. Onun sözlərinə görə, iyulun 23-də telefonla danışarkən danışıq qəfil kəsilib və bunun səbəbilə bağlı ona heç bir izah verilməyib.

Nurlan Libre (Qəhrəmanlı) isə dostlarının ona yazdığı məktubların verilmədiyini bildirib, bu cür hüquq pozuntularının aradan qaldırılmasını istəyib.

Vəkili isə qeyd edib ki, hətta ittiham aktını da müvəkkilinə verməyə qoymurlar.

Hakim Zaur Hacıyev bildirib ki, bu cür şikayətləri varsa, vəkilləri ilə məsləhətləşib, məhkəmə nəzarəti qaydasında ayrıca məhkəməyə müraciət edə bilərlər. Hakim əlavə edib ki, təqsirləndirilən şəxsə ittiham aktı verilməsində isə problem ola bilməz.

Təqsirləndirilən jurnalistlərdən Meydan TV-nin baş redaktoru Aynur Elgünəş (Qənbərova) xatırladıb ki, məhkəmə prosesinin əvvəlində sənəd təqdim etmişdi. Həmin sənəddə onun həbsindən 6 ay əvvəl Dövlət Təhlükəsizlik Xidməti (DTX) tərəfindən izlənməsi barədə idi:

“DTX mənim və yaxın ətrafımın 6 ay ərzində izlənməsi barədə məhkəmə qərarı almışdı. Mən həmin qərarı təqdim etmişəm. 6 ayın tamamında isə mən həbs olunmuşam. Bu isə həbsimin əvvəldən planlaşdırılmasının sübutudur”.

Aynur Elgünəşin vəsatəti baxılmamış saxlanılıb, hakim bildirib ki, bu məsələyə sənədlərin tədqiqi mərhələsində qiymət veriləcək.

Vəkil Rövşanə Rəhimli eyni zamanda həm Nurlan Libre, həm də Şəmşad Ağanın (Ağayev) vəkili olduğunu əsas gətirərək, Bakı İstintaq Təcridxanasında olduğu zaman onun eyni vaxtda hər iki müvəkkili ilə görüşməsinə icazə verilməsi barədə vəsatət qaldırıb. Məhkəmə kollegiyası bildirib ki, buna etiraz yoxdur.

Daha sonra məhkəmədə jurnalistlər ifadə verməyə başlayıb. Əvvəl ötən məhkəmə iclaslarından ifadəsi yarımçıq qalmış Xəyalə Ağayeva ifadəsini davam etdirmək üçün tribunaya dəvət olunub. O, ifadəsinə müstəqil media nümayəndələrini 22 iyul – Milli Mətbuat Günü münasibətilə təbrik etməklə başlayıb və belə davam edib:

““Əkinçi” qəzetinin son sayında belə bir elan verilib: “Biz xəstə olduğumuza görə ilin axırıncı nömrələri öz vaxtında çıxmayacaq və onların nə vaxt çıxacağı məlum deyil”.

Elə bu saydan sonra da “Əkinçi” qapadıldı. Və beləcə, milli mətbuat 151 ildir ki, həmin xəstəliklə mübarizə aparır. Despotizmin yaydığı susqunluq epidemiyasına qarşı müqavimət göstərir. Bilirik ki, heç bir despotun hücumu mətbuat qarşısında öldürücü ola bilməz. İlham Əliyev də istisna deyil.

Əksinə, elə onun özünün mediaya ehtiyacı var. 4 ildir ki, sərasər Şuşada Beynəlxalq Media Forumu keçirir. İşi düşəndə jurnalistləri başına yığıb mətbuat vasitəsilə, onlardan istifadə edərək öz fikirlərini dünyaya çatdırır. Lakin özündən başqa heç kəsə bu haqqı tanımır.

Güc strukturları düşüncə üyüdən qaranlıq dəyirmanlara çevrilib. Hətta sosial media üzərindən sistemə qarşı ən kövrək etiraz da həbslə nəticələnir. Elə bu ay “Meydan TV”də yayımlanan bir süjetdə vətəndaş deyir ki, onun atası Dövlət Sərhəd Xidmətinin əməkdaşının törətdiyi avtoqəzada ölüb, polis isə işi ört-basdır edib. Mediada bu məlumatı görən dövlət dərhal hərəkətə keçib, danışan adamı polis bölməsinə gətirib, təhdidlə videonun silinməsini tələb edib. Məqsədinə nail ola bilmədikdə də vətəndaşı 15 sutka həbslə cəzalandırıb. Bu hadisə özlüyündə iki faktı təsdiqləyir. Birincisi, biz jurnalistləri həbs etməklə hökumət bütün tənqidi səsləri boğmağı hədəfləyib. İkincisi də, bu hədəfinə sadəcə olaraq, çata bilməyib. Və indi də mediaya danışan vətəndaş ovuna çıxıb. Necə ki, 20 ay əvvəl polis dövləti bizim qanunsuz həbsimizi təşkil etmək üçün yüzlərlə əməkdaş səfərbər etmişdi. Həmin vaxt təkcə özümüz yox, kamera, mikrofon və kompüter avadanlıqlarımız da həbs həyatına məhkum edildi. Yəni hökumət üçün tək biz yox, informasiyanın hazırlanmasında istifadə olunan həmin avadanlıqlar da təhlükəli sayıldı. Antik bir çağda qəbilənin əlinə kamera düşsə, onunla nə edərdisə, YAP hakimiyyəti media vasitələrinə o cür münasibət göstərir. Biz həmin kiçik əl kameralarımızla ölkəboyu baş verən sistemli hüquqsuzluğa diqqət çəkmişik. Bərabərlik, dəyişiklik, azadlıq və demokratiyaya çağırışlar üçün alternativ tribuna yaratmışıq. Həqiqətə və vətəndaşlara sədaqət göstərmişik. Rəsmilərin həyasızcasına məsuliyyətdən qaçmasından, hakim ailənin xətrinə dəyməyən heç kəsin cəzalanmamasından yazmışıq. Gündüzlər haqlarını gəzən vətəndaşlarla dövlət qurumlarının qəbul otaqlarında axşamlamışıq. Gecələr yorğana bürünüb, quru yolda yatanlarla dövlət axtarışına çıxmışıq. Və həmin dövlət bu gün “Meydan TV”ni cəzalandırmağa çalışır. Çünki “Meydan TV” məhz həmin dövlətin olmadığı yerlərdə peyda olub. Fəaliyyətimiz boyunca saysız maneə ilə üzləşmişik. Arxivimiz, kadrlarımızın önünü kəsən zorba əl görüntüləri, polis zorakılıqları, “jurnalistəm” harayları ilə zəngindir. Jurnalistlərin ölkədən çıxışına, vətəndaşların sayta girişinə qoyulan qadağa, “Media haqqında” qanun, Medianın İnkişaf Agentliyi kimi mətbuat üzərində təzyiq mexanizmləri işə salınıb. Müstəqil medianın fəaliyyətini sarsıtmaq üçün amansız repressiya həyata keçirilib. Lakin görülən tədbirlərin heç biri xəbər eşqimin alovunu söndürə bilməyib. Oğrun-oğrun, xısın-xısın qoparmışıq həqiqətdən parçaları. Və pazlın yığılmasından səbri tükənən ölkə başçısı fəaliyyətimizi həbsxana divarları arasında məhdudlaşdırıb. O, xidmət etməyə and içdiyi 10 milyondan çox əhalinin azad mediaya çatma, danışma haqqını əlindən alıb. Qadağaların siyahısını genişləndirdikcə xalqı özünün uydurduğu qanunların məngənəsində boğub. Bir ingilis mütəfəkkiri deyir ki, “məhz fikri ifadə etmək azadlığını pozmaq insanlığa qarşı quldurluqdur”. Faktiki olaraq “Meydan TV” 2024-cü ilin 6 dekabrında quldur hücumuna məruz qalıb. Hakimiyyət son nöqtəni məhkəmənin əli ilə qoymaqla cinayətinə qanuni don geyindirmək istəyir. Lakin Əliyevin pulla aldığı sistem nökərləri daxil, kimsə bu tamaşanın ciddiliyinə inanmır. Bütün bəzəkli çıxışlarının arxasından onun özünün bir qaçaqmalçı olması həqiqəti boylanır. Psixologiyada bu fenomen “proyeksiya” adlanır. Bir insanın mənfi xüsusiyyətlərini, istəkləri və ya səhvlərini başqasının üzərinə ataraq özünü müdafiə etməsi mexanizmi. Ancaq bu mexanizm bizə çoxdan tanışdır. Milli mətbuatımız yarandığı gündən güc sahibləri ilə savaş içindədir. Müstəqillik savaşı Azərbaycan jurnalistikasının ürəyində yatın və mətbuat tariximiz aşılması çətin maneələrin öhdəsindən vicdanla gələn peşəkarlardan təsirlənir. Məhz onlar bu ölkədə azad mətbuat mirasını bizə qədər daşıyıb, xalq qarşısındakı məsuliyyəti çiyinlərimizə buraxıblar. Biz də öz peşəmizə möhkəmcə sarılmışıq və onu inadla müdafiə edirik.

“Əkinçi” qəzeti öz dövrünün tələblərindən irəli gələrək qapanmaq məcburiyyətində qaldı. Ancaq yeni dövrün reallıqları iqtidara müstəqil medianı oyundan kənar buraxmağa imkan vermədi. Azərbaycanda azad mətbuatın varlığı yalan və manipulyasiya dənizində bir ada olaraq qaldı. Medialar fəaliyyətlərini davam etdirirlər. Və bunun qarşısını heç bir güc ala bilməyəcək!”.

Xəyalə Ağayeva ifadəsini yekunlaşdırandan sonra prokuror Vüsal Abdullayev ona suallar ünvanlasa da, jurnalist cavab verməkdən imtina edib:

“Mən hökumət sifarişçisinin heç bir sualına cavab vermirəm”.

Vəkillərin isə suallarını cavablandırıb və bu zaman bildirib ki, peşə fəaliyyətini layiqincə yerinə yetirdiyinə görə həbslə mükafatlandırılıb:

“Məni jurnalist fəaliyyətimə görə həbs ediblər. Peşəmi ləyaqətlə, peşəkar yerinə yetirdiyimə görə həbsə layiq görülmüşəm”.

Daha sonra jurnalistlərdən Fatimə Mövlamlı ifadə verib.

“Həyatımı həmişə “mən necə kömək edə bilərəm?” sualına verdiyim cavablar istiqamətləndirib. Yaşadığım ölkədə nəyinsə qaydasında olmadığını hələ yeniyetmə ikən anlamışdım. Hər yerdə hüquqları tapdalanmış insanlar və onların gözlərinin dərinliyinə nüfuz etmiş qorxunun şahidi idim. Haqsızlığa məruz qalmış vətəndaşlar səslərini çıxarıb etiraz etməyə çəkinirdilər. Çünki narazı nidaların eşidildiyi hər yerdə polis hədəsinin də olduğunun fərqindəydilər. Özümdən ilk dəfə onda soruşmuşdum ki, “mən necə kömək edə bilərəm?”. Beləliklə, ictimai-siyasi proseslərə qoşuldum: sosial şəbəkə hesablarımda mütəmadi yazır, hökumətin qanunsuz əməllərini tənqid edir, həmvətənlərimin də yerinə danışır, onların əvəzinə də haqq tələb edirdim. Əlbəttə, bu cür ictimai fəaliyyət heç də asan başa gəlmirdi. Günüm polis bölmələrində təhdid dinləməklə keçirdi. Amma bunun mənə təsiri hökumətin arzuladığı kimi olmurdu: rastlaşdığım hər haqsızlıq qarşısında etiraz əzmim bir az da artır, düşdüyüm hər polis bölməsindən daha qətiyyətli çıxırdım. 18 yaşımın əvvəlində mənsubu olduğum cəmiyyətlə bağlı mühüm bir şeyin fərqinə vardım: danışmaq, narazılığını dilə gətirmək istəyən insanların qarşısını heç də daima qorxu hissi deyil, “kimə danışaq?” sualı da kəsirmiş. Doğrudan da, ətraf qələmini hökumətin verdiyi mirzə payına satan, etirazçı vətəndaşdan polisə xəbərçilik edən, onları aldadan, məzmunu şikayət, yaxud siyasi tənqiddən ibarət müsahibələri yayımlamayan jurnalist və media qurumları ilə dolu olduğu halda kiminlə danışa bilərdilər? Xalq sözünü demək üçün dürüst müxbirlər axtarırdı. Dürüst jurnalistlər isə qələmlərinə sadiq qaldıqları, prinsiplərini yaxşı güzərandan üstün tutduqlarına görə bir sıra təzyiqləri, o cümlədən azadlıqlarını itirməyi belə gözə almalı olurdular. O zaman özümdən bir daha soruşdum: “Yaxşı, bəs mən necə kömək edə bilərəm?”. Cavab məni ilk kamera və mikrofonumu almağa sövq etdi. Bu gün məni müttəhim kürsüsündən dinləməyinizə səbəb hansısa cinayət əməli yox, məhz o gün verdiyim qərardır. Həmin qərar nəticəsində 2018-ci ildən etibarən müstəqil jurnalist olaraq çalışmağa başladım. Peşə fəaliyyətim boyu əsasən sosial-siyasi hadisə və narazılıqları işıqlandırmaqla, insanlara danışmaq üçün müstəqil platformalar təklif eləməklə məşğul idim. Bunun müqabilində azadlığımın neçə dəfə qeyri-qanuni məhdudlaşdırıldığının, polis tərəfindən nə qədər təhdid edilib, fiziki zorakılığa məruz qaldığımın say-hesabını isə çoxdan itirmişəm. Müstəqil mediada fəaliyyət göstərmək həmişə məhrumiyyətlərlə üz-üzə dayanmaq demək idi. 2023-cü ilin sonlarına doğru isə müstəqil jurnalistlər üçün vəziyyət bir az da qəlizləşdi. Nə mürtəce media qanunu, nə polis xofunun müstəqil jurnalistləri dayandıra bilmədiyinə görə qəzəblənən siyasi hakimiyyət kütləvi həbslərə əl atdı. AbzasMedia-nın bütün komandasının həbs olunmasıyla başlayan total repressiv hücumu ayrı-ayrı jurnalistlərin, eləcə də Toplum TV və Meydan TV əməkdaşlarının həbsi müşayiət elədi. Hər gün yeni bir həbs xəbəri gəlir, dünən yanası dayanıb müsahibə aldığın həmkarın sabah “qaçaqmalçı” adı ilə şərlənirdi. Məqsəd müstəqil səsləri susdurmaqla yanaşı, həmin səsləri xalqa və dünyaya çatdıran jurnalistlərin də qarşısını almaq idi. Belə olan halda mən necə kömək edə bilərdim? Şübhəsiz ki, peşə fəaliyyətimə davam etməklə. Haqsız həbsdən yayınmağım üçün yaxınlarımın səmimi narahatlıqla dilə gətirdiyi: “ölkədən get” yaxud “fəaliyyətinə bir müddət ara ver” məsləhətlərinə qulaq asmadım. Peşəmə daha möhkəm və inadkar bir sevgiylə bağlandım. Yalnız həqiqətləri yazıb, mikrofonumu danışmaq istəyən hər kəsə uzatmağa davam elədim. Həbsimi labüd edən xüsusatlar da elə bu sadaladıqlarım oldu. Buna görədir ki, bir ildən çoxdur adına “Meydan TV işi” deyilən cinayət işində təqsirləndirilən şəxs statusu ilə həbsdə saxlanılıram.

Meydan TV ilə əlaqəmdən bəhs etmədən öncə həbsimin detalları və cinayət işinin necə lax sütunlar üzərində qurulmasından söz açmaq istəyirəm. Həbsim əvvəldən axıradək silsilə qanun pozuntuları ilə müşayiət olunub. 2025-ci ilin 28 fevral tarixində “Azadlıq Prospekti” metrostansiyasının qarşısında qaramaskalı polis əməliyyatçıları tərəfindən həbs edildim. Mənə nə saxlanılmağımın səbəbi, nə də hüquqlarım izah olundu. Üzlərini görməyim deyə qara rəngli maska ilə yaşmaqlanan polislərdən heç birinin özünü təqdim etmədiyini deməyə isə yəqin ki, ehtiyac yoxdur. Polis üzərimdəki telefonun ekran şifrəsini istədikdə bundan imtina etdiyim üçün fiziki şiddətlə hədələndim. İsrarla tələb etməyimə rəğmən müdafiəçi ilə təmin edilmədim. Nə saxlanılanda, nə evimdə axtarış və götürmə əməliyyatı aparılan zaman yanımda vəkil yox idi. Bunu axtarış-götürmə protokollarında vəkil imzasının olmamasından da müəyyənləşdirmək mümkündür. Axtarış və götürmə əməliyyatında iştirak edən hal şahidlərindən biri saxlanıldığım yerdən evimədək polis maşınında gəldi. Digərini isə polislər evimdən təxminən 15 dəqiqə uzaqlıqdakı məsafədən, yəni yolüstü götürdülər. Polis əməliyyatçısı hər iki hal şahidi ilə öncədən telefon əlaqəsi yaradaraq görüşəcəkləri yeri bildirmişdi. Hal şahidləri istintaqa müstəqil iradələri ilə deyil, polisin təyinatı ilə cəlb olunmuşdular. Cinayət-Prosessual Məcəlləsinin 94.2.4 və 94.4.1-ci maddələrində göstərilir ki, hal şahidləri iştirak etdiyi istintaq hərəkəti aparılarkən baş verənləri diqqətlə izləməli, istintaq hərəkəti aparılan yeri tərk etməməli, habelə müvafiq istintaq hərəkətinin icraatında onun əvvəlindən sonunadək iştirak etməlidir. Evimdə tapıldığı iddia edilən pul əsginaslarının protokollaşdırıldığı zaman isə hal şahidlərinin halı dəyişdiyindənmi, ya nədənsə istintaq yerini tərk edib, protokolları imzalamaq üçün geri qayıdanadək həyət darvazasının qarşısında park edilmiş polis avtomobilinin içərisində gözlədilər. Axtarış və götürmə əməliyyatı mənim müşahidə imkanımdan kənar olmaqla birlikdə, evin bir neçə yerində eyni vaxtda aparıldı. Buna misal olaraq mən, polis müstəntiqi Nahid Abbasov, iki nəfər hal şahidi və bir nəfər polis əməkdaşı evin başqa tərəfində olduğumuz halda, içəridə sayları get-gedə artan əməliyyatçılardan bəzilərinin mənim yataq otağımda yığışdıqlarını göstərə bilərəm. Evimdən tapılan 13.500 avro pulun məhz yataq otağımda aşkarlanması həqiqətən təsadüfdürmü? Əlbəttə ki, həmin pul əsginasları yatağımdakı balışın altına polis əməkdaşlarının özləri tərəfindən qoyulmuşdu. Pulu sayıb qurtara bilməyən polis müstəntiqinə zarafatla demişdim ki, “mənim həyatım boyu qazandığım pulu saymalı olsaydınız bu qədər uzun çəkməzdi”. Yeri gəlmişkən, istintaqçılar pulu evimə yerləşdirib, amma gerisi ilə maraqlanmayıb. Yəni göstərə bilməyib ki, o pulun qaçaqmalçılıq yolu ilə əldə olunması qənaətinə necə gəliblər. Pullarla bağlı əyləncəli faktlara da nəzər salaq. Həmin pulların içərisində evimdən tapılmamışdan 6 il öncə, yəni 2019-cu ildə dövriyyədən çıxarılan 500 avroluq əsginas da var idi. Məhkəmə-daktiloskopik ekspertizası da deyir ki, ümumilikdə 162 ədəd pul əsginasının cəmi 4-nün üzərindən əl-barmaq izlərim aşkar edilib. Ekspertizanın saxtakarlığından ziyadə yaranan mənzərənin absurdluğuna baxaq. İndi buradan hansı nəticəyə gəlməliyik? Belə çıxır ki, mən heç saymadığım pulları 6 il ərzində yastığımın altında saxlamışam? Bu, ya istedadsız yazıçı qələminin, ya da şərbaz müstəntiqin qıt təsəvvürünün məhsulu ola bilərdi ki, hazırkı vəziyyətdə ikincidir. Axtarış və götürmə əməliyyatı ilə bağlı digər bir qanun pozuntusu da məni bu barədə qərarla tanış etməmələridir. Halbuki Cinayət-Prosessual Məcəlləsinin 245-ci maddəsinin ikinci bəndində kifayət qədər aydın yazılıb ki, axtarış və ya götürmə aparılmasından əvvəl müstəntiq barəsində axtarış və ya götürmənin aparıldığı şəxsi bu barədə qərarla tanış etməlidir. Mən sözügedən qərarı həbsimdən 7 ay ötdükdən sonra, yəni 2025-ci ilin sentyabrında cinayət işi materialları ilə tanışlıq zamanı görə bildim.

Saxlanılmağımı və evimdə axtarış aparılmasını əsaslandırmalı olduqları qərarda bilirsiniz nə yazılıb? “Təqsirləndirilən şəxs Aynur Qənbərovanın barəsində cinayət təqibi həyata keçirilən yaxın əlaqəsi Fatimə Mövlamovanın yaşadığı ünvanda cinayət yolu ilə əldə olunmuş pul vəsaitləri, sənədlərin və s. olması güman etməyə kifayət qədər əsas tapıldığından ona məxsus ünvanda axtarış və götürmənin aparılması zəruridir”. Bu əsaslar nədən ibarətdir, barəmdə cinayət təqibinin həyata keçirilməsi üçün Aynur Elgünəşin yaxın əlaqəsi hesab edilməyimdən daha ciddi səbəb tapılıbmı? Nə həmin qərarda, nə cinayət işi materiallarında bu sualların cavabı yoxdur. Özü də deyim ki, Aynur xanımla bütün yaxın əlaqələrimiz türmədə yaranıb. O qədər ki, Aynur Elgünəş peşə fəaliyyətinə görə bundan sonra yenə həbs olunsa, məni ürək rahatlığı ilə onun yaxın əlaqəsi kimi həbs edə bilərlər. Amma bu dəfəki cinayət işində məni nə “Bakı Jurnalistika Məktəbi”, nə Meydan TV ilə əlaqələndirə bildikləri tək bir epizod yoxdur. Ümumiyyətlə, bu elə bir cinayət işidir ki, məntiq buradan başını tutub qaçıb. İttihamlar qızdırmalı adamın sayıqlamasını xatırladır. Cinayət işi materiallarında yalnız şərin arxayınlığı müşahidə edilir. Məni bir ildən çoxdur həbsdə saxlayan və bunun hələ uzun illər davam edə biləcəyi ilə hədələyən cinayət işində əziyyət çəkib adıma düz-əməlli şər də qoşa bilməyiblər. Məsələn, evimdən 13.500 avro pul tapılıb, özüm qanunsuz sahibkarlıqda, bir milyon manatdan çox haqsız qazanc əldə etməkdə və yetmiş min manatdan artıq vergi borcunda günahlandırılıram, amma müsadirə edilən əmlakımın maddi dəyəri heç 500-600 manata çatmır. Cinayət işi materiallarında mənimlə bağlı yer alan heç bir sorğunun nəticəsi cinayət törətdiyimi deməyə əsas vermir. Məsələn, yazılıb ki, istifadədə olan mobil nömrəyə dair SMS mətnləri, zənglər və əhatə dairəsi barədə mobil operator tərəfindən təqdim olunmuş diskə baxış zamanı cinayət təqibi üçün əhəmiyyət kəsb edən hallar müəyyən edilib. Nədir o hal? Deməli, 8 fevral 2020-ci il tarixində “Signal” mobil tətbiqindən telefon nömrəmə təsdiq kodu gəlibmiş. İnanın, bundan başqa bir cümlə də yoxdur və bunu ciddi-ciddi əhəmiyyətli dəlil kimi qeyd ediblər. Məni “Meydan TV” ilə əlaqələndirməyə çalışdıqları, istintaqın dili ilə desəm “mötəbər sübut”lardan birinin mənbəyi bilirsiniz nədir? “Getcontact”! Bəli, bəli, adamlar mobil nömrəmi “Getcontact” tətbiqində axtarışa verib, çıxan “Fatima Movlamli-Meydan TV” nəticəsini mötəbər sübut hesab ediblər. Nəticəsi kənar müdaxilə ilə dəyişdirilə bilən sorğunun cavabı necə mötəbər sayıla bilər? Onda belə çıxır ki, bizim cinayət işindəki müstəntiqlər qrupunun rəhbəri, polis polkovnik-leytenantı Samir İsmayılovun mobil nömrəsini “Getcontact”da “Ramiz Mehdiyevin cinayət ortağı” kimi qeyd eləsək, onu Mehdiyevlə bağlı açılan cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb eləmək olar? Yaxud biri dövlət ittihamçısı Abdullayev Vüsal Habil oğlunun adını “müstəqil və ədalətli dövlət ittihamçısı” deyə yazsa, ən azından özü bunun həqiqət olmadığını bilməyəcək? İstintaqın cinayətkar olduğum qənaətinə gəldiyi bir digər sübuta baxaq. Hansı ki, onun mötəbərliyindən əriyib yoxa çıxmışam. Bu, Binəqədi rayon Qəsəbə Nümayəndəliyinin haqqımda verdiyi xasiyyətnamədir. Orada yazılıb ki, yaşadığım Binəqədi rayonu ərazisində müsbət xarakterizə olunmamışam, çünki sosial şəbəkələrdə müxalifyönümlü paylaşımlar edirmişəm. Bununla da istintaq tərəfi əmin olub ki, şübhəli bilindiyim əməlləri yüz faiz törətmişəm. Düzdür də, bu gün müxalifyönümlü paylaşımlar edən sabah ölkəyə qaçaq pul da gətirər, vergidən də yayınar, adam da öldürər. Cinayət işində adım keçən istənilən hissə, bu sayaq cəfəngiyyatdan ibarətdir. Barəmdə verilən digər heç bir sorğudan isə ümumiyyətlə nəticə çıxmayıb. Nə hansısa bankda mənə məxsus hesab, nə qeyri-kommersiya qurumlarının dövlət reyestrində, nə də qrantların, xidmət müqavilələrinin və ianələrin reyestrində adım aşkarlanıb. Məni həbsdə qızıl-qırmızı yalan danışmaqla saxlayıblar.

Ona görə də bu gün bu ifadəni nə azadlığımızı böhtanla məhdudlaşdıran hökumətə, nə yekunda çıxaracağı hökmün gələn sifarişdən asılı olduğu məhkəməyə deyil, Azərbaycan ictimaiyyətinə verirəm. Hansı ki, həmin ictimaiyyət üçün gün kimi aydındır: qaçaqmalçıların himayəçisi də, qaçaqmalçının yekəsi də şəxsən İlham Əliyevin özüdür! 30 cildlik cinayət işi materialları boyu istintaq mənim Meydan TV ilə əlaqəmi heç cür sübuta yetirə bilməyib. Odur ki, özüm açıqlayıram: bəli, mən Meydan TV ilə əməkdaşlıq eləmişəm. Bu əməkdaşlıq Meydan TV-nin Azərbaycanda yaşayan əməkdaşlarının həbsindən təxminən bir həftə sonra redaksiyadan gələn təklif üzərinə başlayıb, həbsimə qədərki iki ay yarım müddətində davam edib. Mən Meydan TV-də qazanc güdmədən və faktiki olaraq könüllülük prinsipi ilə çalışmışam. Əslində o dövr Meydan TV ilə əməkdaşlıq eləmək həbsə öz xoşunla getməyə bərabər qərar idi. Bir halda ki, Meydan TV əməkdaşlarının həbsi məhz redaksiyanın fəaliyyətinin dayandırılmasına hesablanmışdı. Qərarıma təsir edən faktor elə bu idi. Mən Meydan TV-nin fəaliyyətinin davam etməsini, bunda mənim də töhfəmin olmasını istəyirdim. Əgər təklif gəlsəydi, eyni situasiyada eyni əməkdaşlığı AbzasMedia ilə də, Toplum TV ilə də edərdim. Mən sadəcə kömək etməyə çalışırdım. Bizi şərləyənlər üçün bunu anlamağın çətin olduğunu bilirəm, amma mənim Meydan TV ilə əməkdaşlıqda başqa heç bir motivasiyam olmayıb. Türkiyəli jurnalist Can Dündar həbsxananı müstəqil jurnalistlər üçün bir gün mütləq yolüstü baş çəkəcəkləri, durub nəfəslərini dərəcəkləri dayanacaq kimi təsvir edir. İndi həmin dayanacaqdan geriyə boylanıb məni buradək gətirən fəaliyyətimə baxanda yalnız fəxr və qürur hissi duyuram. Etel Lilian Voyniçin “Ovod”u edamından bir gün öncə qələmə aldığı məktubda belə yazırdı: “Mən öz öhdəmə düşən işi başa çatdırdım, ölüm hökmü də göstərir ki, bu işi vicdanla yerinə yetirmişəm”. Mən də öz həbsimi bir növ təsdiq meyarı kimi qiymətləndirirəm. Həbs olunmuşam — ona görə ki, öz işimi dürüst yerinə yetirmişəm. Həbs olunmuşam — çünki azadlıqda qaldığım hər günü peşəmə həsr etməyə, səsi batırılmağa çalışılan insanların sözünü xalqa çatdırmağa davam edəcəkdim. Necə ki, qoluma qandal vurulan günədək məhz bunu edirdim. Həbs mənə zərər vermədi. Əksinə, üfüqlərim genişləndi, misilsiz insan hekayələri ilə tanış oldum. Məni həbsxanaya jurnalist olaraq buraxmayan hökumət, məhbus kimi yer verdi. Burada keçirdiyim hər gün qızıl qiymətindədir, dəyərlidir. Azadlığa çıxacağım günü də məhz hazırlayacağım antiqa reportajlara görə səbirsizliklə gözləyirəm. O gün gec, ya tez çatacaq. Təcrid olunmaq ümidimi əlimdən ala, ürəyimə qorxu, üzümə qaraqabaqlıq sala bilmədi. Üzüm yenə gülür, ürəyim heç olmadığı qədər rahatdır və əminəm:

“Açılacaq səhərlərin birində

Yuxudan daha gümrah oyanacam.

Səma daha işıqlı olacaq,

Günəşə gözümü qırpmadan baxacam.

O sabah ən gözəl paltarımı geyinib,

Dırnaqlarımı qırmızıya boyayacam.

Burulsun deyə gecədən hördüyüm saçlarımı açıb,

Çiynimdən aşağı sərbəst buraxacam.

Alirezanın “Chera”sını avazla oxuyacam,

Səsim özümə həmişəkindən xoş gələcək.

Qəlbimi sıxan heç nə tapılmayacaq,

Bütün narahatlıqlar boş gələcək.

Bu kameraya son dəfə göz gəzdirib,

Hökmünü itirmiş dəmir qapının qarşısında dayanacam.

Bilirəm, bunların hamısı baş verəcək —

Çünki mən həmin gün azadlığıma qovuşacam!”.

Fatimə Mövlamlı da prokuror Vüsal Abdullayevin suallarını cavablandırmaqdan imtina edib. Vəkillərin suallarına isə cavab verib.

Daha sonra Ramin Deko ötən məhkəmə iclaslarında verdiyi ifadəsinə əlavəsini təqdim edib:

“Mən SSRİ-dən qalma otaqları nimdaş, dar, komaya bənzər bir məktəbdə oxumuşam. Birinci sinfi bitirəndə “Əlifba” bayramı görməsəm də, aldadıb “Müəllim” şeirini əzbərlətdirmişdilər. Şeirin ilk bəndi beləydi: Ey hörmətli müəllim! Hər könüldə yerin var. Hər kənddə, hər şəhərdə, Sənin meyvələrin var. Hə, indi o müəllimlərin meyvələri, yəni bizlər kənddə, şəhərdə deyilik, istintaq təcridxanalarında, cəzaçəkmə müəssisələrində, üstündə lobya-badımcan olan piştaxtaların arxasındayıq. Belə ömür sürürük. Həbsimə görə peşman deyiləm. Amma buna görə bir kimsəni də qınamıram. Günahkar varsa o da mənim ulu babamdır. Yəni babamın, babasının, babasının, babası. Bizim şəcərəmiz uzaq Altaydan gəliblər. Hara? At belində basa-basa gəlib Lənkərana çıxıblar. Ay zalım balası, atın yüyənini bir azca sağa döndərsən İsveçə, Belçikaya, ən pis halda, Latviyaya gedib çıxırdın. Nə işin vardı Lənkəranda? Yaxşı, gəlirsən, heç olmasa, İçərişəhər tərəfdə atları saxla, orada özünə məskən qur, 4-5 sot torpaqda ev tik. İndi 700-800 min qiyməti olardı, mən də sənə “Allah rəhmət eləsin” deyərdim. Məsələn, mən o evi satıb, cənab prokurorla, hörmətli məhkəməylə anlaşardım. Təəssüf ki, özünü də yordun, məni də zibilə saldın.

Yox, mən Azərbaycanda doğulmağımdan da, burada yaşamağımdan da, jurnalistikayla məşğul olmağımdan peşman deyiləm. Əsla! Əksinə, bizlər yəni 12 nəfər çox gözəl “cinayətkar yığınıyıq”! Bəli, qəbullanıram, etiraf edirəm ki, bəlkə də harada yaşadığımın, nə işlə məşğul olduğumun fərqində deyilmişəm. Bilməmişəm ki, Azərbaycanda korrupsiyadan, nepotizmdən, diktaturadan danışmaq, yazmaq, reportajlar hazırlamaq bir cinayətdir. Oxuduğum kitablarda, televiziyalarda, hətta konstitusiyada ölkəmizin müstəqil, vətəndaşların azad olduğu qeyd edilib. O da vurğulanıb ki, hər kəs fikrini deməkdə azaddır. Yəni mən belə eşitmişəm, oxumuşam. Bunları icra edəndə, reallaşdıranda həbs olunmuşam. Bildim ki, həqiqətləri bizim ölkədə demək cinayət imiş. Jurnalistikaya qəzetçilikdən gəlmişəm. Bu ölkədə qəzetçiliyin sonunu görən mənim yaşıdlarımdır. İndi qəzetçilik yoxdur, hamısını məhv etdilər. Qalanları da bazarlıq edirlər. Mən otaq, kabinet jurnalisti yox, küçələrdə olmuşam. Mənə “küçə uşağı” kimi xitab edə bilərsiniz. Küçə uşağı necə olur? İpə-sapa yatmayan, dəlisov, söyüşcül, böyüklərin sözünə baxmayan, hökumətin pis əməl və vərdişlərini tənqid edən adam. Hə, biz belə adamlarıq, belə jurnalistlərik! Bizi məzhur qılın! Bizi hələ ki, 7 maddəylə ittiham edirsiniz. Hələ məhkəmə araşdırılmasına başlanılmayıb. Gedişatda bu rəqəm arta da bilər. Sizi əziyyətə salmaq istəmirəm, ipucu verə bilərəm. Məsələn, bizi çirkli pulların yuyulmasında, ölkəyə narkotik daşınmasında, dələduzluqda da ittiham edə bilərsiniz. Onsuzda Azərbaycan məhkəmələri dünyanın bütün tribunalarında bizi biabır edib. Bir kərə də etməklə düşünmürəm böyük faciə olar. Həbsimə görə kimsəni qınamıram. İndiki dövrdə ən yaxşı yer elə həbsxanadır. Universiteti bitirsəm də, magistr təhsili almağa imkan olmadı. Amma həbsxanalar ən yaxşı təhsil müəssisələridir. Ona görə də məni tutanlara – bu planı ortaya qoyanlara, icazəsini alanlara, icazəsini verənə, icra edənlərə təşəkkür edirəm. 15 ildir jurnalistikada görmədiyimi, yaşamadığımı, ölkəmin əsl üzünü, astarını həbsxanada gördüm. Həbsimə fərman verdiyiniz üçün, Cənab Prezident, sizə təşəkkür edirəm. Nə yaxşı ki, məni həbs etdirdiniz! Məhkəmədən xüsusi gözləntim yoxdur. Siz qərar verəcək şəxs deyilsiniz. Bunu bildiyim üçün, buna görə siz sonda nə iş oxuyacaqsınızsa sizə lənət yağdırmayacam. Mənə kəsiləcək işə görə rahat yata bilərsiniz. O cümlədən mənə kəsilən hökmə görə sizə verilən ənam da halal xoşunuz olsun. Amma çalışın mənim kimi digər 11 nəfərin də halallığını alın. Halallıq yaxşı şeydir. Sizdən bir ricam var. Bizi sevməyə bilərsiniz, bizə nifrət də edə bilərsiniz, bu sizin təbii haqqınızdır, amma bizə hörmət etməlisiniz. Biz küçə uşaqları olsaq da, yoldan ötənlər deyilik. Biz ölkə başçısı İlham Əliyevin şəxsi razılığı, xeyir-duası, icazəsiylə həbs olunmuşuq. Prezidentin şəxsi dustaqlarına yuxarıdan aşağı baxmayın. Hörmətlə davranın! Bir az da həbsimdən danışım. Mən 2024-cü ilin dekabrın 6-da Tbilisidən Bakıya gəlmişəm. Təyyarədə 100-ə yaxın sərnişin olub. Bakıda hava limanında bu qədər sərnişindən yalnız mən yoxlamadan keçmişəm. Əl və yük çantalarım kamera nəzarətiylə yoxlanılıb. Əl çantamda zərfin içində 8000 avro pul olub. Soruşublar demişəm nəzarətçilərə, buna görə saxlanılmamışam. Çünkü qaqaqmalçılıq yaradacaq bir məbləğ olmayıb. 8000 avro ölkəyə gətirmək cinayət tərkibi yaratmır. Hava limanını sifariş etdiyim taksiylə tərk etmişəm. Təxminən 5 dəqiqə sonra Bakı Şəhər Baş Polis İdarəsinin əməliyyatçıları tərəfindən saxlanılaraq həbs edilmişəm. Niyə hava limanında əməliyyat keçirilərək saxlanılmamışam? Çünkü üzərimdə qaçaqmalçılıq halı yaratmayacaq 8000 avro olub. Orada məni saxlayıb yük çantama 30000 avro qoya bilməyəcəkdilər. Ətrafda adamlar çox idi. Kimsə bunu lentə ala, çəkə bilərdi. Ona görə gözdən uzaq bir yerdə maşını saxlatdırıb məni tutdular. Məni həbs edən kimi əməliyyat çəkilişi olmadı. Təxminən 20 dəqiqə əməliyyatçıların avtomobilində saxladılar. Bu müddət ərzində çantama, yəni taksinin baqajında olan yük çantama 30 min avronu qoydular. Bundan sonra əməliyyat çəkilişinə başlanıldı.

Çəkilişdə də 8 min avronun mənə məxsus olduğunu, “30 min avrodan xəbərsizəm” – dedim. Əgər əməliyyat çəkilişi məhkəmədə nümayiş etdirilsə görəcəksiniz ki, mənə məxsus olan 8 min avro bir zərfin içində əl çantamdadır, 30 min avro isə yük çantamda çirkli paltarların üstündə açıq şəkildədir. Sual çıxır, hansı ağıllı adam bu qədər pulu belə açıq şəkildə ölkəyə, həm də qaçaqmalçılıq edərək gətirər? Cinayət törədən adam belə ucuuz hərəkət edər? Hətta gop və fantastik süjetlərlə dolu olan Hindistan filmlərinin ssenarist və rejissorları bu cür keyfiyyətsiz iş görmürlər. Cimi kimi tanıdığımız Mitxun Çakrabotiyə bunu danışsaq şoka düşər. Havalanıb yenə Bombey küçələrində “Zubi-zubi zubbi” mahnısını ifa edər. Mənim həbsim bu cür olub. Bir daha təkrar edirəm, əməliyyat çəkilişində 30 min avronun mənə aidiyyatı olmadığını demişəm. Çəkiliş uzun çəkdi, bu zaman məni tutanlar kimlərləsə əlaqəyə keçib digərlərinin də, yəni Meydan TV-nin başqa əməkdaşlarının, dostlarımın da həbs edilməsinə başlanılmasını dedilər. Mən də işin böyüdüyünü görüb çəkilişin davamında 30 min avronun mənə məxsus olduğunu söylədim. Məqsədim günahsız, suçu olmayan dostlarımı qorumaq idi. Amma olmadı, Bakı Şəhər Baş Polis İdarəsinə gələndə foyedə artıq hamının həbs edildiyini gördüm. Orada müstəntiqə ifadəmdə bu gün burada dediklərimi söylədim. Bildirdim ki, 8 min avro mənə məxsusdur, bu qaçaqmalçılıq halı yaratmır, həbsim sifarişli, saxta və quramadır. Məni və dostlarımı jurnalist fəaliyyətinə və eləcə də “Meydan TV”nin doğruları söylədiyi üçün həbs ediblər. Bizim ölkə belədir. Azərbaycanda etmədiyin əməl belə sorğulanır. Bizim ölkədə niyyət sorğulanır. Bizim ölkədə niyyət belə cinayətdir. Buna görə babamın babasının babasının babasına hərdən əsəbiləşirəm. Amma bizim ölkədə əsəbləşmək də cinayətdir. Həbsxanada bunu da tərgitmişəm”. Ramin Deko da prokurorun suallarını cavablandırmaqdan imtina edib. Lakin vəkillərin suallarını cavablandırıb. Ötən məhkəmə iclaslarında Ramin Dekonun vəkilləri o, 2024-cü il dekabrın 6-da Gürcüstandan qayıdarkən Bakıda hava limanında gömrük yoxlamasında çəkilmiş görüntülərinin alınması üçün sorğu verilməsi barədə vəsatət qaldırmış, məhkəmə də təmin etmişdi. Bugünkü məhkəmədə hakim elan edib ki, sorğuya cavab gəlib. Cavabda bildirilib ki, görüntülər verilmir, imtina isə texniki məsələlərlə əsalandırılıb. Bu cavaba təqsirləndirilən jurnalist Şəmşad Ağa etiraz edib. O bildirib ki, belə vacib məsələ ilə bağlı məhkəmə görüntünün alınmasını təmin etmirsə, hansı ədalətli məhkəmədən danışmaq olar? Vəkil Şəhla Hümbətova təkrar sorğu göndərilməsi barədə vəsatət qaldırıb. Vəkil qeyd edib ki, bu çox mühüm məsələdir: “Texniki imkan yoxdur” deməklə iş bitə bilməz. Təkrar sorğu göndərilməlidir. Əhəmiyyətli sübutdur”.

Hakim bildirib ki, növbəti məhkəmədə bu məsələ müzakirə olunacaq.

Məhkəmə prosesi avqustun 7-də davam edəcək.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov həbs edilib.

Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra  digər jurnalistlər –  fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.

Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.

Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Ana səhifəMeydan TV işi“Mən hökumət sifarişçisinin suallarına cavab vermirəm” – “Meydan TV işi”ndə ifadələr davam edir