Qızılın ucuzlaşması Neft Fonduna 3,7 milyard manat zərər vurub

Dollar və qızıl. Foto: RomanR/shutterstock

Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivləri 1,6 milyard manat azalıb. Aktivlərin azalmasına təsir edən əsas amillər qızıl ehtiyatları ilə bağlı dəyişikliklər, həmçinin neft-qaz gəlirlərinin azalması olub.

Fondun məlumatına görə, 2026-cı ilin birinci yarısının sonuna ARDNF-in aktivləri 72 milyard 596 milyon dollar (123 milyard 414 milyon manat) təşkil edib. Bu, ilin əvvəli ilə müqayisədə 1,3 faiz və ya 944 milyon dollar (1,6 milyard manat) azalma deməkdir.

Azərbaycan üzərindən neft tranzitinə maraq azalıb

2026-cı ilin yanvar-iyun aylarında ARDNF-in ümumi gəlirləri 8,5 milyard manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 301,7 milyon manat və ya 3,4 faiz azdır.

Fondun əsas gəlir mənbəyi olan neft-qaz gəlirləri 790 milyon manat (13,7 faiz) azalaraq 4 milyard 953,4 milyon manata enib. Bu azalma təkcə satış həcmləri ilə deyil, həm də tranzit gəlirlərinin kəskin aşağı düşməsi ilə əlaqəlidir.

Cari ilin ilk yarısında dünya bazarında neftin qiymətinin yüksək olması hasilatdakı azalmanı müəyyən qədər kompensasiya edə bilib. Energetika Nazirliyinin məlumatına görə, yanvar-iyun aylarında neft hasilatı 3 faiz, ixrac isə 9,5 faiz azalsa da, bu, Fondun əsas neft gəlirlərində ciddi itki yaratmayıb. Birinci rübün sonu və ikinci rübdə yüksək neft qiymətləri ixrac həcmlərinin azalmasının təsirini zəiflədib. Nəticədə mənfəət nefti və qazın satışından əldə olunan gəlirlər cəmi 0,5 faiz azalaraq 4 milyard 947,6 milyon manat təşkil edib.

Ən kəskin azalma isə bonus ödənişləri və tranzit gəlirlərində baş verib. Ötən ilin eyni dövründə bu mənbələrdən 765 milyon manat daxil olduğu halda, cari ilin ilk altı ayında cəmi 0,9 milyon manat gəlir əldə edilib.

Neft Fondunun büdcə proqnozundan da görünür ki, 2026-cı ildə tranzitdən çox cüzi – cəmi 3,7 min manat gəlir gözləyir. Halbuki əvvəlki illərdə Fond bu mənbədən 20 milyon manatdan çox qazanc əldə edirdi.

Bu azalmanın əsas səbəbi Qazaxıstan neftinin Azərbaycan ərazisindən tranzit həcmlərinin azalması, Türkmənistan neftinin isə tranzitinin dayandırılmasıdır. Azərbaycan rəsmiləri bunu Rusiya-Ukrayna müharibəsi fonunda Bakı-Supsa neft kəmərinin fəaliyyətinin müvəqqəti dayandırılması ilə izah edir.

Fond nədən qazanıb?

İlin I yarısına dair məlumata görə, ARDNF-in vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirləri kəskin artıb. Bu istiqamətdə gəlirlər ötən ilin eyni dövrü ilə müqayisədə 15,8 faiz artaraq 3 milyard 577,9 milyon manata çatıb. Beləliklə, investisiya fəaliyyətindən əldə olunan gəlirlər Fonda əlavə 488 milyon manat qazandırıb.

Bununla belə, ARDNF-in birinci yarımillik bülletenində gəlirliliyin hansı aktivlər hesabına formalaşdığı açıqlanmayıb. Əvvəlki hesabatlarda bu istiqamətdə əsas gəlirliliyin səhm və istiqraz portfellərində olduğu görünürdü.

Bu dəfə isə Fond bildirib ki, ABŞ-İran müharibəsi qlobal maliyyə bazarlarında bütün investisiya istiqamətlərinə mənfi təsir göstərib:

“2026-cı ilin birinci rübündə başlanan ABŞ-İran müharibəsi bütün investisiya istiqamətlərinə mənfi təsir göstərib. İkinci rüb ərzində müxtəlif maliyyə alətləri üzrə qiymətlər bərpa olunub, müsbət gəlirlilik əldə edilib, qızıl isə idarəetmədə olan ümumi vəsaitlərə mənfi töhfə verib”.

Fond onu da vurğulayır ki, neft qiymətlərinin kəskin artması inflyasiya gözləntilərini gücləndirib və inkişaf etmiş ölkələrin istiqraz bazarlarında qiymət enişinə səbəb olub:

“Enerji qiymətlərindən qaynaqlanan inflyasiya təzyiqi ən çox Avropa bazarlarına təsir edib. ABŞ dolları ilə nominallaşdırılmış istiqraz subportfeli isə dövr ərzində nisbi dayanıqlılıq nümayiş etdirib”.

Neft Fondu qızıllarını satır

Dünya bazarında qızılın ucuzlaşması və valyuta məzənnələrinin dəyişməsi nəticəsində ARDNF 3 milyard 688,1 milyon manat məbləğində itki ilə üzləşib.

Fond bildirir ki, qızılın qiyməti birinci rübün əvvəlində ABŞ dollarının zəifləməsi və investorların dövlət istiqrazlarından real aktivlərə yönəlməsi səbəbindən kəskin yüksəlib. Lakin birinci rübün sonunda qiymətlər enməyə başlayıb və real faiz dərəcələrinin artması fonunda bu tendensiya ikinci rübdə də davam edib.

Hesabatdan görünür ki, Fond yalnız qiymət enişindən zərər çəkməyib, eyni zamanda qızıl ehtiyatlarının həcmini də azaldıb. Belə ki, ilk altı ay ərzində ARDNF 22 ton qızıl satıb. Nəticədə Fondun qızıl ehtiyatları 200 tondan 178,1 tona düşüb.

Dövlət Gömrük Komitəsinin məlumatlarından da görünür ki, ölkənin qızıl ixracı rekord həddə çatıb. Belə ki, yanvar-iyun aylarında Azərbaycandan 3 milyard 674 milyon dollarlıq qızıl ixrac olunub. Müqayisə üçün qeyd edək ki, ötən ilin eyni dövründə bu göstərici cəmi 145,5 milyon dollar idi.

Aydın olur ki, Fond xərclərini maliyyələşdirmək üçün qızıl ehtiyatlarının bir hissəsini sataraq həmin vəsaiti gəlirlərinə daxil edib. Bu da vəsaitlərin idarə edilməsi ilə bağlı fəaliyyətində gəlirlərinin artmasına təsir göstərən əsas amillərdən biri olub.

Qeyd edək ki, 2026-cı ilin yanvar-iyun aylarında ARDNF-in ümumi xərcləri 6 milyard 449,7 milyon manat təşkil edib. Bunun 6 milyard 420 milyon manatı dövlət büdcəsinə transfert kimi yönəldilib.

Ana səhifəXəbərlərQızılın ucuzlaşması Neft Fonduna 3,7 milyard manat zərər vurub