Aynur Elgünəş: “Əliyev iqtidarı sözdən qorxur”

İllüstrasiya: Meydan TV

Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş (Qənbərova) Milli Mətbuat Günü münasibətilə AbzasMedia-ya müsahibə verib.

O, həbsdə keçirdiyi ikinci Milli Mətbuat Günündən, Azərbaycanda müstəqil medianın vəziyyətindən, jurnalist həbslərinin ifadə azadlığına təsirindən və hakimiyyətin informasiya axınına nəzarət cəhdlərindən danışıb.

Aynur Elgünəşin müsahibəsini təqdim edirik.

– Hakimiyyətin mətbuatın 151 illiyini qeyd etdiyi bir vaxtda siz növbəti Milli Mətbuat Gününü həbsdə keçirirsiniz. Həbsdəki jurnalist üçün bu təzad həm də hansı mənaya gəlir, onda hansı duyğuları və düşüncələri yaradır?

– Artıq ikinci ildir Milli Mətbuat Gününü həbsdə qeyd edirik və telekanalların bu tarixlə bağlı hazırladığı verilişləri istehzayla izləyirəm. Zərdabinin adı altında hər cür riyakarlığa imza atırlar. Təsəvvür edin, Azərbaycan mətbuatının tarixini tədris edən, illərlə bizə Zərdabinin Çar hakimiyyətinin yaratdığı problemlərlə necə mübarizə apardığını anladan şəxs indi bu kişinin portreti altında əyləşib utanmazcasına deyir ki, jurnalistlər prezidentin ətrafında birləşməlidir. 150 illik dövrlə bu günü ayıran yalnız hakimiyyətlər və metodlardır. “Əkinçi” Çar hakimiyyətinin təzyiqinə cəmi 56 say dözə bildi, məcburən qapadıldı. Zərdabi izlənildi, təxribata tuş gəldi, müflis edildi və s. Çarın indiki davamçıları isə müasir üsullardan istifadə edir: şərləyir, döyür, həbs edir, hətta öldürür. Bu hakimiyyətin əlində jurnalistin qanı var. Şadam ki, bu adamların yanında yox, həbsdəyəm.

– Həbsinizdən əvvəlki və hazırkı Azərbaycan mediasını necə müqayisə edərdiniz? Həbsinizlə bərabər sizin üçün mediada ən əhəmiyyətli dəyişikliklər nələrdir?

– Mənə görə, Azərbaycan mediası son 10 ildə tənəzzül etməyə başladı. Ona qədər yön dəyişmələr, satılmalar, şirniklənmələr vardı, ancaq kütləvi deyildi. Mükafat, deputat mandatı, ev, varidat üçün jurnalistikadan tramplin kimi istifadə edənlər vardı, yenə də müstəqil media öz sözünü deyirdi. Müstəqil media olmaq nə gəldi yazmaq deyil, nə gəldi yazmamaqdır. Xüsusilə əlaltı media orqanlarının bir əldə cəmləşməsi vəziyyəti ağırlaşdırdı və nəhayət, hakimiyyət öz qandallarını qanuniləşdirməyə başladı. 2022-ci ilin sonlarından başlayan bu həmlələr 2023-cü ilin sonlarına doğru repressiya şəklini aldı və nəticədə iqtidarın qılıncı altından keçməyənlər həbsə göndərildi, yaxud ölkəni tərk etmək məcburiyyətində buraxıldı. Artıq 20 aydır həbsdəyik və düşünürəm ki, bu müddətdə təkcə medianın yox, hər kəsin söz demək haqqı əlindən alınıb.

– Təmsil etdiyiniz media uzun illər ictimai əhəmiyyətli mövzuların dərci və həqiqətlərin cəmiyyətə çatdırılması ilə tanınıb. Bu həqiqətlərin çatdırılması Azərbaycan vətəndaşı üçün və bərabərində hökumət üçün nə demək idi?

– Meydan TV alternativ media kimi yaradılıb və düşünürəm ki, missiyasını layiqincə yerinə yetirib. Jurnalistikanın əsas vəzifəsi budur: hökumət qarşısında cəmiyyətin maraqlarını müdafiə etmək, insanları siyasətçilərin manipulyasiyasından duyuq salmaq və hökumət üzərində ictimai nəzarəti təşkil etmək. Meydan TV də bu qaydalara əməl etməyə çalışıb. Tirajı, baxış sayı, ölkədəki nüfuzu vətəndaş üçün, həbsimiz isə hökumət üçün nə demək olduğumuzu göstərdi. Rəhbərlik etdiyim 10 il ərzində səhvlərimiz çox oldu, ancaq heç vaxt hansısa xəbərimiz yalanlanmadı. Heç vaxt hansısa məmura, siyasətçiyə görə yön dəyişmədik, vətəndaşın problemindən manipulyasiya etmədik.

Jurnalistlərin həbsi bütövlükdə ifadə azadlığına basqıdır. Hakimiyyət buna nail olub. Hazırda hakimiyyət qazandığını düşünür, çünki zibilləri xalçanın altına süpürməklə məşğuldur. Ancaq tez və ya gec, üfunət iyi mütləq ölkəni bürüyəcək və o zaman heç nəyi gizlətmək mümkün olmayacaq. Tarixin heç bir səhifəsində güc və iqtidar daimi olmayıb. Təəssüf ki, indi çoxu bükə bilmədiyi əli öpüb və qırılması üçün dua edir. Ağıllı bir yazarın sözləridir: “Heç bir şey etməmək də bir şey etməkdir. Heç bir şey etməmək ən dağıdıcı işdir”. Hakimiyyət medianı heç bir şey etməməyə məcbur buraxmaqla yalnız özünə ziyan vurur. Əliyev iqtidarı sözdən qorxur!

– Bu gün müstəqil medianın sıxışdırılması ilə bərabər vətəndaş jurnalistikasının da qarşısını almağa yönələn addımlar atılır. Sosial şəbəkələrdə problemlərini paylaşan vətəndaşlar sonradan təqibə və təzyiqə məruz qalırlar. Sizcə, hakimiyyət bu təzyiqlərlə informasiya axınını tamamilə nəzarətə ala bilərmi?

– Sözsüz ki, məqsəd informasiya axınını nəzarətdə saxlamaqdır. Buna qismən nail olub da. Hətta mediada yaratdığı informasiya kirliliyi də buna xidmət edir. Ancaq tamamilə nəzarətə almaq mümkünsüzdür. Qloballaşan dünyada yaşayırıq, çarə tükənməz.

– Həbs şəraiti sizin peşəkar və şəxsi baxışlarınıza necə təsir edib? Media ilə bağlı qənaətlərinizdə hansısa dəyişiklik olubmu?

– Niyəsə azadlıqda olanlara elə gəlir ki, içəridəkilər reallıq hissindən uzaqdırlar və eyforiyadadırlar. Razılaşmıram. Təbii ki, tutduğum yol, gördüyüm iş məni həbsə gətirib və bunu şüurlu olaraq seçmişəm. Eləcə də mənimlə birgə həbs olunan gənclər. Hamımız nə etdiyimizi, bu işin bizi hara aparacağının fərqində idik. Heç birimizdə də “həbs olundum, qəhrəmanam” düşüncəsi yoxdur. Yəni, deməyim odur ki, savadımız, təcrübəmiz kimlərdənsə az, yaxud çox ola bilər, ancaq heç birimiz buraya təsadüfən düşməmişik. Heç vaxt qarşıma “mübarizə aparıram” missiyasını qoymamışam. Mən sadəcə jurnalistikanı sevmişəm, jurnalistikanın məhz belə olduğunu düşünmüşəm və özümü Zərdabinin davamçılarından saymışam. Mən Meydan TV-yə qədər də ölkənin tanınan jurnalistlərindən idim və frilanser kimi ən çox qonorar alanlardandım. 28 illik fəaliyyətim dövründə həmişə tənqidi jurnalist kimi bilinmişəm, ziqzaq həyatım olmayıb. Həbsim də şəxsi baxışlarıma heç bir təsir göstərməyib. “Kaş” sözünü heç vaxt peşəmlə, əqidəmlə bağlı işlətməmişəm. Media ilə bağlı qənaətimdə də əsaslı dəyişiklik yoxdur. Həbsim mənə yeni ideyalar üzərində düşünmək və kitab oxumaq üçün fürsət verib. Mətbuat tarixini, hətta xarici media qurumlarının fəaliyyətini, ayrı-ayrı jurnalistlərin həyatlarını əks etdirən xeyli kitab oxudum. Yeniliklərlə də vaxtaşırı tanış oluram. Çalışıram korşalmayım. Digər həmkarlarım da həmçinin. Məndən başqa, qızların heç biri yazar jurnalist deyildi, indi beşi də yazır və yaxşı da qələmləri var. Videomateriallarda göstərdikləri bacarığı indi qələmlə göstərirlər.

– Azadlıqda olan jurnalistlərə və media sahəsinə yeni gələn gənclərə nə demək istərdiniz?

– Robin Şarmanın çox sevdiyim bir fikri var: “Bir insanın ən böyük peşmanlığı ömrünün sonuna gəlib xəyallarını gerçəkləşdirməmiş olduğunu fərq etməsidir”. Həyatlarını heç kimin seçiminə buraxmasınlar. Mark Tven deyərdi: “Gəlin, elə yaşayaq ki, biz öləndə hətta tabut düzəldən də heyfsilənsin”.

Milli Mətbuat Günü münasibəti ilə Azərbaycan cəmiyyətinə hansı mesajı verərdiniz?

– “Əkinçi” qəzetinin sonuncu – 56-cı sayında bir bayatı dərc olunub. Düzdür, orada bu, Rusiya-Türkiyə münasibətlərinə həsr olunub. Mənsə bunu müasir mediamıza ithaf edirəm:

Əzizim, qar qalandı,

Qar yağdı, qar qalandı.

Qarğalar Laçın oldu,

Laçınlar qarğalandı…

Ana səhifəMüsahibəAynur Elgünəş: “Əliyev iqtidarı sözdən qorxur”