Berlin polisi İlham Əliyevin səfəri zamanı siyasi mühacirlərin aksiyasına mane olub

Siyasi mühacirlərin Berlindəki aksiyası – Mənbə: Əfqan Muxtarlı

Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı Berlində siyasi məhbusların azadlığı tələbi ilə aksiya keçirmək istəyən azərbaycanlı siyasi mühacirlər polis müdaxiləsi ilə qarşılaşıb.

Aksiya iştirakçılarının sözlərinə görə, Almaniya polisi Kansler İdarəsinin qarşısındakı ərazini bağlayaraq onları və jurnalistləri yaxın buraxmayıb.

Jurnalist Əfqan Muxtarlı Meydan TV-yə bildirib ki, Almaniya Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis qüvvələri aksiya iştirakçıları ilə yanaşı, turistləri və bəzi alman vətəndaşlarını da ərazidən uzaqlaşdırıb.

“Almaniyanın ən yeni tarixində belə biabırçı bir hadisə baş verməmişdi. Böyük bir ərazini Bakıda olduğu kimi polis kordonu ilə bağlayıb bizi və digər jurnalistləri yaxına buraxmadılar. Biz yalnız uzaq məsafədən, İlham Əliyevin keçəcəyi yolun üstündə şüarlar səsləndirə bildik”, – Muxtarlı deyib.

Onun sözlərinə görə, Berlin polisi azərbaycanlı siyasi mühacirlərin iyunun 15-dən etibarən başladıqları etiraz aksiyası çərçivəsində qurduğu çadırları da sökərək başqa yerə köçürüb.

Həmin aksiya Azərbaycanda həbsdə olan 15 qadının – 9 jurnalist və 6 dini fəalın azadlığa buraxılması tələbi ilə keçirilir. Aksiyanın təşkilatçısı Orxan Ağayevdir. Aksiyada Azərbaycan Naminə Demokratiya, Müsəlman Birliyi Hərəkatının üzvləri, eləcə də heç bir siyasi təşkilata mənsub olmayan fəallar iştirak edirlər.

Əfqan Muxtarlı bildirib ki, İlham Əliyevin Kansler İdarəsinə gəlişindən bir neçə dəqiqə əvvəl polis əməkdaşları həbsdə olan şəxslərin siyahı və fotolarını da götürməyə cəhd ediblər.

“Lakin fəallar müqavimət göstərərək buna imkan vermədilər”, – jurnalist əlavə edib.

Muxtarlının sözlərinə görə, o, 2020-ci ildən Almaniyada yaşayır və belə bir vəziyyətlə ilk dəfə qarşılaşır.

“İlham Əliyev bu gün öz tələblərini Almaniya hökumətinə diktə etdi. Əminəm ki, məhz Azərbaycan hökumətinin və İlham Əliyevin tələbi ilə bizi oradan uzaqlaşdırdılar, meydan boşaldıldı və xüsusi təyinatlı polislərlə kordon şəklində bağlandı”, – deyə o bildirib.

Jurnalist qeyd edib ki, hətta yerli media nümayəndələrinin də əraziyə girişinə məhdudiyyət qoyulub. Onun sözlərinə görə, yalnız akkreditasiyası olan və görüş üçün binaya daxil ola bilən jurnalistlər çəkiliş apara biliblər.

“Halbuki əvvəllər binaya daxil olmayan çoxsaylı jurnalistlər kənardan rahatlıqla çəkiliş edib reportaj hazırlaya bilirdilər”, – Muxtarlı deyib.

Səfər zamanı diqqət çəkən digər məqamlardan biri də Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevlə Almaniyada yaşayan bloger Tural Sadıqlı arasındakı dialoq olub.

Sosial şəbəkələrdə yayılan videoda Hikmət Hacıyev blogerin fəaliyyətindən təəssüfləndiyini bildirib.

“Sizə elə gəlir ki, Azərbaycanda hamı oturub sizin verilişlərə baxır. Amma səmimi deyim ki, elə deyil. Həyatda ən çətin şey vətənə, dövlətə xəyanət etməkdir. O statusda yaşayan insanlara yazığım gəlir. Düzdür, Allahın yazığı gəlsin. Amma bunu bir bədbəxtlik sayıram”, – Hacıyev deyib.

O bildirib ki, şəxsi ünvanına səslənən tənqidlərdən narahat deyil, lakin Sadıqlının vəziyyətinə təəssüflənir.

Tural Sadıqlı hakimiyyətin sərt tənqidçilərindəndir. O, Azərbaycan Cinayət Məcəlləsinin dələduzluq, terrora açıq çağırışlar və digər maddələri ilə ittiham olunub. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sadıqlı irəli sürülən ittihamlar üzrə təqsirli bilinərək 14 il müddətinə qiyabi azadlıqdan məhrum edilib.

Prezident İlham Əliyev iyulun 20-də Almaniyaya səfər edib. Səfər çərçivəsində o, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer, Federal Kansler Fridrix Merts və digər rəsmi şəxslərlə görüşlər keçirib.

Berlin görüşləri zamanı Azərbaycan və Almaniya arasında ikitərəfli münasibətlər, siyasi dialoq, iqtisadi əməkdaşlıq, enerji məsələləri və regional proseslər müzakirə olunub. Səfər çərçivəsində İlham Əliyev və Almaniya Kansleri Fridrix Merts “Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında İkitərəfli Tərəfdaşlıq üçün Strateji Gündəlik haqqında Birgə Bəyannamə”ni imzalayıblar. Bundan başqa, Azərbaycan–Almaniya Biznes Şurasının yaradılması və fəaliyyəti ilə bağlı sənəd də imzalanıb.

Ana səhifəSiyasətBerlin polisi İlham Əliyevin səfəri zamanı siyasi mühacirlərin aksiyasına mane olub