Gürcüstanda məmurlar milyonlarla dollar dəyərində hədiyyələr alıblar

Gürcüstan. Foto: Reuters

“Transparency International – Georgia” (TI Georgia) təşkilatının hesabatına görə, Gürcüstanın dövlət məmurları və onların ailə üzvləri 2025-ci ilin sentyabrından 2026-cı ilin aprelinədək ümumilikdə 9,2 milyon dollar dəyərində hədiyyə alıblar. Korrupsiyaya qarşı mübarizə təşkilatı qeyd edib ki, əksər hallarda hədiyyə verən şəxslər kimi digər ailə üzvləri göstərilib və bu təcrübə ilə bağlı narahatlıq ifadə edilib.

OC Media yazır ki, hesabata əsasən, məmurlar və onların ailələri 4,2 milyon dollar məbləğində pul hədiyyəsi, 4,6 milyon dollar çox dəyərində daşınmaz əmlak, eləcə də avtomobillər, odlu silahlar və zinət əşyaları daxil olmaqla daha aşağı dəyərli hədiyyələr alıblar.

Nəticələr hesabat dövründə 379 dövlət məmurunun əmlak bəyannamələrində göstərdiyi hədiyyələrə əsaslanır.

Hədiyyələrin kateqoriyalar üzrə bölgüsünə əsasən, TI Georgia müəyyən edib ki, evlər və torpaq sahələrindən ibarət daşınmaz əmlak 100 məmur arasında bölüşdürülüb. 233 məmur pul hədiyyəsi alıb, onlardan 33-ü ayrı-ayrılıqda 100 min laridən (38 min dollar) çox vəsait əldə edib.

Qurumlar üzrə ən yüksək dəyərdə hədiyyələri Daxili İşlər Nazirliyinin əməkdaşları alıblar – ümumilikdə 2,3 milyon lari (900 min dollar). Sonrakı yerlərdə 2 milyon laridən (800 min dollar) çox göstərici ilə Xarici İşlər Nazirliyi və 1,6 milyon lari (600 min dollar) ilə Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi qərarlaşıb. İqtisadiyyat Nazirliyi isə 383 min lari (145 min dollar) dəyərində hədiyyələrlə sonuncu yerdə olub.

TI Georgia-nın məlumatına görə, dövlət məmurlarının bəyan etdiyi hədiyyələrin təxminən 60 faizi onların valideynlərindən alınıb. Digər hədiyyə verənlər arasında bacı-qardaşlar, qohumlar, övladlar, nənə və babalar, həyat yoldaşları və dostlar da olub.

Gürcüstan qanunvericiliyinə əsasən, dövlət məmurları özlərinin və ya ailə üzvlərinin aldığı, dəyəri 500 laridən (190 dollar) çox olan istənilən hədiyyəni bəyan etməlidirlər. Eyni zamanda, onların illik maaşının 5 faizindən çox dəyəri olan hədiyyələri qəbul etməsi qadağandır.

Lakin bu məhdudiyyətlər digər ailə üzvlərindən və ya yaxın qohumlardan alınan hədiyyələrə şamil edilmir. TI Georgia bu istisnanın “məntiqli” olduğunu qeyd etsə də, lazımi nəzarət olmadığı halda bunun “vicdansız məmurlar” tərəfindən qadağan olunmuş gəlirləri gizlətmək üçün istifadə edilən “boşluğa” çevrilə biləcəyi barədə xəbərdarlıq edib.

“Qanun pozuntusu nəticəsində əldə olunan gəlir ailə üzvündən və ya yaxın qohumdan alınmış hədiyyə kimi bəyan edilə bilər”, – təşkilat qeyd edib.

Hesabat müəllifləri Dövlət Audit Xidmətinin dövlət məmurunun yüksək dəyərli hədiyyə bəyan etdiyi hər bir halı araşdırmasının vacibliyini vurğulayıblar. Məqsəd həmin hədiyyənin qanunsuz gəlirlərin leqallaşdırılması cəhdi ilə əlaqəli olub-olmadığını müəyyənləşdirməkdir.

“Ən azı, hədiyyəni verən şəxsin bu qədər bahalı hədiyyə təqdim etmək üçün maliyyə imkanlarının olub-olmadığı yoxlanılmalıdır”, – TI Georgia əlavə edib.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərGürcüstanda məmurlar milyonlarla dollar dəyərində hədiyyələr alıblar