ABŞ İran ərazisinə hava zərbələrini genişləndirib və Hörmüz boğazı ətrafında tətbiq etdiyi dəniz blokadasını yenidən bərpa edib. Vaşinqton bildirir ki, əməliyyatların əsas məqsədi İranın hərbi imkanlarını və regionda hücum potensialını zəiflətməkdir.
İran rəsmilərinin məlumatına görə, ABŞ zərbələri nəticəsində ölkənin cənub və cənub-şərqində yerləşən bir sıra ərazilər hədəfə alınıb. İranın cənubundakı strateji əhəmiyyətli bölgələrdə, o cümlədən Bəndər-Abbas, Buşehr, Qeşm və Kiş adaları ətrafında partlayışlar qeydə alınıb. Bu ərazilər İranın dəniz qüvvələri, enerji infrastrukturu və Hörmüz boğazına çıxışı baxımından mühüm əhəmiyyət daşıyır.
İran hökumətinin sözçüsü Fatimə Mohacirani bildirib ki, son günlər ərzində ölkə üzrə 30-dan çox adam həlak olub. Onun sözlərinə görə, ölənlər arasında İranın cənub-şərqində yerləşən Sistan və Bəlucistan vilayətində hərbi obyektə edilən hücum nəticəsində həyatını itirən 7 hərbçi də var. İran rəsmiləri hücumlar nəticəsində 260 adamın yaralandığını açıqlayıb.
ABŞ tərəfi isə əməliyyatların davam etdiriləcəyini bildirib. Prezident Donald Tramp İran rəhbərliyini danışıqlara qayıtmağa çağırıb və Tehran razılaşmasa, hərbi təzyiqin davam edəcəyini deyib.
İran ABŞ-nin hücumlarına cavab olaraq Körfəz regionundakı bəzi ölkələrə raket zərbələri endirib. Tehran İordaniya, Bəhreyn və Küveyt daxil olmaqla region ölkələrində yerləşən ABŞ hərbi obyektlərini hədəf aldığını bildirib. İranın İnqilab Keşikçiləri Korpusu (SEPAH) həmçinin xəbərdarlıq edib ki, ABŞ-nin blokadası davam edərsə, Yaxın Şərqdən enerji ixracının dayandırılması üçün addımlar ata bilər.
Gərginliyin əsas mərkəzlərindən biri Hörmüz boğazıdır. Dünya neft və təbii qaz daşımalarının mühüm hissəsi bu yoldan keçir. ABŞ və İranın burada nəzarəti gücləndirməsi qlobal enerji bazarlarında narahatlıq yaradıb. Analitiklər bildirirlər ki, boğazda uzunmüddətli qarşıdurma neft qiymətlərinə və dünya iqtisadiyyatına ciddi təsir göstərə bilər.
ABŞ-İran qarşıdurması İsrail və digər regional ölkələri də prosesə cəlb edib. Son günlər ərzində Yaxın Şərqin müxtəlif bölgələrində raket hücumları və hərbi əməliyyatlar barədə məlumatlar yayılıb. Region ölkələri gərginliyin daha böyük müharibəyə çevrilməsinin qarşısını almaq üçün diplomatik yollar axtarır.
ABŞ və İran arasında uzun müddətdir davam edən qarşıdurmanın əsas səbəbləri arasında İranın nüvə proqramı, regional təsir mübarizəsi və ABŞ sanksiyaları dayanır. Hörmüz boğazı ətrafında yaranan gərginlik isə qlobal enerji təhlükəsizliyi baxımından xüsusi əhəmiyyət daşıyır.