“Qaradağ Şüşə Zavodu” İqtisadiyyat Nazirliyinə yaxın şəxsin şirkətinə satıldı

Fotokollaj: Meydan TV

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Qaradağ Şüşə Zavodu” ASC-nin özəlləşdirilməsinin nəticələrini açıqlayıb. Nazirliyin məlumatına görə, zavodun dövlətə məxsus səhmlərinin satışı üzrə keçirilən investisiya müsabiqəsinin qalibi “Nort Vest Konstrakşn” MMC olub.

Qeyd edək ki, Meydan TV “Mərhum nazirin adı keçən Qaradağ Şüşə Zavodu: uğursuz özəlləşdirmə və eyni fiqurlar” adlı araşdırmasında zavodun özəlləşdirilməsi ətrafında baş verən proseslər barədə məlumat verib.

Araşdırmada Qaradağ Şüşə Zavodunun vaxtilə mərhum gənclər və idman naziri Azad Rəhimova yaxın şirkətlər və hüquqi şəxslərlə əlaqəli olduğu qeyd edilir. Məqalədə, həmçinin, müəssisənin sonradan Azərbaycan Beynəlxalq Bankına olan kredit borclarına görə dövlət nəzarətinə keçməsi və fəaliyyətinin faktiki olaraq iflasa sürüklənməsi ilə bağlı məlumatlar yer alır.

Əmlak Məsələləri Dövlət Xidməti cari ilin martında zavodu özəlləşdirməyə çıxararkən müəssisənin dövlət büdcəsinə və banklara ümumilikdə 4 milyon manat borcu olduğunu bildirmişdi.

Müsabiqənin yekunlarına görə, investor dövlət büdcəsinə 20 milyon manat vəsait köçürməli, eyni zamanda müəssisədə 16,4 milyon manat həcmində investisiya proqramı həyata keçirməlidir. İnvestisiya öhdəlikləri çərçivəsində müəssisədə 200 yeni iş yerinin yaradılması da nəzərdə tutulur.

Bu, zavodun özəlləşdirilməsi ilə bağlı ilk cəhd deyil. Vaxtilə təxminən 300 işçisi olan və yüksək istehsal gücünə malik müəssisə 2017-ci ildə dövlət mülkiyyətinə keçib.

Həmin dövrdən sonra zavodun istehsal və maliyyə göstəricilərinin kəskin pisləşdiyi görünür. 2026-cı ildə yayımlanan özəlləşdirmə elanında müəssisədə cəmi səkkiz işçinin çalışdığı qeyd edilir.

2017-ci ildə təxminən 99 milyon manat nizamnamə kapitalına malik olan müəssisənin kapitalı 2023-cü ildə özəlləşdirməyə çıxarıldığı zaman 36 milyon manata enmişdi.

Dövlət nəzarətinə keçən müəssisə 2023-cü ilin aprelində özəlləşdirməyə çıxarılıb, həmin ilin iyununda isə səhmlərinin 85 faizinin “Glass Vay” MMC-yə satıldığı açıqlanıb.

“Glass Vay” MMC-nin qanuni təmsilçisi İlal Əhmədovun adına mərhum nazir Azad Rəhimovun ailə üzvlərinə məxsus şirkətlərdə də qanuni təmsilçi kimi rast gəlinir. İlal Əhmədov, eyni zamanda, müəssisənin rebrendinqdən əvvəlki adı olan “İnter Glass” MMC-nin də qanuni təmsilçisi olub.

Lakin əvvəlki sahiblərlə əlaqəli şəxslərin 2023-cü ildə müəssisəni yenidən əldə etmək cəhdləri uğursuz olub.

Nəticədə 23 iyun 2026-cı ildə imzalanmış alqı-satqı müqaviləsinə əsasən, zavod “Nort Vest Konstrakşn” MMC-yə satılıb.

“Nort Vest Konstrakşn” MMC ilə bağlı məlumatlarda İqtisadiyyat Nazirliyinin xətti ilə həyata keçirilən layihələrlə əlaqəli şəxslərin adlarına rast gəlinir. Belə ki, 2007-ci ildə vergi qeydiyyatına alınan şirkətin təsisçisi İbrahim Azad oğlu Manafli göstərilir.

İbrahim Manafli, həmçinin, 2016-cı ildə Latviyada fəaliyyət göstərən “North West Baltic” şirkətinin təsisçilərindən biri olub. Həmin şirkətin digər təsisçisi və direktoru Rüfət Quliyevdir. Rüfət Quliyev İqtisadiyyat Nazirliyinin xətti ilə Latviyada yaradılmış “Azərbaycan Ticarət Evi”nin direktorudur.

“Nort Vest Konstrakşn” MMC-nin hüquqi ünvanı — Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 153 — “PASHA Holding”in qeydiyyat ünvanı ilə eynidir.

Şirkət Qarabağda iri dövlət layihələrinin icrasında iştirak edir. Bundan əlavə, şirkətin rəsmi saytında yerləşdirilən məlumata görə, “28 Mall”, “Gənclik Mall”, “Gəncə Mall”, “Dəniz Mall”, “Bravo” hipermarketləri, “Port Baku Towers” və digər iri obyektlərin tikintisində iştirak edib.

Ana səhifəİqtisadiyyat“Qaradağ Şüşə Zavodu” İqtisadiyyat Nazirliyinə yaxın şəxsin şirkətinə satıldı