2026-cı ilin ilk altı ayının yekunlarına əsasən, Azərbaycanın strateji valyuta ehtiyatları 85 milyard 768,9 milyon ABŞ dolları təşkil edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 10,4 faiz çoxdur. Lakin ilin əvvəli ilə müqayisədə ölkənin strateji valyuta ehtiyatları 4,9 milyard ABŞ dolları və ya 5,4 faiz azalıb. Belə ki, ilin əvvəlində strateji valyuta ehtiyatlarının həcmi 90,7 milyard ABŞ dolları olub.
Təkcə son bir ayda — may ayının sonu ilə müqayisədə strateji valyuta ehtiyatları 2,7 milyard ABŞ dolları və ya 3 faiz azalıb. Belə ki, yanvar-may aylarının yekununda strateji valyuta ehtiyatlarının həcmi 88 milyard 438,6 milyon ABŞ dolları təşkil edib.
Azərbaycanın strateji valyuta ehtiyatlarının əsas mənbələri Azərbaycan Dövlət Neft Fondu və Azərbaycan Mərkəzi Bankıdır.
Azərbaycan Mərkəzi Bankının iyulun 1-də yaydığı məlumata görə, qurum iyun ayında valyuta ehtiyatlarını 445 milyon ABŞ dolları, ilin əvvəlindən isə 1,64 milyard ABŞ dolları artırıb.
Ekspertlərin fikrincə, strateji valyuta ehtiyatlarının azalmasının əsas səbəbi məhz Azərbaycan Dövlət Neft Fondunun aktivlərinin azalmasıdır. Bu prosesə qızıl ehtiyatlarının dəyərinin enməsi, neft gəlirlərinin azalması, eləcə də Fondun investisiya yatırdığı texnologiya şirkətlərinin səhmlərində müşahidə olunan ucuzlaşma təsir göstərib. Nəticədə Fondun aktivlərində azalma qeydə alınıb ki, bu da ümumi strateji valyuta ehtiyatlarının həcminə mənfi təsir edib.