Prezident Administrasiyasının “Azərxalça”ya 695 min, SOCAR-ın 107 min manatlıq borcu yaranıb

Foto: shutterstock.com/nadia_f

Bir sıra dövlət qurumu və iri şirkət “Azərxalça” ASC-dən aldıqları qiymətli xalçaların pulunu ödəməyib. 

“Azərxalça” ASC-nin 2025-ci ilə dair maliyyə hesabatına əsasən, dövlət şirkətinin debitor borcları 1 milyon 63 min manat təşkil edib. Halbuki, 2024-cü ildə bu göstərici cəmi 19,8 min manat olub. Debitor borclarının birdən-birə kəskin artmasının əsas səbəbi dövlət qurumları və şirkətlərinin sifarişlərinin çoxalması, ödənişlərin isə hesabat dövründə həyata keçirilməməsidir.

Onların arasında Azərbaycan Prezident Administrasiyasının “Azərxalça” ASC-yə olan 695,4 min manatlıq borcu da yer alıb. Belə ki, administrasiya dövlət şirkətindən sifariş etdiyi qiymətli xalçalara görə ödənişləri tam həyata keçirməyib.

Hesabatda debitor borclarının tərkibində “PETKİM PETROKİMYA” Holdinqinin 51,9 min manat, “SOCAR Türkiye Petrol Ticarət”in 21 min manat, “STAR Rafineri” A.Ş.-nin 18,7 min manat və “SOCAR Türkiye Enerji” A.Ş.-nin 15,6 min manat borcu da olduğu qeyd olunur.

Beləliklə, SOCAR-ın Türkiyədəki törəmə şirkətlərinin “Azərxalça” ASC-yə ümumilikdə 107,3 min manat borcu yaranıb. Bu, Prezident Administrasiyasından sonra ən böyük debitor borcdur.

“Formula 1” yarışlarını təşkil edən “Bakı Şəhər Halqası Əməliyyat Şirkəti”nin (BCCOC) də “Azərxalça” ASC-yə 10,3 min manat borcu var.

Bundan əlavə, debitor borclarının tərkibində “AZCARGO LOGISTICS AND MANAGEMENT SERVICES” MMC-nin 30,2 min manat borcu da yer alıb.

Adları açıqlanmayan və “Digər debitorlar” kateqoriyasında göstərilən borclar isə ümumilikdə 220,4 min manat təşkil edir.

Maliyyə hesabatına əsasən, dövlət şirkətinin xalis zərəri ötən il 5,4 dəfə azalaraq 393,6 min manat olub. Müqayisə üçün qeyd edək ki, 2024-cü ildə bu göstərici 2,1 milyon manat idi. Zərərin artım tempi əhəmiyyətli dərəcədə azalsa da, ASC-nin yığılmış zərəri 24,6 milyon manata çatıb.

“Azərxalça”nın ümumi gəlirləri ötən il 39,5 faiz artaraq 8,5 milyon manat təşkil edib. Şirkətin satışdan əldə etdiyi gəlirlər 46,1 faiz artaraq 5,3 milyon manatdan 7,8 milyon manata yüksəlib.

Bundan başqa, şirkət aktivlərinin icarəsindən ilk dəfə olaraq 40,4 min manat gəlir əldə edib.

ASC-nin ümumi xərcləri isə 8,9 milyon manat təşkil edib.

Hesabatdan görünür ki, 2025-ci ildə “Azərxalça”nın aktivləri kəskin azalıb. Belə ki, 2024-cü ilin sonunda 60,33 milyon manat olan aktivlər ötən il 45 milyon manata  qədər enib. Hesabatdan məlum olur ki, bunun əsas səbəbi şirkətin balansındakı torpaq, tikili və avadanlıqların dəyərinin 15,7 milyon manat azalaraq 24,9 milyon manata düşməsidir.

Hesabatın “Tikilməkdə olan tikililər” maddəsindən görünür ki, şirkət 14,7 milyon manat dəyərində yarımçıq qalmış obyektləri balansından çıxarıb. Lakin balansdan çıxarılan və tikintisi yarımçıq qalmış obyektlərin hansı layihələr olduğu, eləcə də onların hansı qurumun balansına verildiyi barədə məlumat açıqlanmır. Maliyyə hesabatından aydın olur ki, “silinmə” əməliyyatı “Azərxalça”nın aktivlərinin azalmasına ciddi təsir göstərib.

Şirkətin anbarlarında toplanmış hazır məhsulların dəyəri isə 10,6 milyon manatdan 11,8 milyon manata yüksəlib.

Dövlət şirkətinin eyni zamanda 1,4 milyon manat borc yükü mövcuddur. Bunun 1,02 milyon manatı kreditor borcları, 422,6 min manatı isə vergi öhdəlikləridir.

Hesabata əsasən, “Azərxalça” bir il ərzində kreditor borclarını 25,3 faiz azalda bilib.

Kreditor borclarından biri “AZƏRİPƏK” ASC-yə aiddir. Şəki İpək Kombinatının bazasında fəaliyyət göstərən “Azəripək” premium ipək xalçalarının toxunması üçün istifadə olunan təbii ipək saplarının əsas tədarükçüsüdür. Hesabat dövrünün sonuna şirkətin bu müəssisəyə 49,2 min manat borcu yarandığı qeyd edilir.

“Azərxalça”nın “NEOSOL” MMC-yə olan borcu isə 16,8 min manat təşkil edib.

“Digər kreditor borclar” bölməsi ümumi kreditor borclarının 93,5 faizini, yəni 953,7 min manatını təşkil etsə də, həmin borcların strukturu açıqlanmayıb.

Qeyd edək ki, “Azərxalça” ASC 2016-cı ildə yaradılıb. Prezidentin sərəncamı ilə “Azərxalça” Elmi Yaradıcılıq İstehsalat Birliyi ləğv edilərək dövlət şirkətinə çevrilib. Şirkətin nizamnamə kapitalı 15 milyon manatdır.

Ana səhifəXəbərlərPrezident Administrasiyasının “Azərxalça”ya 695 min, SOCAR-ın 107 min manatlıq borcu yaranıb