Azərbaycanda kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası həyata keçiriləcək. Bununla bağlı Torpaq Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsi Milli Məclisin komitə iclaslarında müzakirəyə çıxarılıb.
Torpaq Məcəlləsinə təklif edilən dəyişiklik hökumət tərəfindən kənd təsərrüfatı sahələrinin daha səmərəli idarə olunması kimi təqdim edilsə də, ekspertlər bunun kiçik fermerlər üçün təhlükəli nəticələr doğura biləcəyini bildirirlər.
Yeni qanun layihəsinə əsasən, torpaq mülkiyyətçilərinin razılığı və torpaq sahələrinin ekvivalent bazar dəyəri nəzərə alınmaqla torpaq sahələri birləşdirilə, bölünə və sərhədləri yenidən müəyyən edilə bilər. Nəticədə torpaq sahələri üzərində mülkiyyət hüquqları yenidən rəsmiləşdiriləcək. Rəsmiləşdirmə zamanı ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji, işıqlandırma və digər mühəndis-kommunikasiya infrastrukturu ilə bağlı dəyişikliklər də həyata keçiriləcək.
Layihəyə əsasən, torpaq sahələrinin ekvivalent bazar dəyəri bazar qiymətlərinə uyğun olaraq müstəqil qiymətləndirici şirkətlər tərəfindən müəyyən ediləcək.
Konsolidasiya kəndlilərə nə vəd edir?
Ekspertlər bildirirlər ki, yeni təkliflər əsasən kiçik pay torpaqlarına sahib olan kəndlilərə aiddir. Qanun qəbul ediləcəyi təqdirdə onların torpaq sahələri birləşdirilə və ya sərhədləri yenidən müəyyən edilə bilər. Bu zaman torpaq mülkiyyətçisinintorpaq sahəsi ölçüsünə görə deyil, bazar dəyərinə əsasən qiymətləndiriləcək. Məsələn, 2 hektar torpaq sahəsinə malik fermerin əmlakı 10 min manat dəyərində qiymətləndirilərsə, konsolidasiya zamanı ona eyni bazar dəyərinə malik, lakin sahəsi 2 hektardan kiçik olan torpaq sahəsi təklif oluna bilər.
Eyni zamanda, konsolidasiya nəticəsində verilən torpaq sahəsinin bazar dəyəri torpağın köhnə dəyərindən aşağı olarsa, aradakı fərq mülkiyyətçiyə kompensasiya şəklində ödəniləcək.
Ekspertlərin fikrincə, bu proses bir sıra problemlər yarada bilər. İlk növbədə, torpaq sahələrinin bazar dəyərinin nə dərəcədə şəffaf, obyektiv və ədalətli müəyyən ediləcəyi sual doğurur. Bundan əlavə, praktikada torpaq mülkiyyətçilərinin razılığı olmadan onların əmlakının dəyişdirilməsi və ya razı qalmadıqları kompensasiya məbləğinin təklif edilməsi ilə bağlı mübahisələr yarana bilər.
Mütəxəssislər hesab edirlər ki, nəticədə kiçik pay torpaqlarının iri fermer təsərrüfatlarının qurbanına çevrilməsi, kiçik təsərrüfatların rəqabət qabiliyyətinin zəifləməsi və onların infrastruktur imkanlarına çıxışının məhdudlaşması riskləri mövcuddur. Bu səbəbdən qanunun qəbulundan sonra kiçik və iri fermerlər arasında qarşıdurma və məhkəmə mübahisələrinin yaranacağı qaçılmaz olacaq.
“Torpaqların məcburi formada kəndlilərin əllərindən alınacağı halları yaranacaq”
Qanuna ediləcək dəyişikliyə şərh edən kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov Meydan TV-yə açıqlamasında bildirir ki, hökumət gələcəkdə yaranacaq yeni problemlərin əsasını qoyur:
“Sovet hakimiyyəti ona görə dağıldı ki, kolxozçular bir-birini bəhanə gətirib işləmək istəmirdi. Eyni məqsədli əmək alınmırdı. Ümumiyyətlə, Azərbaycanda da kollektiv işləməyə üstünlük vermirlər. İndi nə etmək istədiklərini hökumətdə oturanların özləri də bilmir. Əgər torpaqların konsolidasiyası adı ilə torpaqları birləşdirsələr, əmlak sahibləri arasında çox ciddi narazılıq yarana bilər. Görünür, burada da məqsəd odur ki, narazılıq olanda həmin torpaqları iri fermer təsərrüfatlarına, oliqarx məmurlara təklif etsinlər. Yəni belə problemlər meydana çıxa bilər. İnsanlara pay torpaqları vermişdilər. Onun bir hissəsini ələ keçirib aqroparklar yaradıblar. İndi daha böyük əraziləri ələ keçirmək istəyirlər. Ona görə də bu qanunlar, qaydalar çıxır. İnsanlara suvarma suyunu vermirlər, istehsal vasitələri, o cümlədən kombayn çatışmazlığı var. Keyfiyyətli toxum alınmasında, əldə olunan məhsulların bazara çıxarılmasında, onların anbarlarda saxlanılmasında problemlər mövcuddur. Bu problemləri həll etmək əvəzinə, əksinə, yeni problemlər yaradırlar”.
V.Məhərrəmov əlavə edir ki, prosedur olaraq torpaqları birləşdirmək, konsolidasiya prosesi çətin deyil. Onun sözlərinə görə, birləşdirmək üçün kəndliləri məcbur edəcəklər:
“Sonra əmlak sahibləri arasında ciddi narazılıqlar olacaq. İnsanların əməyə münasibəti fərqlidir, hər kəs əməyə eyni cür yanaşmayacaq. Biri az, digəri çox işləyəcək. Həmçinin vəsait bölgüsündə narazılıqlar yaranacaq. Hətta narazılıqlar məhkəmə çəkişmələrinə qədər gedəcək. Onsuz da torpaq bölgüsü ilə bağlı məhkəmə çəkişmələri çoxdur. İndi yenidən problemlər artacaq. Sonra da oliqarxlar torpağı ələ keçirmək üçün ərazisi olan kəndliləri özlərindən asılı vəziyyətə salacaq”.
Ekspert qiymətləndirmənin ədalətli olacağına dair şübhələrin olduğunu da qeyd edir:
“Azərbaycan torpaqları keyfiyyətinə görə fərqlənir, eyni zamanda harada yerləşməsi də dəyərinə təsir edir. İndi kim aparacaq o qiymətləndirməni, nə dərəcədə ədalətli olacaq? İş məhkəməyə gedərsə, Azərbaycanda məhkəmə ədalətli qərar çıxaracaqmı?”.
V.Məhərrəmov vurğulayır ki, kiçik pay torpağı sahiblərinə müxtəlif formalarda təzyiqlər artacaq. Xüsusilə, investisiya qoya bilməməsini, digər texniki məsələləri bəhanə gətirib torpaqların məcburi formada əllərindən alınması və hərraca çıxarılması halları yaranacaq.
Onun sözlərinə görə, hazırda ölkədə əkinə yararlı torpaqların hamısında əkin aparılır. Belə ki, pay torpaqları olan bəzi kəndlilər torpaqlarını əkin üçün iri sahibkarlara verirlər. Qarşılığında məhsul, ya da ödəniş alırlar.
“2013-cü ildən bəri ölkədə iri fermer təsərrüfatları, 2017-ci ildən isə aqroparklar yaradılıb. 50-dən çox aqropark var, 20-yə yaxın iri fermer təsərrüfatı var. Amma rəqəmlərə baxdıqda görürük ki, iri mülkiyyətçilər yaransa da, istehsal və məhsuldarlıq artmayıb. Problem getdikcə dərinləşir. Torpaqları ələ keçiriblər, amma orada işləməyi bacarmırlar. İndi bəhanə edirlər ki, guya kəndlilərin təsərrüfatları kiçik olduğu üçün işləyə bilmirlər və konsolidasiya baş tutarsa, daha məhsuldar istehsal edə bilərlər”, – deyə ekspert bildirir.
V.Məhərrəmov təcrübəsinə əsasən qeyd edir ki, kiçik təsərrüfatlarda məhsuldarlığı artırmaq daha asandır. Əsas odur ki, fermerlər su, gübrə, keyfiyyətli toxum və istehsal vasitələri ilə təmin olunsun.