Ermənistanın Baş naziri Nikol Paşinyan ölkədə keçirilən parlament seçkilərindən və Moskvanın ticarət məhdudiyyətlərindən sonrailk işgüzar səfərini iyulun 6-da Rusiyaya edib.
O, Yekaterinburqda rusiyalı həmkarı Mixail Mişustinlə həm təkbətək, həm də geniş tərkibli nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirib. Paşınyanın səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə nə rəsmi, nə də qeyri-rəsmi görüşünün baş tutmadığı bildirilir.
“Seçkilərdən sonra dialoq üçün yaxşı fürsətdir”
Paşinyan mətbuata açıqlamasında bildirib ki, Ermənistan Rusiya ilə münasibətləri inkişaf etdirməkdə qərarlıdır və Avrasiya İqtisadi İttifaqında (Aİİ) qalmaq istəyir:
“Bugünkü görüş münasibətlərimizin bütün aspektlərini müzakirə etmək, seçkilərdən sonra isə fikir mübadiləsi aparmaq üçün yaxşı fürsətdir. Ölkəmiz həm seçki öncəsi, həm də seçkidən sonrakı dövrdə Rusiya ilə əlaqələrin davamlı inkişafına sadiqdir və Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakda maraqlıdır”.
O, əlavə edib ki, Ermənistan Rusiya ilə iqtisadi və siyasi əməkdaşlığı davam etdirmək niyyətindədir və Aİİ çərçivəsində inteqrasiyanı vacib hesab edir.
Mişustin: “Əməkdaşlığın davamı vacibdir”
Mişustin isə bildirib ki, Moskva seçkilərdən sonra yeni Ermənistan hökumətinin Rusiya ilə əlaqələri “dostluq və mehriban qonşuluq ruhunda” davam etdirəcəyinə ümidlidir:
“Ermənistan hökumətinin rusiyalı investorlar üçün yaxşı şərait yaratmağa davam etməsi və onların hüquqlarını, qanuni maraqlarını qoruması vacibdir”.
O, həmçinin rusiyalı investorların Ermənistanda fəaliyyətinin qorunmasının və onların hüquqlarının təmin olunmasının vacibliyini vurğulayıb.
Seçki sonrası iqtisadi embarqolar və yasaqlanan məhsullar
Ermənistanda parlament seçkilərindən təxminən bir ay keçməsinə baxmayaraq, Rusiya tərəfinin Nikol Paşinyanı rəsmi şəkildə təbrik etməməsi diqqət çəkir. Bugünkü görüşün mətbuata açıq hissəsində də bu məsələyə dair hər hansı açıqlama verilməyib.
Eyni zamanda son aylarda Moskva ilə Yerevan arasında iqtisadi münasibətlərdə də böhran müşahidə olunur. Rusiya tərəfi sanitar qaydaları və keyfiyyət standartlarını bəhanə gətirərək Ermənistandan gələn konyak, spirtli içkilər, ərik, təzə meyvə-tərəvəz, çiçək və balıq məhsullarının ölkəyə idxalını tamamilə yasaqlayıb. İki ölkə arasında ticarət və logistika sahələrində yaranan bu kəskin məhdudiyyətlər Yekaterinburq görüşünün ən gərgin və əsas müzakirə mövzularından biri olub.
Münasibətləri qopma nöqtəsinə gətirən təhlükəsizlik və siyasi etimad böhranı
Kremlin rəsmi Yerevana qarşı bu soyuq münasibətinin və tətbiq etdiyi iqtisadi embarqoların arxasında tərəflər arasında yaranmış dərin təhlükəsizlik böhranı dayanır. Yerevan hesab edir ki, 2020-ci il Qarabağ müharibəsində və sonrakı sərhəd toqquşmalarında Rusiya və onun rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) Ermənistanı hərbi cəhətdən müdafiə etməyərək yarıyolda qoyub. Bu səbəbdən Paşinyan hökuməti ölkənin təşkilatdakı fəaliyyətini dondurub, paytaxtın Zvartnots hava limanından və bəzi sərhəd xətlərindən rusiyalı sərhədçiləri çıxarıb.
Digər tərəfdən, Ermənistanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsi və ölkəyə Avropa İttifaqının mülki müşahidə missiyasını gətirməsi Moskvanın kəskin qəzəbinə səbəb olub. Kreml Paşinyanın bu addımlarını və Qərblə yaxınlaşmasını “arxadan zərbə” kimi qiymətləndirir və Ermənistanı Aİİ ilə Avropa İttifaqı arasında seçim etməyə məcbur edir.