Bakı sakinləri etiraz edir: Su niyə qrafiklə verilir?

İçməli su. Foto: Aİ

Bir neçə gündür Bakının müxtəlif rayonlarında sakinlər su təchizatında yaranan fasilələr və təzyiqin azalması ilə bağlı şikayətlənirlər. Sosial şəbəkələrdə yayılan paylaşımlarda bəzi ərazilərdə suyun əvvəlki rejimdə verilmədiyi bildirilir.

Qurum su məhdudiyyətini texniki işlərlə izah edir

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti vəziyyəti su anbarlarında qəbul edilən suyun həcminin və sutəmizləyici qurğuların məhsuldarlığının artırılması məqsədilə aparılan texniki işlərlə əlaqələndirir. Qurumun məlumatına görə, bu işlərlə bağlı bəzi ərazilərdə suyun verilməsi müvəqqəti olaraq qrafik rejiminə keçirilib.

Məhdudiyyətlər Xətai, Nizami, Suraxanı, Binəqədi, Nərimanov, Yasamal, Sabunçu, Xəzər, Pirallahı və Nəsimi rayonlarının bəzi ərazilərini əhatə edir.

Hazırda tətbiq olunan qrafikə əsasən, Xətai və Nizami rayonlarının bəzi ərazilərində su 06:00-10:00 və 18:00-22:00 saatlarında verilir. Suraxanı rayonunda müxtəlif ərazilər üzrə 06:00-17:00, 06:00-19:00 və 22:00-01:00, Binəqədi və Nərimanov rayonlarında isə 06:00-20:00 rejimi tətbiq olunur. Yasamal rayonunun bəzi hissələrində su 06:00-10:00, 06:00-22:00 və ya 18:00-22:00 saatlarında verilir. Sabunçu rayonunda qrafik 08:00-12:00 və 22:00-02:00, Xəzər rayonunda 00:00-12:00, Pirallahıda 08:00-17:00, Nəsimi rayonunda isə 06:00-10:00 və 18:00-21:00 saatlarını əhatə edir.

Sakinlər nə deyirlər?

Suyun qrafik rejimində verilməsi sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bir sıra istifadəçilər yay mövsümündə su təchizatında məhdudiyyətlərin tətbiqi ilə bağlı narazılıq ifadə ediblər. Paylaşımlarda bəzi sakinlər yaşadıqları ərazilərdə suyun gün ərzində uzun müddət kəsildiyini, digərləri isə təzyiqin aşağı olması səbəbindən, xüsusilə çoxmərtəbəli binaların yuxarı mərtəbələrində problemlərin yarandığını bildiriblər.

“İşdən gəlmişəm, su kəsilib. Dərdimi kimə deyim, necə deyim? Növbəli qrafikə keçirilib. Yayda növbəli qrafik. Elə bil 90-cı illərə qayıtmışıq”, -istifadəçilərdən biri yazıb.

Başqa bir istifadəçi isə “Yeni Ramanıda da su yoxdur” sözləri ilə vəziyyətdən narazılığını ifadə edib.

Xətai rayonunda yaşayan başqa bir sakin isə paylaşımında “Gün ərzində heç yarım saat su verilmir. Verilən su da yuxarı mərtəbələrə qalxmır. Bu tədbirləri qabaqcadan etmək olmazdımı? Gərək suya ən çox ehtiyac olan vaxtda həyata keçirilsin?”-  sualını qaldırıb.

Bəzi istifadəçilər texniki işlərin isti hava şəraitinin davam etdiyi dövrə təsadüf etməsi ilə bağlı suallar qaldırıb. Digərləri isə problemin nə vaxt tam aradan qaldırılacağı və su təchizatının nə zaman əvvəlki rejimə qaytarılacağı barədə daha ətraflı məlumat verilməsini istəyiblər.

Bu problem ilk dəfə deyil

Bu, Bakıda son illərdə su təchizatı ilə bağlı yaranan ilk problem deyil. Ötən ilin yay aylarında da paytaxtın və Abşeron yarımadasının müxtəlif ərazilərində suyun qrafiklə verilməsi və təzyiqin azalması ilə bağlı şikayətlər qeydə alınmışdı. Həmin vaxt da aidiyyəti qurumlar səbəb kimi artan tələbatı, isti hava şəraitini və infrastrukturun yüklənməsini göstərmişdilər.

Su təsərrüfatına yüz milyonlarla manat ayrılır

Su təchizatı ilə bağlı problemlər fonunda son illərdə bu sahəyə ayrılan dövlət vəsaitləri də diqqət çəkir. Rəsmi məlumatlara görə, 2024-cü ildə su ehtiyatlarının idarə olunması və infrastrukturun təkmilləşdirilməsi məqsədilə dövlət büdcəsindən 539,7 milyon manat vəsait ayrılıb. 2025-ci il üçün isə bu istiqamətdə nəzərdə tutulan vəsait 546 milyon manat təşkil edib.

Hazırda İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti tənzimləmə işlərinin davam etdiyini və su təchizatının yaxın günlərdə normal rejimə qaytarılmasının planlaşdırıldığını bildirir.

Ana səhifəSosialBakı sakinləri etiraz edir: Su niyə qrafiklə verilir?